Tbilisidə azərbaycanlı gənc rəssamın “Cümhuriyyət” adlı sərgisi açılıb

Rate this item
(0 votes)

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında azərbaycanlı gənc rəssam Şenay Sadiqin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Cümhuriyyət” adlı sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) sədri Nəriman Qurbanov, Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin rəhbərliyi, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Sərginin açılışında Ali Kaan Orbay, gənc rəssam Şenay Sadiq, Muzeyin elmi işçisi Leyla Əliyeva və başqaları çıxış edib, Azərbaycan-Türkiyə qardaşlığından danışıb, bu sərginin iki qardaş ölkə arasında əlaqələrin inkişafına töhfə olduğunu vurğulayıblar.

 

Bildirilib ki, sərgidə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş 20-dən çox əsər nümayiş etdirilir.

 

Əsərlər içərisində Çanakkala savaşının səhnələri, Mustafa Kamal Atatürkün, əsgərlərin və mübariz türk qadınının, qəhrəman əsgər analarının rəsmləri yer alıb.

 

Şenay Sadiq AZƏRTAC-a müsahibəsində deyib ki, o, bununla təkcə özünün deyil, bütün azərbaycanlıların qardaş Türkiyəyə olan sevgisini ifadə etmək istəyib. "Düşünürəm ki, bu əsərlərimlə Azərbaycan-Türkiyə qardaşlığına öz töhfəmi vermiş oldum”, – deyə Ş.Sadiq vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)