Sabah “Imagine Dragons”un Bakı konsertidir Featured

Rate this item
(0 votes)

Sentyabrın 2-də Amerikanın dünyaca məşhur “Imagine Dragons” rok qrupu “Mercury World Tour” dünya turnesi çərçivəsində Bakı Olimpiya Stadionunda çıxış edəcək.

 

Dünyanın hər bir guşəsində stadionları pərəstişkar kütləsi ilə doldurmaqda çətinlik çəkməyən, hər addımda rekordlara imza atan, “Qremmi” musiqi mükafatına layiq görülmüş Las Veqas kvarteti öz möhtəşəm ifaları ilə pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, “Imagine Dragons” 2008-ci ildə Las-Veqasda (Nevada ştatı) yaradılan amerikan pop-qrupudur. Qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. Qrup 2012-ci ildə “Night Visions” debüt studiya albomunun buraxılmasından sonra məşhur olub. Amerikanın “Billboard” jurnalı onları 2013-cü ilin ən parlaq ulduzları adlandırıb, “Rolling Stone” jurnalı isə onların “Radioactive” mahnısını ilin ən böyük rok hiti olduğunu qeyd edib. “Imagine Dragons” buraxdığı beş alboma görə 53 nüfuzlu musiqi mükafatı və 160 nominasiyaya layiq görülüb. Qrup, həmçinin üç “American Music Awards”, doqquz “Billboard Music Awards”, ən yaxşı rok ifasına görə “Qremmi” mükafatı, “MTV Video Music” mükafatı və ən yaxşı rok qrupuna görə “World Music” mükafatına layiq görülüb. 2018-ci ildə qrup dünyada ən populyar qrup kimi “Believer”, “Thunder” və “Radioactive” mahnıları ilə milyarddan çox baxış toplayan ilk rok qrup olaraq “Spotify”də rekord vurub.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)