Gözəlliklərlə yanaşı çirkinliklərin də yaranması nə dərəcədə düzgündür?! Featured

Rate this item
(0 votes)

 

Bu günlərdə Ümumdünya Şəhər Forumu keçirilib. Bu forumda nümayiş olunan Azərbaycanda, o cümlədən Qarabağda olacaq şəhərsalma işləri bütün dünya ictimaiyyətini cəlb edib. Mövzumuz bu haqdadır.  “Ədəbiyyat və incəsənət” portalının müsahibi Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Hannover Beynəlxalq Elmlər Akademiyasının akademiki, respublikamızda bir çox maraqlı layihələr müəllifi, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı, memar Cahid Həsənovdur.

 

-Cahid müəllim Ümumdünya Şəhər Forumu haqda fikirlərinizi bilmək maraqlı olardı.

 

-Bu forumun keçirilməsi çox tədqirəlayiq bir hadisədir. Burada məsələ təkcə  hansısa ölkənin memarlıq və şəhərsalma strategiyasının dünya ictimaiyyətinə çatdırılması deyil. Bu tədbirdə yeni dövr üçün memarlıqda, şəhərsalmada olacaq yeniliklərin nə formatda olacağnı bəyan edən bir öhdəçilik açıqlanıb. Yəni, Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirakı, xüsusilə Azərbaycan respublikasının Prezidenti möhtərəm İlham Əliyevin video formatda çıxışı bizim üçün əsl bir məqamda dünyaya səs salacaq strategiyamızın təntənəsi oldu. Belə ki işğaldan azad olunmuş ərazilərimizdə yer üzündən silinmiş şəhərlərimizin yenidən qurulmasının bəyan edilməsi bir daha bütün dünyaya çatdırdı ki, milli şəhərsalma, memarlıq ənənələrimiz necə gözəl, çevik bir formatdadır. Yeni dövrdə yeni şəhər. Təbii ki, belə bir işin görülməsini bütün dünyaya elan etmək, necə bir gücə qadir  olduğumuza söykənir. Yəni son illərdə Azərbaycanda, xüsusilə də Bakı şəhərində inşa olunan bir  neçə tikili dünya memarlıq salnaməsinə bir töhfə olmuşdur. Hətta  ölkəmizin simvollarına çevrilmişdir bu abidələr. Bir fakt deyim, son iyirmi ildə Avropa ölkələrində elə bir tikili olmadı ki, o, ölkənin simvoluna çevrilə bilsin. Yəni Fransada elə keçmişin Eyfel qülləsidir ki, indiyədək alternativsiz liderdir, simvol olaraq qalır. Digər ölkələrdə də belədir. Lakin Üç alov qülləsi kimi tanıdığımız tikili, Xalça muzeyi, əfsanəvi Zaha Hadidin Heydər Əliyev Mərkəzi və s. kimi tikililər bizim ölkəmizin simvollarına çevrildi. Halbuki bizdə də əvəllər  Qız Qalası idi alternativsiz simvolumuz. Yəni müqayisə fərqini görürsünüzmü?

Sizə bir sirr də açım, Heydər Əliyev Mərkəzi ilə əlaqədar. Bu tikili dünya memarlığı yaranandan bu günədək yeganə tikilidir ki, o, hər bir  rakusdan baxanda bir təbiət mənzərəsi, flora-fauna görüntüsünü tərənnüm edir. Məsələn: bir  rakusdan baxdıqda dəniz dalğası, bir  rakusdan baxdıqda aysberq, bir  rakusdan baxdıqda göyərçin və s.  Bax belə bir əsəri olan ölkə memarlıq konteksində Qarabağda da hələ çox yeniliklərin olacağı mesajını verir.

 

-Bu tədbirdə  yeni dövr  üçün  yeni  memarlıq, şəhərsalma stratejiyasının açıqlandığını dediniz. Bunlar nədən ibarətdir?

 

-Yeni  dövr üçün  dünyada  memarlığın tam yeni bir formatı epoxası başlayır.  Bilirsiniz bu nədir? Bu, dünya memarlığında yeni termin kimi qəbul olunan, əvvəllər landşaft memarlığı kimi bildiyimiz, lakin indi “yaşıl memarlıq” termini ilə tanıyacağımız memarlıq dövrünün başlamasıdır. Dünyanın ekoloji problemlərlə üzləşdiyi bir dövrdə yaşıl memarlıq tendensiyası memarlıqla, şəhərsalma inkişafı ilə yanaşı, ekologiyanın inkişafını da paralel olaraq inkişaf etdirəcəkdir. Bu, işin  bir  tərəfi. Digər tərəfdən də bu, insanların imkan cəhətdən fərqli olmaları müstəvisində eyni dərəcədə ekoloji təmiz həyat şəraitində yaşayacaqları deməkdir. Yəni Azərbaycan vətəndaşı aldığı kiçik həcmli yaşayış evində belə ərazisində bir-birilərinə sıx şəkildə pərçimlənən daş binalarla yox, yaşıllıq ərazisisi ilə əhatələnəcəkdir. Yəni bu format işə düşdükdə, lazım gəlməyəcək ki, kimlərsə bahalı meşə ərazilərində sahə alıb ev tiksinlər.

Üçüncü müsbət hal da təbii ki, şəhərlərimizin estetik baxımdan formalaşması hadisəsinin baş verəcəyidir. Yəni, şəhərə gələn qonaq, turist sıx-sıx göydələnlərlə deyil, yaşıllıqlarla üzləşəcək ki, bu da həmin şəhərdə darıxdırıcılıq yaratmayacaq.

Dünya şəhərsalma memarları üzün illərdir ki, belə bir format üzərində işləmişlər və sevinirəm ki, artıq bu sahə reallaşır.

 

-Siz landşaft memarı, daha  doğrusu  yaşıl memarlıq layihələri müəllifi kimi çıxışlarınızda bildirmisiniz ki, işğaldan azad olunmuş ərazilərimiz üçün məhz  bu formatda yeni konsepsiyalarınız vardır. Bunlar haqda nə deyə bilərsiniz?

 

-Qarabağımızın relyefi elə məhz zəmin yaradır ki, burada yalnız və yalnız yaşıl memarlığa üstünlük verilsin. Təbii olaraq bu ərazilərdə hündür mərtəbəli binalar olmayacaq və lazım da deyil. Bu ərazilərimizin relyefi təbii bir amfiteatr rolu oynayır ki, məhz bu varlıqdan memarlıqda məhsuldar istifadə etməliyik. Bugünkü  dünya turist baxışlarında da tam fəqrlilik yaxın gələcəkdə rastımıza çıxacaq. Belə ki, istənilən tarixi memarlıq abidəsi və ya modern tikili olsun, ətrafı, yolboyu yaşılllıqlarla zənginləşməyəcəksə turizmin inkişafı baxımından o qədər effekt verməyəcək.

İşğaldan azad  olunmuş ərazilərimizdə yaşıl memarlıq formatına daxil olan:  Qəhrəmanlar parkları, Zəfər parkları, Bayraq meydanları, Soyqırım abidə kompleksləri, ən əsası Heydər parkları kimi  bir  çox layihələri mən iyirmi ildən üzübəri işləyirdim. Və bugünün – möhtəşəm qələbənin gələcəyinə də hazır idim.  Müharibənin başlandığı günlərdə möhtərəm Prezidentimizə də  məktub ünvanladım ki, bu günü  mən bir memar kimi gözləyirdim və buna  görə də illərlə məhz bu ərazilər üçün layihələr də işləmişəm. Mənə bu məktubuma cavab olaraq  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavab da gəldi ki, yaxın vaxtlarda siz layihələrinizin təqdimi üçün dəvət alacaqsınız.

Deyim ki, bu ərazilərdə siyasi, inzibati meydanlarla yanaşı sosial park və  xiyabanlar layihələri də işləmişəm. Sizə bir açılış edim. Qabaqlar park elə park və  ya  xiyaban kimi adlandırılırdı. İndi dünyada  parkların özlərinin sahələri, statusları da çoxalıb. İndi Siyasi parklar anlamı var, İnzibati parklar anlamı var, seyrangahlar anlamı var, xiyabanlar anlamı var və hətta sosial parklar termini də yaranıb.

 

-Sosial parklar?

 

-Bəli, sosial parklar silsiləsindən də mən bir neçə layihə işləmişəm. Məsələn: Qarabağda Sarı gəlin parkı, Aleksandar Düma və Natəvan parkı və s. Bilirsiniz,  dünya  ictimaiyyətinin  Qarabağa daha da intensiv surətdə cəlb olunması üçün  beynəlxalq miqyasda olan işlərimizi tərənnüm etdirəcək komplekslər, parklar inşa etmək lazımdır. Sizi inandırım ki, bu gün fransız xalqı bilsə ki, ayaq qoyduğu yerə başlarını qoyduqları Aleksandr Düma Ata məhz Azərbaycanda - Qarabağda xan qızı  Natəvanla görüşüb söhbətləşib, Qubada Çuxur Hamamda çiməndən sonra oranı vəsf eləyib,  bütün  fransız  xalqı  bizə doğru tələsər. Lakin bir şərtlə ki, həmin o Aleksandr Dümanın  adına  park salaq,  xan qızı  Natəvanla  söhbətləşmə anını tərənnüm  etdirən  abidə  ucaldaq, Çuxur Hamamda bir barelyef ucaldaq. Qarabağda oğurlanmış xalq  mahnımızın şərəfinə “Sarı Gəlin” Abidə Kompleksi, “Sarı Gəlin” Parkının olması  necə də  yaxşı  olar.  Daha  doğrusu, bunlar bu mahnının bizim olmamıza öz möhürünü vurar. Həm də dünya  turistlərinin,  türkdilli  ölkələrin bütün mədəniyyət, incəsənət adamlarını birləşdirəcək bir məkan olar buralar.

 

 

-Siz abidə  komplekslərindən danışdınız. Ümumiyyətlə, abidə kompleksləri yeni dövrdə memarlıqda nə yeniliklər tələb edir?

 

-Mənim bu növ işlədiyim layihələrdə sovetlər birliyində olduğu ənənə tam rədd  edilir. Belə ki, həlak olmuş əsgər heykəli, matəm, göz yaşı effekti tam silinir. Qəhrəmanlar parklarında olacaq abidələrdə əsgərlər gülür, onlar özlərində xeyrin şərə qalibiyyətini tərənnüm etdirir. Onlar qəhrəmanlıqlarını məğrur duruşları ilə gənclərə çatdırmaqla, vətənpərvərlik ruhunu yeni nəsillərə ötürürlər. Tarixi canlı kimi yeni nəsillərə çatdırırlar. Və  heykəllərdən başqa, bu növ parkların planlaşmasında da yeniliklər etmişəm. Belə ki, məhz bu parklarda rəngarəng   fəvvarələr, yaşıllıqlar, çil-çıraqlar yerləşdirilməlidir.  Daha doğrusu, bu parklar  ildə bir dəfə anım günü kimi ziyarət edilən məkan statususundan çıxıb gündəlik gəzinti ərazisi kimi fəailiyyət göstərməlidir. Tələbələrin, məktəblilərin asudə vaxtlarında görüş məkanı kimi status almalıdır bu məkanlar.

 

-Başqa  demək istədiyiniz varmı?

 

-Bir ciddi məsələ var bu işlərimizlə bağlı. Bir çox rayonlarımızda eyni ideyalı layihələr abidə kompleksi adı ilə tətbiq olunur. Burada həm eyniləşmiş ideya çox təkrarlanır, həm də görürsən ki, abidənin yeri çox primitivdir. Buna İcra Hakimiyyətləri ciddi nəzər yetirməlidirlər. Bu, adi iş deyil və kiminsə beyninin təxəyyülünün üstün olmasına dəlalət edə bilməz. Bu, sırf şəhərsalma memarlarının, bir daha deyirəm, şəhərsalma memarlarının işidir. Bilirsiniz, hətta ən gözəl monumental abidənin belə, əgər yeri düz təyin olunmayırsa, o abidə heç bir effekt kəsb etməyəcək.

Son illərdə mötəbər abidələrdə hətta “oğurluq” ideyalarla, layihələrlə də üzləşirik. Çox təssüf. Hər kəs öz sahəsi ilə məşğul olmalıdır. Ən azından, bu cür ciddi bir  sahədə, belə ciddi bir ərəfədə hər yerindən duranın cızma qarası ilə abidə ucaltmaq  lazım  deyil. Sovetlər birliyi dövründə, xüsusilə də 1970-ci illərdən başlayaraq, Ümummillli Öndərimiz rəhbərliyə gələn andan bütün şəhər və rayonlarda, hətta  hər rayonun kənd və qəsəbələrində Abidə komplekslərinin ucaldılması haqda  göstəriş verdi. 300-400-dək  abidə komplekslərinin hər biri digərindən daha fərqli, daha  əsrarəngiz idi. İndi isə bir təzaddan danışım. Bu günlərdə mətbuatdan gördüm ki, Gəncə şəhərində Türk Qafqaz Ordusunun şərəfinə abidə ucaldılıb. Və baxıb təəssüfləndim. Bilirsiniz, bu  layihənin Türk Qafqaz Ordusunun tərənnümü ilə qəti əlaqəsi yoxdur. Belə bir  mötəbər orduya qoyulan abidəni ərsəyə gətirməyə, deyərdim, bütün memarlar ən azından müsabiqə yolu ilə dəvət olunmalı idi. Nəsə, sanki kimin ağlına nə format gəlirsə onu inşa etdirir. Çox təəssüf edirəm ki, mənim bir memar kimi Gəncədə yaratdığım Əli və Nino abidə kompleksi, Gəncə Bulvarı kimi gözəlliklərlə yanaşı belə bir primitiv abidə inşa ediləcək. Çox təəssüf.

 

Şəkillərdə: memar Cahid Həsənovun Sarı Gəlin və Qəhrəmanlar Parkı abidə-kompleksləri layihələri.