Səkinə İsmayılova: “Rübabə xanıma salam verirdim, salamımı almırdı” Featured

Rate this item
(0 votes)

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib müğənni Səkinə İsmayılovadır. Ondan müsahibə1998-ci ilin fevralında  götürülüb.

 

SƏN SEHRKARSAN, SƏKİNƏ

 

Müsahibimiz Azərbaycan Dövlət Opera və Balet Taetrının solisti, Xalq artsiti Səkinə İsmayılovadır.

 

-Səkinə xanım, indiki şöhrətinizin zirvəsindən baxanda sənətə ilk gəldiyiniz anları necə xatırlayırsınız?

 

-Mən hüquqşünas olmaq istəyirdim. Bizim məktəbdə əslən qarabağlı olan Vidadi Xəlilov adlı bir musiqi müəllimimiz var idi. O bir dəfə mənə dedi ki, qızım, hamı hüquqşünas ola bilər, amma hamıda səndəki kimi səs yoxdur. Səndən yaxşı xanəndə ola bilər. Bu sözlər mənim gələcək taleyimi müəyyən etdi. Xalq artisti adını alanda Vidadi müəllim zəng edib dedi ki, mənə sürprizi var. Bu sürprizin altıncı sinifdə oxuduğum iki mahnının lent yazısı olduğunu biləndə, bu gözəl insana minnətdarlığımı necə ifadə edəcəyimi bilmirdim.

 

-Hər bir xanəndə özündən öncəki hansısa sənətkara vurulur, onun tərzini mənimsəyir, repertuarını təkrarlayır, neçə illər onun təsirindən çıxa bilmir. Siz sənətə kimə vurulub gəlmisiniz?

 

-Səhnəyə Zeynəb xanımı görüb gəlmişəm. Mən uşaq və yeniyetmə olanda Zeynəb xanım təkcə mənim yox, sənətə gələn hər bir qızın pərəstiş ünvanı olub. Amma bütün ömrüm boyu sənətinə böyük hörmət bəslədiyim sənətkar Rübabə Muradovadır. Sonra tale elə gətirdi ki, Rübabə xanımla eyni teatrda işləməli oldum.

 

-Rübabə xanım Leyli rolunun Opera Teatrı səhnəsində ən uzunömürlü ifaçılarından biridir. Yaşlı müğənnilər gəncləri adətən gülə-gülə qarşılamırlar. Teatra gələndə Rübabə xanımdan necə münasibət gördünüz?

 

-O, bir qədər sərt, ağır təbiətli xanım idi. Həyatda çox ağrılar, acılar yaşamışdı. Doğulub böyüdüyü Ərdəbil şəhərindən ömürlük uzaq düşmüşdü. Bu, şəxsi həyatından gələn ağrı-acıları bir az da artırırdı. Rübabə Muradova Leyli rolunu təkcə mənə yox, hər bir xanəndəyə, hətta Füzulinin özünə belə qısqanırdı. Mən səhnəyə gələndə o artıq 50 yaşını keçmişdi. Çoxları belə bir yaşlı müğənninin gənc qız rolunda səhnəyə çıxmasını normal saymırdı. O isə bu söz-söhbətlərə önəm verməyir, “mən səhnəyə Leyli kimi gəlmişəm, Leyli kimi də gedəcəm, qoy, kim nə deyirsə-desin” deyirdi. Salam verirdim, salamımı almırdı. Bir dəfə soruşdum ki, ay Rübabə xanım, mən sizə neyləmişəm, mənim salammımı niyə almırsınız? Qayıtdı ki, mən yalandan gülə bilmirəm.

 

-Opera Teatrı öz qapılarını hamının üzünə taybatay açmır. Necə oldu ki, belə asanlıqla teatrın kollektivinə daxil ola bildiniz?

 

-Mən Operaya 1980-ci ildə Konservatoriyanın muğam sinfini bitirəndən sonra Leyli roluna dəvət olunmuşam. Leyli ifaçılarından Rübabə xanım dediyim kimi artıq yaşlaşmışdı. Zeynəb xanım xarici ölkələrdə qastrol səfərlərində olurdu. Bircə qalırdı, Nəzakət Məmmədova. Rübabə xanımdan fərqli olaraq, o məni səmimiyyəytlə, həssaslıqla qarşıladı. Onun mənə yaxşılığını heç vaxt unuda bilmərəm. Böyük səhnə plastikasına, qeyri-adi artistlik məharətinə malik olan bu zərif xanım çox gözəl insan idi. Məşqlərimin necə getməsi ilə daim maraqlanır, mənə mənəvi dayaq olmağa çalışırdı. İlk tamaşam olan gün onun böyrəklərinin sancısı tutmuşdu. Amma tamaşa zalını mənə görə axıra qədər tərk etmədi. Tamaşa bitəndən sonra gəldi pərdənin arxasına, məni qucaqlayıb üzümdən öpdü, təbrik elədi, dedi ki, mən ilk dəfə Leyli roluna çıxanda təbrik edən olmadı, istəmirdim ki, səninlə də belə olsun. Ona görə böyrəyimin ağrısına baxmayaraq, tamaşaya axıra qədər baxdım. Mənə ürək-dirək verirdi ki, heç nəyə fikir vermə, mən də səhnyə təzə gələndə mənə soyuq sifət göstərənlər var idi.

 

-Səkinə xanım, bu gün siz Xalq artisti, adlı-sanlı sənətkarsınız. Şöhrətiniz Azərbaycanın hüdüdlarını aşaraq dünyanın müxtəlif ölkələrinə yayılıb. Bu gün də səhnəyə yeni leylilər gəlir. Bəs, onlar necə, vaxtilə Rübabə xanımdan gördüklərinizi sizdən görmürlər ki?

 

-(dərindən nəfəs alır, köks ötürür. Pauza verir...) Yox...

 

-Sizdən əvvəlki nəsil müğənnilərin ən parlaq nümayəndəsi kimi Zeynəb xanımın adı mahnı ifaçılığı tarixinə gətirdiyi şuxluq, dinamizm, rəqs elementləri ilə düşüb. Ondan sonrakı nəslin ən parlaq nümayəndəsi kimi siz sənətə gətirdiyiniz yeniliyi nədə görürsünüz?

 

-Muğam üçlüyü ilə çıxış edən ilk qadın xanəndəsi olmağı Allah mənə qismət edib. Qadınlardan ibarət ilk muğam üçlüyünü də mən yaratmışam. Mən qaval çalan ilk xanəndə qadınam. Əvvəllər qadınlar ya ümumiyyətlə qaval götürməz, ya da forma üçün götürsələr də, qaval çalmazdılar.

 

-Bəs, necə oldu ki, siz bu ənənəni qırdınız?

 

-Bakı və Hyuston şəhərlərinin qardaşlaşması münasibətilə keçirilən konsertdə muğam üçlüyü ilə çıxış etməli idim. Mədəniyyət naziri Polad Bülbüloğlu dedi ki, qavalı özün çalmalısan. Çünki qoşa nağara əlavə olunsa, bu artıq trio yox, kvartet olacaq. Bu təklif əvvəlcə o qədər də ürəyimcə olmadı, amma indi fikirləşirəm ki, nə yaxşı belə olub. İndi görürəm ki, gənc müğənnilərin çoxu qaval çalmağı özlərinə borc bilirlər.

 

-Niyə muğamlar üstündə ən çox Füzulinin qəzəllərini oxuyursunuz?

 

-Füzulinin qəzəllər divanı mənim stolüstü kitabımdır. Onu çox oxumaq sənətçiyə ruhən təmizlənməyə, özünüdərk etməyə kömək edir. Amma gərək oxuduğun qəzəlin mənasını dərk edəsən. Əgər başa düşmürsə, xanəndə Füzulinin qəzəllərini dilinə gətirməməlidir. Bu, günahdır. Ondansa, götürüb daha asan, anlaşıqlı Vahidi oxusunlar.

 

-Toylara gedirsiniz?

 

-Xanəndənin toyda oxuması təbii və vacibdir. Mən toyda oxumağı xanəndə üçün əskiklik saymıram. Əvvəllər həyat yoldaşım icazə vermədiyindən toylara gedə bilməmişəm. Bir dəfə on min manat müqabilində məni toya dəvət edirdilər. Toy sahibi övladı hələ körpə olarkən əhd edibmiş ki, oğlumun toyuna Səkinəni dəvət edəcəm. Nə qədər təkid etdi, hətta daha böyük məbləğ təklif etdisə də, yoldaşım razı olmadı. Sonra eşitdim ki, toya Mələkxanımı dəvət ediblər. Amma indi hamının yeyib-içdiyi, şənləndiyi, söhbət etdiyi, oynadığı, yəni mahnıya diqqətlə qulaq asılmadığı bir yerdə oxumağı özüm də istəmirəm.

 

-Ailə vəziyyətiniz barədə nə deyə bilərsiniz?

 

-Ailəliyəm, həyat yoldaşım öz bibim oğludur və mühəndisdir. Qızım Bibixanım orta məktəbin beşinci sinfində oxuyur.

 

-Qızınızın gələcəkdə müğənni olmasını istərdinizmi?

 

 

-Qızımın musiqi qabiliyyəti var. Özü də arzu edirdi ki, incəsənətlə məşğul olsun. Amma mən onu bu fikirdən daşındıra bildim. İstəmirəm sənətin enişli- yoxuşlu yollarında mən gördüklərimi o da görsün. İngilis dilini yaxşı bilir, dilçi olmağa hazırlaşır.

 

-Belə bir fikir var ki, sənətçi qadının ailə sahibi olması çətindir və hətta mümkün deyil.

 

-Bu, yanlış fikirdir. Elə etmək olar ki, həm təmiz ailən olsun, həm də sənəti atmayasan. Bizim də ailədə bu mövzuda çox söz-söhbət olub, amma son nəticədə ortaq dil tapa bilmişik.

 

-İdeal sənətçi qadını necə görürsünüz?

 

-Təbii olan, amma bu təbiilik içində özünün kim olduğunu, hər şeydən əvvəl, bir müsəlman qadını, sonra isə bir ailənin xanımı olduğunu unutmayan adam.

 

-Müsəlmanlığın hansı vacib tələblərinə əməl edirsiniz?

 

-Dörd ildir ki, oruc tuturam, özümü dinə, Allaha bağlı adam hesab edirəm.

 

-Sizcə, Səkinə xanım necə adamdır?

 

-Ayağını yorğanına görə uzadan, özünə tənqidi yanaşan bir adamdır. Bir az romantikdir. Kin saxlamır, düşmənini də bağışlayır. Çox mərhəmətlidir, taksi pulunu dilənçiyə verib, özü piyada gedər.

 

-Gözəl bir xanım kimi kino çəkilişlərinə dəvət almısınızmı?

 

-“Nizami” filmində Afaq roluna dəvət almışdım. Evdən razı olmadıqlarından imtina etməli oldum.

 

-Həyatda ən çox sevindiyiniz və kədərləndiyiniz anlar nə vaxt olub?

 

-Ən xırda şey belə məni sevindirir. Mağazada qəşəng bir kukla da görəndə sevinirəm.

 

-Onda sizin evdə çoxlu kukla olar?

 

-Doludur ev (gülür, sonra düşüncəli bir tərzdə). Çox duyğusal olduğumdan tez kədərlənirəm. Məni ən çox haqsızlıq kədərləndirir.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Füzulinin qəzəllər kitabını.

 

 “Ədəbiyyat və incəsənət”

(12.12.2023)