“Heçnədən gəlib, dönürük heçə” - ESSE Featured

Rate this item
(5 votes)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Körpəykən - balaca, niyə ağlayırsan ? 

Uşaqkən - böyüyəndə kim olmaq istəyirsən ?

Böyükkən - nə vaxt evlənirsən ? Nə vaxt tərpənirsən ?

Evləndikdən sonra - Bişey-mişey var ? 

 

Yaş artır, ona uyğun problemlər, suallar dəyişib formalaşır. Uşaqkən həyatdan gözlədiyin işlər, böyüyərkən, sanki başqa cür formalaşır. Sənin gözləmədiyin hala gəlir. Hər istəyimizi ağlayışımızla əldə edəndə, zamanla anlayırıq ki, hər ağlayışda heç də bizim istəklər reallaşmır. Əksinə, daha güclü, daha əzmli olaraq hərəkət etmək bizim istəklərimizi reallaşdırmaq iqtidarında olur. Ağlamaqla əldə etmək isə, valideynlərimizin bizə aşıladığı nağılvari missiyadan başqa bir şey deyilmiş. 

Hər şeyin pulsuz olduğunu zənn etdiyimiz zaman, mağazada istəklərimiz də sonsuz idi. Bir az ondan, bir az bundan. Bilmirdik axı ki, istədiyimizi almaq üçün anamıza, atamıza deyəndə, o bunun bizə zərərli olmasını cibində pulunun olmaması ilə kamuflyaj edirdi. Bunları isə anlamaq üçün həqiqətən zamana ehtiyac varmış. 

 

Mən bütün bunları müşahidələrimlə kəşf etdim, sizi isə deyə bilmərəm. 

Dəyişir düşüncələr, fikirlər, xarakterlər...

Tanıyırsan zamanla dostu, düşməni, anlayırsan ki, hər kəs heç də nağıllardakı kimi yaxşı obrazlarda, xoş əməllərdə, niyyətlərdə deyilmiş. 

Yaxşı yadımdadır ki, uşaqkən atamla filmlərə baxardıq. Baxarkən isə, ilk etdiyim iş filmi anlamaq idi. Yaxşı və pisi, "Əhrimən və Hörmüzü", tapmaq idi. Ondan sonra isə əsas iş başlayırdı. 

Sanki, duyğular da, düşüncələr də dağdan aşan bir qartopu kimi yuvarlanıb böyüyür ağırlaşır. 

Hər şey monotondu. Həftə içi iş, şənbə - bazar isə eynitipli məşğuliyyətlər. Bizi isə yalnız, fərqli düşüncə sahibləri xilas edə bilər. Daxildə hər zaman üsyan olur, suallar bir tərəfdən, düşüncələr də bir tərəfdən. Sanki nəsə o deyil. Sanki triller kimi bir həyat yaşayırsan. Axı bu belə olmalı deyildi. Həmişə də daxildə böyük bir boşluq. O boşluq Qara dəlik kimi hər şeyi özünə çəkib udur. Ruhun özündən sanki uzaq gəzir, elə bil Prometey kimi zəncirləyib, bədənindən ruhunu zorla qopardıblar. Ya da Sizif kimi faydasız bir əməyə məhkum edilmisən. 

Trackdə deyildiyi kimi :

Günəş altında yox yeni heçnə, 

Heçnədən gəlib, dönürük heçə. 

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)