Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək Featured

Rate this item
(0 votes)

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu gün açılacaq. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28 sentyabr tarixinədək davam edəcək festival bu il də bir sıra ölkələrdən ifaçı və kollektivləri bir araya gətirəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif şəhərlərdə keçiriləcək festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunacaq.

 

Sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun ustad dərsi təşkil olunacaq. 21 sentyabrda isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gürcüstanlı pianoçu Eliso Bolkvadzenin konserti keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində Fransadan festivala qatılan “Quatuor Diotima” simli kvartetinin konserti sentyabrın 25-də gerçəkləşəcək.

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında 26 sentyabrda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri sinqapurlu dirijor Anq Darrellin rəhbərliyi ilə çıxış edəcək.

 

Musiqi bayramının bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri xarici qonaqlarla birgə festivalın final notlarını səsləndirəcək. Konsertdə pult arxasında dirijor Valentin Egel (Almaniya), solistlər isə Chloe Kiffer (violin, Fransa) Henri Demarquette (cello, Fransa) və Aleksandr Mutuzkin (piano, ABŞ) olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)