Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Rate this item
(0 votes)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət Sarayında Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

 

İdarədən AzərTAC-a bildirilib ki, tədbiri sarayın təşkilatçısı Kübarə Rəcəbova açaraq müsabiqə ilə bağlı fikirlərin bölüşüb.

Daha sonra Xurşidbanu Natəvan haqqında məlumat verərək qeyd edib ki, “Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanımdan alıb. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri kimi qəbul olunurlar.

Tədbirdə iştirak edən istedadlı və təcrübəli rəssamlar gənclərə öz məsləhətlərini verdikdən sonra müsabiqəyə start verilib.

Sonda qaliblər müəyyənləşib. Ceyran Süleymanova birinci, Vaqif Rzayev ikinci, Fatimə Abaszadə isə üçüncü yerə layiq görülüblər. Fəal iştirak edən rəssamlar da “Təşəkkürnamə” ilə təltif olunublar.