Bu gün Bakıda yeni “YARAT Shorts” layihəsinə start veriləcək

Rate this item
(0 votes)

Bakıda oktyabrın 19, 20 və 21-də “YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan rejissorlar iştirak edəcəklər. Filmlərin nümayişi ilə yanaşı, rejissor, ssenarist və aktyorlarla da görüşlər keçiriləcək.

 

AzərTAC xəbər verir ki, layihənin məqsədi gənc rejissorlara işlərini geniş auditoriyaya təqdim etməyə və yeni başlayan kino xadimləri üçün intensiv təlimlər təşkil etməyə imkan yaratmaqdan ibarətdir.

 

Nümayiş üçün filmlər “Qadın və onun cəmiyyətdə rolu”, “Yalnızlıq və özünüinkişaf”, “Yaddaş və xəyali mənzərələr” kateqoriyalar üzrə qəbul olunub. Tbilisidə keçirilən beynəlxalq festivalın iştirakçısı Nino Ancaparidze Gürcüstan rejissorlarının layihədə iştirakını təmin edib. “BAFTA Film Awards” (Böyük Britaniya səfirliyinin dəstəyi ilə) qalibləri Böyük Britaniya kinematoqrafını təmsil edəcəklər.

 

Tamaşaçılar Azərbaycan rejissorlarının filmlərini oktyabrın 19-da izləyə biləcəklər: ilk gündə on beş kinolent nümayiş olunacaq. İngiltərə kino xadimləri filmlərini oktyabrın 20-də təqdim edəcəklər: bu axşam dörd qısametrajlı filmin nümayiş olunması gözlənilir. Tədbir oktyabrın 21-də Gürcüstan filmlərinin nümayişi ilə başa çatacaq – proqrama yeddi kinolent daxildir. Üç günün hər birində filmlərin nümayişindən sonra rejissorlar ilə görüşlər və sual-cavab sessiyaları keçiriləcək.

 

Layihənin rəhbəri, “YARAT” Müasir İncəsənət Məkanının İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova “YARAT Shorts” layihəsinin ideyasının necə yarandığı və onun perspektivləri barədə danışır.

 

“YARAT vaxtilə fəaliyyət göstərən və bütün dünyada ən yaxşı qısametrajlı filmləri toplayan “Future Shorts” beynəlxalq festivalını uzun illər Azərbaycanda təqdim edib. Hər mövsüm bizə seçilmiş filmlər göndərilirdi, biz də onları böyük uğurla tamaşaçılara göstərirdik. Festival fəaliyyətini dayandıranda biz kiçik festivalımızı təşkil etmək barədə düşündük. Biz – ölkədə ən böyük müasir incəsənət mərkəziyik və çox sayda yaradıcı insanlar müxtəlif ideyalarla, o cümlədən kino sahəsinə aid ideyalarla müraciət edirlər. Yəni biz mütəmadi əsasla kino nümayişləri keçiririk, öz festivalımız isə bu vaxta qədər olmayıb”, – deyə o bildirib.

 

Bu il layihənin pilot buraxılışının olacağını və burada münsiflər heyətinin və ya “ciddi” mükafatların (yalnız təşkilatçıların iştirakçılar üçün nəzərdə tutduğu hədiyyələr) olmadığını qeyd edən Ülviyyə Axundova üç ölkənin iştirakının başlanğıc üçün yaxşı hal olduğunu əlavə edir.

 

“Layihəni festival formatına qədər genişləndirməyi planlaşdırırıq. Uğurlu olarsa, insanların xoşuna gələrsə, növbəti ildə onu daha yüksək səviyyəyə keçirməyə çalışacağıq. Mənə və bütün komandamıza elə gəlir ki, yenicə fəaliyyətə başlayan Azərbaycan kinematoqrafçılarını dəstəkləmək çox vacibdir, çünki onların əməyinin nəticələrini geniş auditoriyaya göstərmək imkanları olduqca azdır. Azərbaycanda həm Lokarno, həm Venesiya, həm də Kannda keçirilən çox nüfuzlu beynəlxalq kinofestivalların proqramına daxil ola bilən rejissorlar var, lakin ölkələri çərçivəsində onları tanımaq, onların haqqında eşitmək və işlərini görmək üçün onların o qədər də çox imkanları yoxdur”, - deyə layihənin rəhbəri qeyd edir.

 

Ülviyyə Axundova ölkədə kinematoqraf sənayesinin inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirir.

 

“Ən yaxşı animasiya işlərinin nümayiş olunduğu bu cür festivallar – həm “Baku Shorts Film Festival”, həm də “Anima Films” və nisbətən yaxın zamanda təsis olunan “Sevil” festivalı, sənədli filmlərin nümayiş olunduğu “DokuBaku” festivalı, perspektivdə isə bizim festivalımız da – bu, zövqün formalaşdırılmasına və gənc kinematoqrafçıların yeni işlərinin dəstəklənməsinə gedən yoldur. Müəyyən bir vaxtda kəmiyyət mütləq keyfiyyətə çevriləcək!”, - deyə o vurğulayır.

 

Filmlərin nümayişi və sual-cavab sessiyaları “YARAT” Müasir incəsənət mərkəzinin zalında keçiriləcək, filmlərin nümayişi saat 19:00-da başlayacaq. Mərkəzin qapıları hər kəs üçün açıqdır, giriş pulsuzdur. İştirak etmək üçün “YARAT” mərkəzinin sosial şəbəkələrdəki səhifələrində və ya təşkilatın saytında dərc olunan linklər vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)