Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın doğum gününə

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Açıqladığımız təqvimdə bu gün dünyaya gələn tanınmışların sırasında bir isim də gördünüz: Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın ismini. Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anadan olmasının 111-ci ildönümü tamam olur.

Xatırlayırıq və anırıq.

 

Uşaq vaxtı hansı qız “Kuklam” mahnısını oxumayıb? Yaxud, hansı musiqisevər “Evimizə gəlin gəlir” mahnısından feyziyab olmayıb? 

Ağabacı Rzayeva 1912-ci ildə dekabrın 15-də Bakıda ziyalı ailəsində anadan olub. Ağabacı Pedaqoji texnikumu bitirib, bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edib. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alıb.

Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin kompozisiya sinfində təhsil alıb, onun ən sevimli tələbələrindən biri olub. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyli, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyiblər. Bir il sonra o, Üzeyir Hacıbəylinin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olub, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini alan ilk qadın-bəstəkardır.

Ağabacı Rzayevanın bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olub. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilib. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət edib. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırıb.

Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən “Neftçi Qurban”, ata-anaların gözlərini sevincdən yaşardan “Evimizə gəlin gəlir”, “Oxuma gözəl”, “Çoban Qara”, balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan “Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan “Kukla” mahnısı ona xalqın rəğbətini qazanıb.

Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin “Höcət eləmə” (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, “Ögey ana” dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz-Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələnib (“Çiçəklənən yurdum”, “Azərbaycan”, “Bəxtiyar ellər”, “Dilbərim”). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət edib, məsələn, “Ey pəri” və “Evimizə gəlin gəlir” kimi məşhur mahnılarına bənzərsiz möhür vurub.

Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib.

1975-ci il iyulun 5-də 63 yaşında Bakıda vəfat edən bəstəkar İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)