Baba Mahmudoğlu: “Niyazı dedi ki, sənin səsin özündən altı dəfə ağırdı” Featured

Rate this item
(0 votes)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib Xalq artisti Baba Mahmudoğludur. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.

 

“NİYAZİ DEDİ Kİ, SƏNİN SƏSİN ÖZÜNDƏN ALTI DƏFƏ AĞIRDI”

Xalq artisti Baba Mahmudoğlu ilə dəniz kənarında görüşüb söhbət etdik. Həmin gün qəzetlərdən birində dərc olunmuş “Baba Mahmudoğlu acından ölür”sərlövhəli məqalə ilə bağlı olaraq bütün jurnalistlərdən narazı qalsa da, bizimlə çox səmimi söhbət etdi. Çünki onu az-çox tanıyan hər kəs çox gözəl bilir ki, sözün doğrusunu demək, səmimiyyət Baba Mahmudoğlunun xarakterinin əsas cəhətidir. Və elə bu cəhəti sənətin çətin yollarında irəliləməsinə az mane olmadığı kimi, ona kömək də edib.

 

- Baba müəllim, şükür Allaha, sağ-salamatsınız. “Baba Mahmudoğlu acından ölür” məqaləsini oxuyub lap narahat olmuşduq.

 

-Jurnalist gərək müsahibinin fikrini əvvəlcə düzgün qavrasın, sonra isə nöqtə-vergülünə belə toxunmadan qələmə alsın. Mənim Nizami Xudiyevə böyük hörmətim var. Amma müxbir yazıb ki, guya mən onu televiziyadakı rüşvətxorluğa göz yummaqda ittiham edirəm. Halbuki, o, “televiziyadakı rüşvətxorluqdan, sizcə, Nizami Xudiyevin xəbəri yoxdurmu?” deyə sual edib, mən isə “əgər siz deyən kimidirsə, televiziyada rüşvət varsa və Nizami Xudiyev də buna göz yumursa, bu çox mənfi haldır” demişəm. Televiziyanın mənə münasibəti həmişə yaxşı olub. Hələ təxminən 20-25 il əvvəl televiziyanın keçirdiyi “Ən çox hansı müğənnini ekranda görmək istəyirsiniz?” sorğusunda tamaşaçılar ən çox mənim adımı çəkmişdi. İkinci yeri Zeynəb xanım tutmuşdu.

 

- Hətta Zeynəb xanımı belə üstələmişdiniz?

 

- Zeynəb xanım çox böyük sənətkardır, nə qədər ki Zeynəb xanım sağdır, nə qədər ki, Zeynəb xanım səhnədədir, ikinci heç bir Azərbaycan müğənnisi onun qədər sevilə bilməyəcək. Mən uzun müddət fikirləşib, Zeynəb xanımın böyük uğurunun, sirrinin şifrəsini açmışam. O oxuduğu mahnının dinamikasını daxili bir  dramatizmlə açıb göstərir.

 

- Zeynəb xanımın sənətinə bəslədiyiniz bu böyük sevgiyə baxmayaraq, opera səhnəsində onunla tərəf müqabili olmamağınız qəribə görünür...

 

- Buna Ələkbər Tağıyev imkan vermədi. Görünür, bizim temperamentlərimizdə də fərq var idi. Məsələn, mən Məcnunu çox emosional, coşqun səpkidə oynayırdım. Zeynəb xanımın ifa tərzi bir az başqa cür idi. Bunu yaxşı başa düşən Ələkbər Tağıyev ona məsləhət görmüşdü ki, sən Baba ilə oynama, sizinki alınmaz. Ələkbər çox ağıllı adam idi.

 

- Nəzakət Məmmədova və Rübabə Muradova dediyiniz tələblərə cavab verə bilirdilərmi?

 

- Toy səhnəsinə qədər Nəzakətin ifası xoşuma gəlir. Nəzakət 13-14  yaşında qızın hiss-həyəcanlarını psixoloji dəqiqliklə verə bilirdi. Utananda belə, bakirə utanırdı. Toy səhnəsindən sonrakı faciəvi səhnələrdə Rübabə xanım əvəzolunmaz idi.

 

- İndki leylilərdən kim xoşunuza gəlir?

 

- Nəzakət Teymurovanın ifası az-maz Nəzakət Məmmədovanı yada salır.

 

- Qayıdaq, acından ölmək məsələsinə, maddi durumunuz necədir?

 

- Mən həmin müxbirə də demişdim ki, çox pis. Amma bu o demək deyildir ki, acından ölürəm. Mən Opera Teatrının aparıcı aktyoru kimi aya on altı şirvan maaş alıram. Təbii ki, bununla yaxşı yaşamaq olmaz.

 

- Toylara getmirsiniz?

 

- Yox.

 

- Sonuncu dəfə nə vaxt toyda olmusunuz?

 

- Üç-dörd il əvvəl.

 

-Təxminən on-on beş il əvvəl sizin rəhbərliyinizlə “Dastan” ansamblı fəaliyyət göstərirdi. “Dastan” niyə yarandı və hara yox oldu?

 

-  (gülərək) Mən Qazağın Muğanlı kəndində doğulmuşam. Qazmada yaşayırdıq. Dünyadakı nənələrin ən gözəli olan bir nənəm var idi. Gözümü açandan divardakı rəfdə bir çaydan görmüşdüm. Nənəm ondan heç vaxt istifadə etməzdi. Bir dəfə nənəmdən soruşdum: “Ay nənə, bu çaydanda nə vaxt çay qoyacaqsan?” Dedi: “Heç vaxt. Bu çaydan mənə ulu babamdan cehizdir, tozunu alıram, ki, təzə qalsın”. Xalq mahnıları nənəmin çaydanıdır. Gərək tozunu alasan ki, gələcək nəsillərə ötürə biləsən.

 

-        “Dastan” xalq mahnılarının tozunu ala bildimi?

 

-        Bir az...

 

-        Uzun müddət dünya şöhrətli Rəşid Behbudovun ansamblında işləmisiniz. Onunla bağlı xatirələriniz çox olar.

 

-        Bir dəfə Hindistanın Dehli şəhərində Rəşid Behbudovun 70 illik yubileyi qeyd olunurdu. Xahiş etdilər ki, məclisi mən aparım. Bir az çıxış etdikdən sonra birdən qayıtdım ki, Rəşid müəllim, deyirlər, siz çox xəsis adamsınız. Bu doğru sözdür? Dedi ki, düz deyirlər, mən hər sarsaq-sursağa pul xərcləmirəm.

 

-        Rəşid Behbudovun sizi ansambla dəvət etməsi necə olmuşdu?

 

-        Rəhmətlik bir gün dedi ki, bir muğam oxu. Bir “Çahargah” oxudum. Mən Azərbaycanda ən uzun zənguləli və ən uzun nəfəsli oxuyan olmuşam. Bir “Mənsuriyyə” oxudum ki, gəl görəsən... Bəyəndi deyəsən məni. Dedi: “Oğlum, səndən əvvəl bura başqa bir oğlanı çağırmışdım, çox gözəl oxuyurdu. Dedim ki, dur ayaq üstə, durdu. Gördüm boyu çox balacadır. Dedim ki, bir ansamblda iki balacaboy adam olmaz.” Axı, Rəşidin özünün də boyu balaca idi. Yəni demək istəyirəm ki, Rəşid Behbudov qədər Azərbaycan musiqisində özünə, başqalarına qarşı diqqətli olan ikinci adam tanımıram.

 

-        Bəs, ikinci balacaboy kim idi?

 

-        (tərəddüd etdiyi hiss olunur) Alim Qasımov...

 

-        Opera Teatrına  dəvət almağınız necə olub?

 

-        Bir dəfə Opera teatrına qəbul olunmaq üçün müsabiqə elan olunmuşdu. Mən də bəxtimi sınamaq qərarına gəldim. Müsabiqədə 183 nəfər iştirak edirdi. Növbə mənə çatanda bir “Kürd-Şahnaz” oxudum. Jürinin sədri durdu ayağa ki, tarzən və oxuyan oğlan yanıma gəlsinlər. Yarı yolda tarzən mənə dedi ki, sən çaldın. Jürinin sədri Niyazi, tarzən isə Bəhram Mansurov idi. Niyazi hər iki əli ilə böyürlərimdən tutub, məni dik qaldırdı. Soruşdu: “Çəkin nə qədrədi?” Dedim ki, 53 kilo. Üzünü jüri üzvlərinə tutub dedi: “Bu oğlanın səsi çəkisindən altı dəfə böyükdür.” Soruşdu ki, səni İtaliyaya göndərsək, getmək istəyərsənmi? Qayıdandan sonra operada aparıcı solist olacaqsan. Mən belə bir şey gözləmirdim. Mənim ən böyük arzum bu idi ki, məni xora-zada götürsünlər. Əlövsət Sadıqov Məcnunu oynasın, mən də səhnədə onunla bir yerdə olum.

 

-        Son vaxtlar Məcnunu niyə oynamırsınız?

 

-        Görünür, teatrın müdiriyyəti bu fikirdədir ki, gənclər oynasa, daha yaxşı olar.

 

-        Sənət həyatınızda nə kimi yeniliklər var?

 

-        “Görüşünüzə gəlmişəm” adlı yeni albomum çıxıb. Yaxın vaxtlarda İran və Almaniyaya səfərim var.

 

-        Gənc qalmağınızın sirrini nədə görürsünüz?

 

-        Həyat yoldaşım Amaliya xanımda. O, iki övlad anasıdır. Üçüncü övladı mənəm. İndi balaca uşaq kimi qəzet oxuduğum yerdə məni yedirdir.

 

-        Gənclik illərində sizə sevgi məktubları yazan çox olardı...

 

-        (gülümsəyir) O qədər!.. Amma mən həyat yoldaşımdan başqa heç kəsi sevməmişəm.

 

-        Amma bir vaxtlar şaiyələr gəzirdi ki, guya sevgi məktublarına biganə deyilsiniz. Hətta buna görə həbsə də düşmüsünüz.

 

-        (təəssüflə) Şaiyəyə bax e, sən Allah! Mən həbsdə olmuşam, amma ev üstündə. Kooperativ mənzil almaq üçün bizdən pul yığmışdılar. Sonra məlum oldu ki, bu, rüşvət imiş. Biz də dünyadan bixəbər. Düz 38 gün içəridə qaldıq. Rəhmətlik Eyvaz Həsənov da mənimlə bir yerdə idi. Bu iş üstündə tutulanları “Baba Mirzəyevin qruppası” adlandırırdılar.

 

-        Mahnı oxuyarkən gözlərinizi niyə yumursunuz?

 

-        Çünki onda ətraf aləmi unudub, mahnının dünyası ilə yaşayıram.

 

-        Gözlərinizi açmaq fikriniz yoxdur? Axı, dünya dəyişir...

 

-        Mən romantikəm. amma görünür ki, gözümü açmalı olacağam.

 

-        Son sualımı da elə romantik akkordla vuracağam. Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

-        Mən vicdanımı götürərdim...

 

 “Ədəbiyyat və incəsənət”

(11.12.2023)