ÜNSİYYƏT GUŞƏSİndə tarix müəllimi Səbuhi Kamal Featured

Rate this item
(4 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Hər birinizi salamlayırıq, əziz oxucular. Bugünkü qonağımı sizlərə təqdim etməkdən olduqca şadam. Çünki bugünkü müsahibim həm də mənim öz müəllimimdir. 

 

-Xoş gördük Səbuhi müəllim, gəlin sizi tanımayanlara da tanıdaq ki, Səbuhi Kamal kimdir. 

 

-Salam, xoş gördük. Tanıdaq deyirsiniz, tanıdaq. Səbuhi Kamal 30 yaşında gənc bir tarix müəllimidir. 12 ildir ki, abituriyent hazırlığı və 8 ildir  ki, miq üzrə hazırlıq dərsləri keçirəm. Təhsil üzrə az da olsa söz sahibiyəm deyə bilərəm. İxtisas sećimi, tələbə transferi kimi işlərlə də məşğulam. Qısaca, təhsilə dair hər hansı sahədə mənimlə rastlaşa bilərsiniz. 

Eyni zamanda hal-hazırda Evrika liseyində tarix fənnini tədris etməyə çalışıram. 

 

-Çox gözəl. Gəlin bizə başdan danışın ki, müəllim olmağa necə qərar verdiniz? 

 

-Ümumiyyətlə tarix fənnini əvvəldən sevmişəm. İnsan qərar verəndə düşünməlidir. Ya özün həyatda hər şeyi edəcəksən, ya da kimsə edəcək və sən də ondan asılı olacaqsan. Mən özüm etmək istədiyimə qərar verdim. Bu ixtisasın mənə tam uyğun olduğunu düşündüm, ixtisasımı sevirəm, çünki insanlarla işləyirəm, onlara, xüsusən gənclərə yol göstərirəm. Onlara faydalı ola bilirəm. Xüsusən də, elə yaşdakı gənclərlə əlaqədə oluram ki: daha çox abituriyentlərlə, onlarla işləmək, onların hansısa nöqsanını düzəltməyə çalışmaq, doğru yola yönəltmək həm keyifli, həm məsuliyyətli bir işdir. 

Eyni zamanda mən kimdənsə asılı işləri sevmirdim. Sərbəstliyi sevən biriyəm. Səhər 9dan axşam 6ya kimin üçünsə işləmək mənə uyğun olmayacaqdı. Düşündüm ki, müəllim olsam öz işim olacaq, öz işimdən zövq alacağam. 

Eyni zamanda bunun maddi tərəfi də var ki, bildiyimiz kimi, abituriyent hazırlığı ən önəmli məsələlərdən biridir və mən bu sahə ilə həyatımı qurub idarə edə bilirəm. 

 

-Ümumiyyətlə sizin dərslərinizdə olmuş bir abituriyent, bir tələbə kimi sizin dərs prosesinizə kifayət qədər bələdəm. Amma bir məsələ də var ki, müəllimlərin işi dərs deməklə bitmir.

Tələbələrə görə müəllimlər 2qrupa ayrılır. Pis və yaxşı müəllimlər. Bu da həm dərs deməsi, həm ünsiyyəti ilə bağlı olur. Bildiyim qədəri ilə bütün tələbələri tərəfindən sevilən o "yaxşı" müəllimlərdənsiniz. Bunun haqda nə düşünürsünüz?

 

-Birincisi, xarakter önəmlidir. Müəllim olan şəxs səbrli olmağı bacarmalıdır. İnsan nə qədər uşaqları sevsə də, onun xarakterində sevgi olmasa heç bir uşağı özünə bağlaya bilməz. Müəllim özü bir pedaqoqdur, o ayrı. Həmçinin müəllim bir aktyor olmalıdır. Lazım gələndə ağladacaq, lazım gələndə güldürəcək. Hətta uşağın valideyninə şikayəti elə etmək lazımdır ki, bu tələbəni səndən soyutmasın, səndən inciməsin. Tələbəylə səmimi bir bağ yaratmaq lazımdır ki, sən onu şikayət etsən də, tənqid etsən də, bu ona xoş gəlsin ki, məni düşünən biri var. 

Əsas məsələyə gələk, bizim vaxtımızda müəllimlər sərt idi, güldürmürdü, ağladırdı. Amma indiki gənclər bununla barışa bilmir. Onlar ağladanı yox, güldürəni sevir, istəyir. Əvvəllər bir söz var idi, deyirdilər "sənə güldürən yox, ağladan yanır", indi isə belə deyil. 

Uşaq müəllimi sevmədikdən sonra fənni sevə bilməz. Müəllimi sevdikdə isə fənni sevməsə belə sevməyə başlayır, oxumağa başlayır. Ən vacib məsələ səmimiyyətdir buna görə də.

 

-Siz eyni zamanda universitetlərə kodlaşdırma mütəxəssisisiniz. Bu sahədə də kifayət qədər uğurunuz var, hətta təltif olunmusunuz. Çox klassik bir sual verim. Bu uğurun qaynağı nədir? Ümumiyyətlə uğur sizə görə nədir?

 

-Açığı mən özümü tam olaraq uğurlu hesab etmirəm. Mənə görə bu uğur deyil. Çünki uğur bir məktəb səviyyəsi ya da dövlət səviyyəsi yox, beynəlxalq olmalıdır. Mən uğuru Avropayla ölçürəm. Bizim psixologiyamızda belə bir şey var ki, biri bir mükafat alıbsa Azərbaycanda onu alan uğurludur, xeyr. Mən dünyayla müqayisə edirəm. Məndən 5-10yaş böyük olan biri, Mark Facebook, Whatsap, İnstagram kimi şəbəkələri yaradıb. Mənim nisbətim bunlardır deyə özümü kifayət qədər uğurlu hesab etmirəm. Amma bu o demək deyil ki, uğursuzam, ya da bacarmıram, xeyr. Özümü daim inkiśaf etdirirəm.

Gələk ixtisas seçimi məsələsinə. İlkin vaxtlarda öyrənmək üçün mütəxəssislərdən öyrənməyə ćalışırdım. Qazancımın yarıdan çoxunu buna sərf edirdim. Daha sonra analiz etməyə başladım, DİM-dən araşdırmalar etdim, meyarların yoxlanılması üzrə kurslara yazıldım və s. Dayanmadım. Bu işdə məndən öncəki mütəxəssislərin paylaşımlarını izlədim. Öyrənməyə čalışdım və bacardım.

 

-Uğurla bağlı fikrinizi dediniz, bəs sizcə uğurun əsas şərti nədir? 

 

-Mənə görə uğurun əsas şərti disiplindir. Bunu śagirdlərimə də deyirəm. Düzdür, ilk öncə hər şey Allahın yazdığı qismətdən asılıdır. Allah yazmadığı nəyisə əldə etmək mümkün deyil. 5 yazıbsa 6-cı olmayacaq. Bu bir məsələ. Amma o 5-i qazanmaq da disiplin istəyir. Mənim üçün ən önəmli prinsip disiplindir. Öz üzərində čalışmaq, məsuliyyət və disiplin. Bunlar paralel olarsa və eyni zamanda insan inkişafa, öyrənməyə meyilli olarsa, axdarışda olarsa uğur qaçılmazdır. Mən işimi tarixə yönəltməmişəm təkcə. Günü bugün də hər mövzuda kitablar oxuyuram, dini, psixoloji, bədii əsərlər, elmi və s. Çünki gələcəkdə şansın haradan qarşıma çıxacağı bəlli olmaz. Şanslardan faydalanmağı bacarmaq lazımdır. Kiçik-böyük demədən fürsəti dəyərləndirmək lazımdır. Mən universitetə qəbul olduqda 2012-ci ildə bir kursa cv verdim və qəbul oldum. Aylıq qazancım cəmi 150manat idi və həftənin 3-4günü işləyirdim. Dözdüm. Bu gəlirin qalxacağını bilirdim. 4-cü kursda oxuyanda həm evdə abituriyentim var idi, həm kursdan qazancım var idi. Toplam 1200-1300manat qazanc qazanırdım aylıq. İndiki gənclər 300-400manatlıq satıcı işlərini belə bəyənmir, işləmir, halbuki heç o da havayıdan gəlmir, evdə valideyn əlinə baxırlar. Başlanğıcları yoxdur ki, ardı gəlsin. Bu doğru yol deyil. Amma məsələn, başlasalar o iş yerində baş kassirə, menecerə yüksələ də bilərlər. Əsas odur başlasınlar. Mən bilirəm ki, müəllimliyi bir gün buraxsam belə qurduğum hər hansı işdə 3-4ilə bugünkü səviyyəyə çata bilərəm, çünki öyrənməkdən qorxmuram, qaçmıram. 

 

-Deyim ki, ümumiyyətlə bizim müsahibəmizin məqsədi "karyerasında öz dişi-dırnaqlarıyla uğur qazananları tanımaq" idi. Mənim sizi seçməyimin səbəbi də həm daimi izləyiciniz, həm də şagirdiniz kimi sizin uğurlarınıza şahid olmam idi. Növbəti sualım həyatınızla bağlıdır. Hər kəsin həyatında çətin dönəmlər olur. Elə insanlar var ki, bu dönəm depresiyaya düşür, güc itirir, elələri də var, tam əksi, bundan güc alır. Siz hansı qrupdansınız?

 

-Deyirlər ki, yüz fikir bir dərdə çarə deyil. Amma mən bununla razı deyiləm. 2017-ci ildə universitetdə oxuyarkən şəxsi biznesim var idi mənim.  Həm dönər restoranım var idi,  oyun salonum var idi. Eyni zamanda abituriyent hazırlığıyla məşğul idim. Qardaşım həmin dönəmdə xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Lakin mübarizəni qalib çıxa bilmədi və onu itirdik. Onu itirəndən sonra mən 1il toparlana bilmədim. Bizneslərim batdı, şagirdlərim hazırlıqdan çıxdı. 17-18şagirdimdən cəmi 1-i qaldı və mən 1il boyu sadəcə 1cə nəfərə hazırlıq kećirdim. 4-cü kursda azı 1300-1500 qazanan mənim növbəti il sadəcə 50manat qazancım olurdu aylıq. Həmin vaxt kursda işləmirdim, amma gördüm ki, başqa çıxış yolu yoxdur, toparlanmalıyam, kursa müraciət etdim. 2018-2019-da qazandığım məbləğ cəmi 500-600manat idi. Sonrasında instagramda hesab açdım. Tarixlə bağlı postlar paylaşdım, addım-addım, damla-damla nələrisə yerinə qoymağa çalışdım. Bacardım. 2020-də yenə ailəvi məsələlərə görə eniş yaşadım, borca batdım, yenə qalxdım, topladım. Bunlar hamının başına gələ bilər. Qismətdə varsa ən yaxşısı da olur, ən pisi də olur. Hal hazırda Azərbaycanın ən böyük tarix səhifəsi mənimdir. Məsələ hər zaman çıxış yolu axtarmaqdır. 

 

-Qürur duyulası bir həyatınız var. Ümumilikdə keçmişə baxdıqda ən böyük uğurunuz nəyi hesab edirsiniz?

 

-Müəllim olmağımı. Çünki ətrafımda da, qohumda da hər kəsin mənə müəllim deməsi mənim üçün ən böyük uğurdur. Mən "bəy" deyə xitab olunmasını sevmirəm. Hər hansı bir qurumda mənə "bəy" deyildikdə də irad bildirirəm. Çünki mən müəlliməm. İşimi, adımı da layiqincə daşıya bilirəm. Və mən müəllim olmayanlara bu adın verilməsi ilə də razılaşa bilmirəm. İmkanlı olan hər kəs müəllim ola bilməz. Müəllim statusu alidir. Müəllim öyrədəndir. Düzdür, yorucudur, amma qürur verici bir hissdir. 

 

-Bir də, şagirdlərinizin uğurlarını görmək var ki, düşünürəm ki, bu da olduqca gözəl hissdir. 

 

-Əlbəttə, elədir. Şagirdlərimin hər hansı televiziyada, digər mediada çalışması, gəlib sənin kimi məndən müsahibə alması, yüksək vəzifədə çalışması. Bunlar möhtəşəm hislərdir. Bir şey də deyim ki, məsələn "niyə müəllimlik?" deyə soruşanlara deyirəm ki, bir müəllimin hər yerdə əli olur. Dərs dediyim şagirdlər, valideynləri hərəsi bir vəzifədədirlər. Sabah həkimə gedəsi olsam həkimin də yaxşısını bilirəm, mühəndisin də. Müraciət edə biləcəyim seçimlərim çoxdur. "Uşağımın müəllimidir" ; "mənim müəllimimdir" sözləri elə insan üçün yetir də artır.

 

-Mənim sizə suallarım bitdi əslinə qalsa, sizin hansısa bir məsləhətiniz varmı gənclərə?

 

-Gənclərə yox, özümə tövsiyə verirəm. Gənclərə də özümə rəva bildiyim nə varsa, özümə məsləhət bildiyim nə varsa onu məsləhət bilirəm. Mənim üçün həmişə əsas olan başlamaqdır. Körpə addım atmalıdır ki, qaça bilsin. Risk edin. Pulsuz işləyin, könüllü olun. Yetər ki, nə isə edin. Dayanmayın. Dayanmasanız, qazanacaqsınız. Məqsəd ali olduqdan sonra Allahın izni ilə hər şey əldə oluna bilər. Yetər ki, məqsəd, disiplin, həvəs olsun.

Hə bir də, işlə şəxsi həyatı hər zaman ayırın. Nə işə ev gətirin, nə evə iş. O zaman rahat və hüzurlu olacaqsınız. 

 

-Təşəkkür edirəm, Səbuhi müəllim. Sizi yenidən görmək, sizinlə söhbət etmək çox xoş oldu. Sizə gələcəyinizdə bugünkündən də çox uğur arzu edirəm. Bir tələbəniz olaraq sizin uğurlarınızı görmək olduqca sevindiricidir.

 

-Mənə də həmçinin bir müəllim kimi tələbəmin, sənin uğurunu görmək olduqca xoşdur. Mən də sənə uğurlar arzu edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)