2024-cü ildə Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının təsis edilməsi nəzərdə tutulur

Rate this item
(0 votes)

 

2024-cü ildə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın bəstəkar icmalarının davamlı şəkildə qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcək Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyası təsis ediləcək.

 

Bu fikri Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru Mixail Qolikov Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.

Avqustun 23-də Həştərxanda “Xəzər fəsilləri” beynəlxalq klassik incəsənət festivalı çərçivəsində ilk dəfə olaraq Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu keçirilir. Azərbaycan, Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın mədəniyyət xadimləri və bəstəkarları bu tədbirdə iştirak ediblər.

“Həştərxanda klassik incəsənət festivallarının keçirilməsi təcrübəsi göstərdi ki, Xəzəryanı dövlətlərin orkestri üçün proqram işləri axtararkən, əslində, bu ölkələrin bəstəkarlıq məktəbləri haqqında heç nə bilmədiyimiz məlum oldu. Eyni zamanda, bəlli oldu ki, klassik musiqi ilə yanaşı, sadəcə olaraq, yeni və müasir musiqilər ifa etmək, bu melodiyaların bugünkü tamaşaçılar tərəfindən sevilməsinə nail olmaq lazımdır. İndi biz forum iştirakçıları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalamışıq. Bu, Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması üçün müəyyən hüquqi formanın hazırlanması deməkdir. Yeni təşkilat bizə daimi əsasda daha səmərəli işləməyə, yerli bəstəkar icmaları ilə qarşılıqlı əlaqə qurmağa imkan verəcək”, - deyə M.Qolikov bildirib. O əlavə edib ki, 2024-cü ildə dövlətlərarası təşkilatın yaradılmasının detalları müzakirə olunur. 

M.Qolikovun sözlərinə görə, I Beynəlxalq Forum çərçivəsində onlar Xəzəryanı ölkələrin bəstəkarları arasında müsabiqənin hər il keçirilməsi perspektivi ilə bağlı təşəbbüs irəli sürüblər. Münsiflər heyətinə bütün iştirakçı ölkələrin mədəniyyət xadimləri, musiqişünaslar, ifaçılar və peşəkar tənqidçilər daxil olacaq.

“Bəstəkar müsabiqəsi qalibinin adı 2024-cü ildə keçiriləcək növbəti “Caspian Seasons” beynəlxalq festivalının qala-konsertində açıqlanacaq və burada müəllifin əsəri Xəzəryanı ölkələrin orkestrinin ifasında səslənəcək. Həştərxan Filarmoniyasında müsabiqə laureatları üçün konsert təşkil olunacaq. Əminəm ki, bəstəkarlar forumu və sonradan Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması bizim bəstəkar icmalarını müxtəlif məkanlarda birgə konsertlər, forumlar və yaradıcılıq görüşləri ilə birləşdirəcək”, - deyə M.Qolikov vurğulayıb.

Qeyd edək ki, avqustun 22-də Həştərxanda “Xəzər fəsilləri” Beynəlxalq Klassik İncəsənət Festivalı başlayıb. Festival çərçivəsində avqustun 25-dən 28-dək Həştərxan Filarmoniyasında Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan günləri keçiriləcək. Xəzəryanı ölkələrdən 70-ə yaxın musiqiçinin daxil olduğu Xəzəryanı dövlətlərin simfonik orkestri “Xəzər fəsilləri”nin əksər tədbirlərinin fəal iştirakçısı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)