Xocalıda Hacı Əli Günbəzi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri, abidələri barədə hamı üçün bir mənbədir.

 

 Çox-çox əvvəllərdə, qədim Aran torpağında qocaman bir diyar vardı. Bu diyar dağlar arxasında, bol sulu çayların kənarında yerləşirdi. Buranın ərənlərinə igidlikdə çatan olmazdı. Ərənlərin içində Əli adlı bığ yeri təzəcə tərləmiş bir igid vardi. Əli mahaldakı cavanlarla qurşaq yarışına çıxar,  hamısının da kürəyini yerə qoyardı. Beləcə bu diyar öz igid pəhləvanları ilə ad çıxarmışdı.

Sizə kimdən deyim, kimdən danışım... Gözəl bir diyarda, çox- çox uzaqlarda, mənəm-mənəm deyən bir zalım padşahdan. Bu padşah sanki müharibə etmək, qan tökmək üçün doğulmuşdu. Ömrü döyüşlərdə keçmiş, bircə dəfə də olsun məğlub olmamışdı. Neçə-neçə padşahların dizlərini yerə vurmuşdu. Şəhərlər, obalar, mahallar dağıltmış, əldə etdiyi qənimətləri xəzinəsinə yığmışdı.  Amma yenə də qana susayıb gözü ac idi. Hər il ordusunun sayının artırır, yalnız torpaqlar tutmaq, evləri, obaları viranə qoymaqla həyat sürərdü. Onun əsgərləri dağlardan, düzlərdən qasırğa kimi ötüb keçərdilər. Bir gün şah yuxusunda görür ki, bir cavan uşaq onu yerə yıxıb xəncəri ilə başın kəsmək istəyir. Şah qan-tər içində yuxudan oyanır. Yuxu yozanı yanına çağırıb soruşur ki, bu yuxu nə yuxudur. Yəni bu  dünyada onun kürəyini yerə vuran, qalib biri ola bilərmi? Yuxu yozan həm də rəmmal idi. Rəmmal deyir ki, bəs filan yerdə Əli adlı bığ yeri təzəcə tərləmiş bir pəhləvan var, sən ona uduzacaqsan. Padşah hirslənir, rəmmalı zindana atır, özü isə qoşun götürüb həmin diyara gəlir. Həmin vaxt Əli meşədə idi, düşmən qoşunu atları dörd nala çapıb camaatı mahaldan meşəyə qaçmağa vadar qoymuşdu. Toz-tozanaq içində itən meşənin üz-gözünə elə bil kəfən salınmışdı. Deyirlər ki,  bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid isə bir eli qurtarar. Əli camaatın qırıldığını görür. Ərənlər döyüşlərdə ikən, arvad-uşaq meşələrə üz tutub dağlarda, kahalarda gizlənir. Əli ah-fəğan edən insanları eşidir, qılıncını götürüb sevdiyi qızın yanına vidalaşmağa gəlir. Əlini sevən qız ona deyir ki, sən igidləri başına topla, düşmən üzərinə arxayın get. Mən yumurta qabığında bütün qoşunu doyuran plov bişirərəm. Elə bir kilim toxuyaram ki, bütün igidlərin onun üstündə yerləşər, düşmənə göydən zərbə endirib qalib gələrsən.

Bəli, Əlinin başına toplaşan igidlər Əlinin sevgilisinin bişirdiyi plovdan yeyib gücləndilər. Dağ qüdrətli, qüvvətli oldular. Belə igidlərin qarşısında şahın qoşunu tab gətirə bilmədi. Hamısını Əlinin silahdaşları qılıncdan keçirdi. Sonda şahla təkbətək qaldı.  Əli əvvəlcə şahla qılınc döyüşünə girdi. Yeddi gün, yeddi gecə vuruşdular, bir-birinə qalib gələ bilmədilər. Sonra qurşaq tutdular. Əli sevgilisinin ona verdiyi yaylığı cibindən çıxarıb ətrini aldı. Bir anda şahı iki əli ilə qaldırıb yerə çırpdı. Şah həmin dəqiqə canını tapşırdı. Beləcə düşmən öz əcəli ilə qırıldı. Mahalın ağsaqqalları yığışıb Əlinin şərəfinə qonaqlıq verdilər. İllər keçdi. Əli haqq yolunu tutub, Həccə getdi. Doğma yurdunda qızıl gümbəzli məscid tikdirdi. Məscidin gümbəzi hər səhər doğan günəşin şəfəqləri altında bərq vururdı. O vaxtdan gümbəzli məscid Hacı Əli gümbəzi kimi yaddaşlarda qalır.  İnsanlar azan səsilə camaat namazı qılmaq üçün məscidə gedir. Belə deyirlər ki, məscidə gedən insanların o yolda atdıqları hər addıma görə günahları silinir, məscidi tikənə isə o addımlara görə savab yazılır.

 

Söylənilən bu əfsanə Xocalıda XIV əsrdə inşa edilmiş Hacı Əli günbəzi haqqındadır.

 

“Ədəbiyyat və incəsənət”

 

(15.02.2024)