RƏY - “Cığır” romanı barədə

Rate this item
(0 votes)

Etibar Babayev görkəmli telejurnalistdir, onun ədəbi zövqü də yüksəkdir. Bu dəfə ondan Yunus Oğuzin Dövlət Mükafatına namizədliyi irəli sürülmüş “Cığır” romanı ilə bağlı fikir aldıq. 

 

Yazıçı, publisist, tarixi romanlar müəllifi, ictimai-siyasi xadim Yunus Oğuz öz  əsərləri  ilə   ədəbiyyatımıza yeni  bir  nəfəs gətirdi. Uzun müddət unudulmuş, bəzi hallarda isə təhrif olunmuş şəkildə oxuculara təqdim olunan tarixi şəxsiyyətlər haqqında  gözəl tarixi romanlar yazdı və  bu  romanlar təkcə Azərbaycanda yox, dünyanın  bir çox ölkələrində   məşhurlaşdı. "Cığır" romanı da, həmin tarixi romanların məntiqi  davamıdır. Yəni, bir zamanlar Yunus Oğuz tariximizin görkəmli tarixi şəxsiyyətlərindən, sərkərdələrindən, onların döyüş yollarından, fəthlərindən  yazırdısa,  "Cığır" romanı ilə Yunus Oğuz müasir tariximizi, 44 günlük müharibəni, 30 illik işğaldan sonra  Azərbaycan döyüşçüsünün, Ali Baş Komandanın zəfərini çox böyük məharətlə tərənnüm etdi. Mənə elə gəlir ki, Yunus Oğuz Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tarixiləşdirib" 
"Cığır" yeni dövrün ən gözəl nümunəvi romanıdır. Yazıçı əsərdə Türk ruhunu da ortaya qoyur, Türkün gücünü oxucularına, dünyaya çatdırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına çevrilir. Rəcəb Tayyib Ərdoğan  və İlham Əliyevin qardaşlıq və dostluq münasibətləri fonunda dünya tərəfindən sərlərlə qarşısı alınan türk birliyinin təntənəsi canlandırılır. Faktiki-tarixi materialı bədii mətnlə üzvi şəkildə məharətlə birləşdirərək 44 günlük müharibənin canlı mənzərəsini yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya həmin zaman kəsiyinin aurasını, qələbə və zəfər sevincini, Şuşa qürurunu yenidən yaşadır. Yunus Oğuzun tarixi romanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun əsərləri bir qayda olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onların vətənpərvər böyüməsində mühüm rol oynayır. Mənə elə gəlir ki, "Cığır" romanı müasir tariximizdən bəhs etdiyinə görə, dünya ölkələrinin dillərinə tərcümə olunmalı, səhnələşdirilməli və hətta deyərdim ki, ekranlaşdırılmalıdır.
Düşünürəm ki, "Cığır" romanı həqiqətən Dövlət mükafatına layiq görülməlidir. Bu həm də digər yazıçılarımıza, xüsusilə də bundan sonrakı zəfərimizi öz əsərlərində əks etdirəcək yazıçılarımıza, gənclərimizə də bir nümunə və örnək olacaq".

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)