Yenə göy üzünü bulud aldı, yar… - Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin doğum günüdür Featured

Rate this item
(14 votes)

Heyran Zöhrabova, " Ədəbiyyat və incəsənət" 

 

Yar gəlir görüşə, gözüm aydın yar. 

Sürüşə-sürüşə, gözüm aydın. 

İslanıb üstü-başı 

Yaz yağışından yarımın, 

Tökülür bir can alan 

Naz baxışından. 

Ah! Qurbanam nazına, 

Yurdumun qızına, 

Qışına, yazına, 

Ah! Bal kimi sözünə, 

Qap-qara gözünə,

Ay kimi üzünə. 

Gülüm xoş gəlmisən, mənimkisən. 

Ay ötür, il dolanır 

Öz gözəlimsən, gözəlim 

Ay ötür, il dolanır, 

Öz gözəlimsən. 

 

Tofiq Quliyev bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biridir. 

 

Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 

1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsində S.İ. Turiçin sinfində təhsil almışdır.

1931-ci ildə hələ 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin "Uşaq və buz" şeirinə "Dərsə gedən bir uşaq" adlı nəktəbli mahnısını bəstələmişdir.

1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, eyni zamanda iki fakultədə fortepiano və dirijorluq sənəti üzrə təhsilini davam etdirmişdir.

O, konservatoriyada R.M.Rudolfun sinfində polifoniya, harmoniya, musiqi forması dərsləri almış. Dahi bəstəkar Üzeyir Hacıbəyovdan xalq musiqisinin əsaslarını və muğam sənətinin sirlərini öyrənmişdir.

1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, drijor vəzifəsində çalışmışdır.

1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçi ilə birlikdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakultəsində təhsilini davam etdrimişdir. 

Bir müddət H.Y.Neyqauzdan fortepiano dərsləri almışdır.

1937-1939-cu illərdə A.N.Tfasmanın Ümumittifaq Caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərmişdir.

1939-cu ildə Bakıya dönərək Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaratmışdır.

1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Estrada Orkestri çıxış etmişdir və onun adı musiqi tariximizə  Azərbaycan estrada və milli caz musiqisinin banisi kimi yazılmışdır.

1948-ci ildə yenidən Moskvaya gedərək konservatoriyanın üçüncü kursuna daxil olaraq drijorluq və kompozisiya üzrə yəhsilini davam etdirmişdir.

1951-ci ildə Koservatoriyanı bitirərək drijorluq üzrə Aspiranturaya daxil olmuşdur. 

1954-cü ildə Aspiranturanı bitirmişdir.

1954-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etmiş, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1957-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqı İdarə Heyyətinin üzvü seçilmişdir

1959-cu ildə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

1958-1959-cu illərdə M.Maqamayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-1964-cü illərdə isə direktoru vəzifəsində işləmişdir. 

1968-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 

1990-200-ci illərdə, ömrünün sonunadək Azərbaycan Bəstəkarlar ittifaqının sədri olmuşdur.

2000-ci il oktyabr ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. 

 

O, müxtəlif illərdə "Azərbaycanın Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin fərmanı ilə Azərbaycanın "Xalq Artisti" fəxri adına layiq görülmüşdür.

O, həmçinin "Musiqi mədəniyyəti" ixtisası üzrə professor adına layiq görülmüş və  "İstiqlal ordeni" ilə təltif olunmuşdur. 

 

"İyirminci bahar", "Səbuhi", "Qayğı", "Nəsimi", "Görüş", "Qızmar günəş altında", "Qaynana", "Ögey ana", "Bəxtiyar", "Onu bağıslamaq olarmı", "Möcüzələr adası", "Telefonçu qız", "Dərviş Parisi partladır", "Şir evdən getdi" "Qayıdış" kimi bir çox filmə müsiqi bəstələmişdir. 

 

"Ağacda leylək", "Axşam mahnısı", "Dostluq mahnısı", "Bakı haqqında mahnı", "Neftçilər mahnısı", "Axşam görüşləri", "Arzular", "Darxıma," "Əziz surət", "Qızıl üzük", "Mehriban ailəyik", "Mən ki səni sevirəm", "Pəncərəmə qondu çiçək", "Sənə də qalmaz", "Tez gəl", "Yar gəlir görüşə" kimi bir-birindən gözəl bir çox mahnıya can vermişdir. 

 

O, eyni zamanda 30-dan çox tamaşaya musiqi bəstələmiş, "Turacı" kimi bir neçə xalq rəqsini fortepiano üçün işləmiş, "Rast", "Zabul", "Segah" muğamlarını nota almaqla bərabər, onları fortepiano üçün hazırlamışdır. 

 

Və sonda xüsusi ilə onu da qeyd etmək istərdik ki, Bakı Metropoliteni "Əhmədli", "Xalqlar dosluğu", "Neftçilər", "Ulduz" stansiyaları üzrə qatarlarda səsləndirilən "Bakı", "Əziz dost", "Dostluq və yaxud neftçilər haqqında mahnı", "Tez gəl" musiqi parçalarının bəstəsi də Tofiq Quliyevə məxsusdur. 

 

"Biz bu dünyadan hamımız gedəcəyik, ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır."

Heydər Əliyev

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2923)