Bu gün Bakıdakı Rus evində musiqiçilər və prodüserlər üçün unikal ustad dərsi keçiriləcək

Rate this item
(0 votes)

İstedadlı prodüser, müğənni və musiqiçi Yefim Zavalnı Bakıda özünün hitlərin yaradılması təcrübəsini bölüşəcək. Onun “ArXİTektura” adlı bu gün - sentyabrın 22-də Bakıdakı Rus evində keçiriləcək mitapı (ingilis dilində “meetup” – görüş) həm yeni yazmağa başlayan müəlliflər, musiqiçilər və prodüserlər, həm də bu sahədə çoxdan fəaliyyət göstərən və yeni biliklərin axtarışında olanlar üçün maraqlı olacaq. Tədbirə giriş sərbəstdir, görüş saat 19:30-da başlayacaq.

 

“ArXİTektura” - mahnıları necə daha orijinal, peşəkar və yaddaqalan etməklə bağlı müzakirələrin aparılacağı görüşlər silsiləsidir.

Proqramda təkcə nəzəri biliklərin yox, həm də təcrübənin öyrədilməsi nəzərdə tutulur. Yefim müəyyən bir mahnının və ya demo versiyasının nümunəsində musiqinin bəstələnməsi və aranjimanı ilə bağlı bütün aspektləri addım-addım izah edəcək, tez-tez yol verilən səhvlərdən və onları aradan qaldırmağın üsullarından bəhs edəcək.

Yefim Zavalnı peşəkar müğənni və musiqiçidir, Avropa və ABŞ səhnələrində çıxış edən və Rusiyanın ən yaxşı prodüserləri ilə əməkdaşlıq edən Mariinsk teatrının solistidir. O, 15 ildir ki, musiqilərin bəstələnməsi və artistlərə prodüserliklə məşğuldur. Onun kompozisiyaları iri beynəlxalq müsabiqələrdə qalib gəlib, BBC Radiosunun efirində səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)