Uşaq oyunları niyə unudulur? - AKTUAL Featured

Rate this item
(1 Vote)

 “Ədəbiyyat və incəsənət” portalı yenidən gələcəyimiz olan uşaqlar barədə mövzunu gündəmə gətirir.  Əməkdaşımız Malik Məmmədov əski həyatımızdan əsla fərqli olaraq günümüzdə uşaq oyunlarına münasibətin dəyişməsi mövzusu ilə bağlı apardığı araşdırmanı nəhəyət ki, uşaq psixoloqu Yasəmən Səfərzadəyə ünvanlanan suallarla yekunlaşdırıb və beləcə, bir çox suallara cavab tapılıb. Niyə bu gün uşaq oyunları yalnız kompüter və mobil telefonla məhdudlaşır?

 

Oyun fəaliyyəti yeni bir fəaliyyət növü deyildir. Oyun terapiyası uşağın problemlərini başa düşmək, onun hisslərini və rəftarlarını araşdırmaq və onlarla üzləşərək həll yollarını tapmağa imkan verən bir texnikadır. İlkin insanlar yaranan gündən elə oyun fəaliyyəti də yaranmışdır. Bəs oyun nədir?

Bir uşağın həyatında sevgi, diqqət, yuxu, qidalanma nə qədər əhəmiyyətlidirsə, oyun da bir o qədər əhəmiyyətlidir. Oyun oynarkən uşaqlar xoşbəxt olurlar.  Bəzən valideynlər övladlarının oyun oynaya bilmədiklərini, oyun oynarkən aqressivləşdiklərini və xoşbəxt olmadıqlarını düşünürlər.  Amma əslində uşaqlar oyun oynarkən öz hisslərini, düşüncələrini, yaşadıqlarını, söyləmək istədiklərini bizə göstərərlər. Və bir uşağın oyun oynarkən xoşbəxt olmaması, aqressivləşməsi, oyun oynaya bilməməsi elə onun həyatının, yaşadıqlarının bir göstəricisidir.

Oyun uşağın çətinliklərlə başa çıxma üsuludur. Biz uşağın oyununa fikir versək, əgər o öz oyununa münasibətlər sistemini, dostları, yoldaşları, valideynləri ilə olan münasibətini mütləq şəkildə yansıdır. Hər bir uşağın özünəməxsus sevgi dili olduğu kimi, bu sevgi dili də onların oyunlarına təsir edir.

Oyun uşaqların inkişafında xüsusilə əhəmiyyətlidir. Sadə bir oyun olan, hamımızın bildiyi amma uşaqlarımızın çoxunun unutduğu, oynamadığı "klas-klas" oyunundan nümunə gətirmək istəyirəm. Sadə görünən bu oyunda uşaq daş parçasını xanaya atdığı zaman, burada onun diqqəti, təfəkkürü, təxəyyülü inkişaf edir. Uşaq həm də sosial təsirə məruz qalır. Bir uşağın oyun prosesində dostları tərəfindən alqışlanması, ona ümid bəslənilməsi, qalib olmasının istənilməsi qədər məğlub olmasının gözlənilməsi də uşağın inkişafına çox müsbət təsir edir. Son zamanlar valideynlərin ən narahat olduğu məsələlərdən biri də "övladım paylaşa bilmir, mən nə etməliyəm". Uşağın paylaşmağını istəyiriksə, əgər oyun zamanı biz bunu ona aşılaya bilərik. Uşaq oyun zamanı daş parçasını dostları ilə paylaşdığı zaman, yaxud özü paylaşa bilməsə belə, başqa birinin paylaşdığını görməsi  uşagın davranışına mütləq şəkildə müsbət təsir göstərir.

Belə bir düşüncə tərzi mövcuddur ki, uşaqlar məktəbə gedənə qədər oyun oynaya bilər, artıq məktəb dövrü başladısa uşağın oyun prosesi də sonlanmalıdır. Oyunun yaşı yoxdur. Oyun uşağın həyatının ayrılmaz bir parçasıdır. Biz ona oyun zamanı öz hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradırıq. Və bir uşağın bundam məhrum olması öz hisslərini, yaşadıqlarını, düşüncələrini paylaşa bilməməsi deməkdir.

Bəzən oyuncaqlarla oynanılan oyunlarla inkişaf etdirici məşğələlər, əyləncə tipli məşğələlər səhv salınır. Oyuncaqlarla oynanılan oyunlar uşaqların hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradır. Uşaq burada istədiyi oyuncaqlardan istifadə edərək özünə  mühit yaradır. Ancaq əyləncə tipli məşğələlər də, inkişaf etdirici məşğələlər də uşağın valideynləri ilə vaxt keçirməsi baxımından çox əhəmiyyətlidir. Oyun uşaqların dili, oyuncaqlar isə söyləmək istədikləridir.

Demək, ən azından keçmişdəki oyunların bərpasına cəhd etməliyik!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)