“Hərdən dərsə gecikəndə bilməzdik, Gecikməyin əzabları necədir” - Bir mahnının tarixçəsi Featured

Rate this item
(10 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi

Aman Allah, nə xoşbəxtdik biz onda! 

 

Bir müəllim töhmətiydi dərdimiz,

Bu töhmətdən için-için yanardıq.

Hələ onda bilmirdik ki, bunu biz

Bir gün necə həsrət ilə anarıq. 

 

Bu dünyada qara rəngdə bizimçün

Təkcə yazı lövhəsiydi elə bil,

Al-əlvandı ötən günlər, saatlar

Yamyaşıldı ömrümüzə gələn il. 

 

Hər dəfə eşitdiyimizdə gözümüzün qarşısında 11 illik məktəb həyatımızın acılı-şirinli ən yadda qalan epizodlarının, əlifba bayramının, son zəngin canlandığı Lalə Məmmədovanın ifasındakı o “Məktəb illəri” mahnısı…

"Məktəb illəri, hər anı bir ömrə bərabər qayğısız günlərim."-, deyəndə nəyi nəzərdə tuturdu sizcə Kəmalə Abıyeva? 

 

Yazılanı bir silgiylə pozmaq da

Bizim üçün nə asandı, nə asan

Xəbərsizdik ömrümüzə biz hələ

Tanrı yazan pozulmayan yazıdan. 

 

Hərdən dərsə gecikəndə bilməzdik,

Gecikməyin əzabları necədir.

Hansı dərsi danışsaydıq o saat,

Bilərdik ki, qiymətimiz neçədir. 

 

Bu dünyanın bütün varı, dövləti,

Bizim üçün bir çantaya sığırdı.

Eyni yolu qət etsək də hər səhər,

Bu yollardan sevinc, ümid yağırdı. 

 

Çox sevdiyimiz bir müəllimimiz var idi, bu günə qədər yadımdadır, 11-ci sinifdə oxuduğumuz dövrlərdə, bütün sinif yoldaşlarımın dərsdə olduğu bir gün bizə belə bir nəsihət etmişdi:

"Baxın uşaqlar, bu günlərinizin qədrini bilin və bu günlərinizi doya-doya yaşayın, çünki gün gələcək, bu gün olduğu kimi hamınızı bu cür bir yerə toplamaq mümkünsüz olacaq artıq. Bəlkə bir gün yenə bir araya gələ biləcəksiniz, amma mütləq bir əksiyiniz olacaq hər zaman."

Günlər keçdi və biz 11-ci sinifi bitirib doğma məktəbdən məzun olduq. Hər kəs özünə bir yol seçdi, kimi iş həyatına atıldı, kimi sənədlərini ali məktəbə, kimi kollecə verdi. Kimi evləndi, kimi də əsgər getdi və beləcə 11 ildə doğmalaşdığımız sinif yoldaşlarımızla yollarımız ayrıldı. Aradan illər keçib, şükür Allaha, hamı sağ və salamatdır.  Amma paralel sinifimizdən bir şəhid qardaşımız var, onu anmaya bilmərəm. Fəqət, bu gün hamımız bir yerə toplaşıb köhnə günləri yad etmək istəsək, neçə nəfər dəvəti qəbul edib gələ bilər, bilmirəm. Əminəm ki, kiminə zaman uyğun gəlməz, kiminə məkan, kimi gündəlik qayğılarından heç vaxt tapmaz, bəlkə kiminin cibində pulu olmaz gəlməyə,  utanar, bəlkə kimi də gəlməyə icazə ala bilməz yoldaşından. Çünki artıq hamının öz həyatı, öz məsuliyyət və qayğıları var.  Həm hamımız bir araya gələ bilsək belə heç birimiz o uşaqlar deyilik daha.

Bu gün hər birimiz  fərqli qayğılarla yüklənmiş, fərqli dünya görüşü, fərqli düşüncələrlə, fərqli həyatlar yaşayan bir zamanların doğma, bu günün yad insanlarıyıq.

Bəlkə də elə müəllimimiz o zaman əksik deyəndə bunu nəzərdə tuturdu kim bilir?!.. 

 

Bir məktəbin binasaydı yuvamız,

Neçə evdən bir ünvana gələrdik.

Bu binanı ən möhtəşəm, ən gözəl

Saraylardan doğma, üstün bilərdik.

 

Hələ onda bu dünyanın şərindən, 

Yalanından xəbərimiz yox idi.

Hələ onda kədərimiz bir damcı

Hələ onda sevincimiz çox idi. 

 

Musiqisi Aygün Səmədzadəyə məxsus olan məktəb illəri mahnısının sözlərinin müəllifi olan Kəmalə Abıyeva da bu mahnıda bir baxıma bu mövzuya toxunub əslində.

O müsahibələrinin birində məktəb illəri mahnısını necə yazdığından danışarkən belə söyləyib:

"1998-ci ildə illər sonra sinif yoldaşlarımdan birini xəstəhal gördüm. Halbuki məktəb vaxtı ən gözəl səsə sahib qızlardan biri idi. Gördüyümdə isə səsi batmışdı və həyatı çox pis gətirmişdi. Onda fikirləşdim ki, biz hamımız məktəbdə necə də xoşbəxt idik. Ən seçilən şagirdlərdən birini belə görəndə kədərə qapıldım və bu hisslərlə də mahnının sözlərini yazdım. Məktəb illərim, sinif yoldaşlarım bir-bir yadıma düşdü. Düşündüm ki, insan ən xoşbəxt və qayğısız, yalnız uşaqlıqda olur. Öz şagirdlərimə də hər zaman deyirəm ki, siz hələ elə bir dövrdəsiniz ki, validen də, dövlət də, məktəb də, müəllim də sizin qayğınızı çəkir. Məktəbi bitirdikdən sonra  artıq sizin öz məsuliyyətiniz, öz qayğılarınız yaranacaq." 

 

Hələ dünya bizim üçün nağıldı,

Min arzuyla alışardıq, yanardıq.

Özümüzü biz hamıdan ağıllı,

Özümüzü nə bəxtəvər sanardıq. 

 

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi,

Aman Allah, nə xoşbəxtdik biz onda. 

 

Məktəb illəri

Ömrümün ən şirin, ən təmiz günləri.

Məktəb illəri,

Hər anı bir ömrə bərabər Qayğısız günlərim.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)