Şirvanşahlar Sarayı Kompleksində “Mənim Köhnə şəhərim” sərgisi keçirilir

Rate this item
(0 votes)

Tarixi hadisələri sadəcə təkcə xronika yazıları və ya şifahi rəvayətlərlə deyil, həm də üstündən yüzilliklər keçməsinə baxmayaraq, onların “nəfəsini” hiss etməklə öyrənmək olarmı? “Mənim Köhnə şəhərim” (“İçərişəhərim”) adlı Şirvanşahlar Sarayı Kompleksində keçirilən sərgi bu suala birmənalı cavab verir. Məkana daxil olmaq kifayətdir ki, qədim daş divarların qoxusunda hiss edilən magiyanın şahidi ola biləsən... 

Bu sətirlər AzərTAC-ın sərgi barədə reportajlndan götürülüb. 

 

Burada başlıca amil heç də muzey vahidləri deyil. Sərgidə eksponat qismində tarixi dəyəri olan əşyalar, fotoşəkillər və sənədlər nümayiş etdirilir. Onları bilavasitə Köhnə şəhərin sakinləri təqdim ediblər. Elə bu səbəbdən də sərgi sözün əsl mənasında unikaldır.

 

“Mənim Köhnə şəhərim” sərgisi, hər şeydən əvvəl, öz əcdadlarının həyat tarixçəsi bu məkanla əvvəlcədən bağlı olan yerli ailələrə xitab edir. Beləliklə, cəmiyyətə çox dərin məna kontekstində ciddi mesajlar verilir: həqiqi “qala” sakinləri hələ də köhnə şəhərdə yaşayırlar və onlar İçərişəhərin özü kimi qədim tarixə malik olan və nənə-babalarının miras qoyduqları əşyalardan istifadə edirlər. Əcdadlarının yadigarı olan hər bir eksponat konkret ailələr üçün əziz və qiymətlidir. Onların arasında təxminən üç yüz illik tarixi və öz kökləri ilə Qalaya bağlı olan insanlar da var.

 

“Mənim Köhnə şəhərim” sərgisində təqdim edilən yüzdən çox eksponatın ən qədimləri XVIII əsrə aiddir, ən müasirləri isə XX əsrin yadigarıdır. Bu əşyalar arasında musiqi alətləri, dini eksponatlar, sənəd və fotoşəkillər, nəfis aksesuarlar da var. Sonuncular diqqəti onunla cəlb edir ki, onlar çox vaxt gəlinlərin cehizlərinə daxil edilib. Ailələr indi də bu əşyaları səliqə ilə saxlayırlar. Ekspozisiyada, həmçinin XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid müqəddəs kitabları da görmək olar. Sərginin ən maraqlı eksponatlarından biri Bakının müdafiəsində öz qoşunu ilə iştirak etmiş türk sərkərdəsi Nuri Paşanın igidliyi ilə fərqlənən İçərişəhər sakininə hədiyyə etdiyi xəncərdir. Bu nadir eksponatı həmin şəxsin nəvəsi təqdim edib və onun ailəsi xəncəri bu günədək sevə-sevə qoruyub saxlayır. Sərgidəki hər bir əşya böyük tarixi hadisələrin şahididir, həmçinin qədim Bakının etnoqrafik dəyərlərini, bədii yaradıcılıq aləmini, ailə-məişət ənənələrini əks etdirir.

 

Sərgidə nümayiş etdirilən bütün eksponatlar onların həqiqi olmasını müəyyən edən mütəxəssislər tərəfindən yoxlanılıb. Onların hər biri işarələnib və etiketlər vurulub.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)