Uzunmüddətli sevgi resepti varmı? - MARAQLI Featured

Rate this item
(0 votes)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sevginin qarşılıqlı olması vacibdirmi? Hər halda, vacibdir. Qarşılıqlı sevgi zamanı sevənlərin ən əsas vəzifəsi sevgini qoruyub saxlamaqdır, dəyərsizləşdirmə mərhələsinə yol verməməkdir. Sevginin ömrünün uzunluğunu rusiyalı psixoloq Vladimir Kirilenko bu formula ilə izah edir:

Sevgi uzunmüddətliyi bərabərdir: uyğunlaşmanın ideal səviyyəsi – qarşılıqlı maraqların olması – bir-birinə iradın olmaması.

B.Kirilenkoya görə uzunmüddətli sevgi reseptində ən vacib olanı əks tərəfi təmin edə bilməkdir. Bu təminetməyə həm maddi, həm mənəvi, həm fiziki parametrləri aid eləyə bilərik.

Uğurlu sevgiyə nail olmağın başqa bir şərti də sevgiyə kifayət qədər diqqət ayırmağı bacarmaqdır. Obrazlı şəkildə desək, bəzən insan özü öz əlləri ilə sevgisini boğub öldürür. Əgər siz sevginizə vaxt ayırmırsınızsa, qüvvə sərf etmirsinizsə, onu dəyərləndirmir, qiymətləndirmirsinizsə, onun gəlişinə görə şükranlıq eləmirsinizsə, sizi sevənin bunu kifayət qədər məsuliyyətlə və qaydasınca həyata keçirməsinə rəğmən az sevildiyinizi zənn edirsinizsə, bu halda sevgi sizdən üz döndərib gedəcək, bu reallıqdır.

Uğurlu sevginin daha bir şərtinə sevgidə dözümlülüyü misal gətirə bilərik. Mütəxəssislərin hesablamalarına görə, təqribən bir ildən sonra sevgi ehtirası azı iki dəfə azalır. Kişi-qadın münasibətləri üzrə ixtisaslaşmış və son illər bir çox ölkələrdə kifayət qədər populyar olan fransız yazıçısı Frederik Beqbeder məşhur «Məhəbbət üç il yaşayır» kitabı ilə, hətta sevgi hissinin dəqiq ömrünü də hesablamağa müvəffəq olub: üç il (əlbəttə, fransız yazıçı bu rəqəmi götürərkən bir çox təlimlərdən, mütəxəssis qənaətlərindən istifadə edib).

Sevgiyə cavab verən hormonların tükənmək fazası realdır, bunun qarşısını almaq, demək olar ki, mümkünsüzdür.

Əziz oxucularım, alimlərin fikrincə, kişi-qadın münasibətlərinin ardıcıl və dayanıqlı olmasında ən vacib məqam sevgi hormonları deaktivləşəndə sevgi hisslərini dostluq, qarşılıqlı hörmət hisslərinə çevirə bilmək bacarığıdır. Yeri gəlmişkən, bu hisslər daha dərin, daha uzunmüddətli olur. Siz ağsaqqal və ağbirçək bir cütlüyün bir-birinə can deyib can eşidərək bütün həyatları boyu xoşbəxt yaşamaları faktına yəni heç rast gəlməmisiniz? Şəxsən mənə yüzlərlə belə faktlar məlumdur.

Sevin, sevilin, əziz oxucularım. Dünyada sevgidən gözəl bir hissmi var? Ancaq sevərkən, çalışın, başınızı itirməyəsiniz. Sadaladıqlarıma diqqət etsəniz, bu mövzuda olan müxtəlif ədəbiyyatı oxusanız, şübhəsiz, sevgidə uğur qazana biləcəksiniz. Sevgi bir elmdir, onu öyrənmədən imtahan vermək barədə düşünməyin. Sevgi bir yüksəklikdir, gücünüzə əmin olmadan ora çıxmağa çalışmayın. Sevgi bir xoşbəxtlik əlifbasıdır. Bütün hərflərini öyrənib mənimsəyin ki, onu dərk edib oxuya biləsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)