Boz ay gəlir Featured

Rate this item
(2 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"  

 

Əski təsəvvürlərdə ilin qış fəslinin bölgülərinə "Çillə" adı verilmişdir. Çillə sözü "Cehl" sözündən olub 40 rəqəmini bildirir. El-obada qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə "Çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. 

 

Ta qədim zamanlardan insanlar müsibət, bəla ilə üzləşdikdə xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək, qış fəslinin hər bir çilləsində  qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün öz dünyagörüşləri səviyyəsində, çeşidli tədbirlərə əl atmış, xüsusi ayinlər icra etmişlər ki, bu da "çillə kəsmək" adlanır. 

 

Qış fəslinin ən uzun sürən vaxtının, ilk qırx gününün xalq arasındakı adı "Böyük çillə" adlanır. Bu müddət dekabrın 21/22-dən ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davan edir

Fevral ayının 1-dən başlayaraq 20-21-nə kimi davam edən dövrə   "Kiçik çillə" adı verilir.

Fevral ayının 21-22-dən yəni Kiçik çillənin bitdiyi gündən yazın ilk gününə - mart ayının 21-22-nə, yəni Novruz bayramına qədər olan dövr isə "Boz ay" adlanır.

Qış fəslinin son 30 günü olan Boz aya xalq arasında "Ağlar-gülər ayı", "Çalpo", "Alaçalpo", "Ala çillə", "Boz çillə", "Döl ayı", "Çilləbeçə", "Yazağzı" da deyilir. 

 

Boz ay özü də hərəsi bir həftə olmaqla 4 çilləbeçəyə (çərşənbə)  bölünür. Boz ayda havalar qəfil dəyişə, gündə bir neçə cildə girə bilir.

Rəvayət görə çox qədim zamanlarda insanlar ay haqq-hesabını bilmirdilər, elə ona görə də günü günə, ayı aya qarışdırırdılar. Belə çaşbaşlıq insanları bu qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı Boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Görürlər ki, yenə də haqsızlıq baş verdi; hər ayın 31 günü, Boz ayın isə cəmi 25 günü oldu. Onda yenidən aylara müraciət edirlər ki, hərəniz 1 gün də Boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır; nəhayət, biri 1, digəri 2, fevral isə hətta 3 gününü verir. 

Beləliklə, Boz ay olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün günün biri hava baxımından o birisinə oxşamır.

Boz ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, isti, soyuq - bir sözlə, dəyişkən olması ilə bağlıdır. İnsanlar bu aya öz münasibətlərini "Boz ay bozara-bozara keçər" şəklində ifadə etmişlər.

Boz ayın sərt təbiətinə qarşı ehtiyatlı olmağı diqqətdə saxlayan bir rəvayətə görə bir qarının yem ehtiyatı Boz aya qədər qurtarır. Bu andan da qarı havaların istiləşdiyini görüb oğlaqlarını çölə buraxır və:

Mart, gözünə barmağım,

Yaza çıxdı oğlağım - 

söyləyir. Qarının sözlərindən acıqlanan Boz ay yaza yalvarır ki, ona üç günlük borc versin. Yaz razı olur və Boz ay elə bir boran, tufan qoparır ki, qarının oğlaqları tələf olur. Azərbaycanın əksər yerlərində  bu üç gün "Qarı borcu" da adlanır. Bu rəvayətdın çıxarılan nəticəyə görə mal-qara üçün tədarük edilmiş ot-ələf və samanın yarısı bu vaxta qədər samanlıqda ehtiyat saxlanılmalıdır

Bu məqamda həmçinin, "Bir gül ilə bahar olmaz" məsəli də  yada düşür. Onu da qeyd edək ki, ölkəmizdən fərqli olaraq rus, italyan, ispan və alman xalqlarında bu məsəldəki "gül" əvəzinə "qaranquş" deyilir və bunun yaranma tarixi də Ezopun bir təmsili ilə əlaqələndirilir. Bu təmsilin məzmununa görə bədxərc bir cavan atadan qalma var-yoxu ağına-bozuna baxmadan dağıdır və tamamilə müflisləşir. Elə bu vaxr bir qaranquş görür və qış olmasına  baxmayaraq, elə zənn edir ki, artıq bahar gəlib. Baharın gəldiyini zənn edərək paltosunu da satır və daha sonra bu ona çox baha başa gəlir. Şiddətli şaxta qaranquşla birlikdə onu da dondurur. 

Xalq arasında bu müddətdə yəni Boz ayın son həftəsi ilə yazın ilk həftəsində əsən quru soyuq, şiddətli küləklərə bəzən "Xıdır Nəbi" küləyi də deyilir. Adətən həmin küləkdən sonra ağaclar puçurlanmağa (yarpaq açmağa) başladığı üçün bu küləyə bəzi hallarda " puçur yeli" də deyilir. 

 

Boz ayda havalar tez-tez dəyişir, yamaclar bozarır, dağlar dumana bürünür, şimşək çaxır, yağış yağır. Bir neçə gün çovğun, qasırğa olur. O biri gün isə birdən hava açılır, gün çıxır isti olur deyə boz aya ağlar-gülər ayı da deyilir. Bundan əlavə həm də Boz ay döl ayı da adlanır.

Belə bir el deyimi də var ki: "Boz ayımız bozarsa da, döl ayıdır ki, döl ayı".

Bu ayda qoyunlar quzulayır, quzular mələşir. Keçmiş zamanlarda dölün başlanması çobanların sevncinə səbəb olur və qohum qonşular dəvət olunaraq xalq arasında  bu münasibətlə xüsusi şənliklər təşkil olunurdu. 

 

Çillələr əfsanəsinə görə Boz ay səfərə çıxarkən yolda baxıb görür ki, səfərdən qayıdan özündən böyük qardaşı Kiçik çillənin qanı yamanca qaradı. Hirsindən az qalır ürəyi partlasın. Və ona belə söyləyir.

"Əziz qardaşım Kiçik çillə, sən də böyük qardaşımız Böyük çillə kimi insanların yanına xoş niyyətlə getməmişdin. Elə ikiniz də asaram-kəsərəm deyirdiniz. Amma indi baxın, görün mən gedib nə eləyəcəyəm. Mən adamlar üçün bayram aparacağam. Əkinləri cücərdəcəyəm. Çöllərdə, düzlərdə ot-ələfi göyərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam."

İki qardaş xudahafizləşib ayrılır. Boz ay el-obaya gəlir. Bir ay ömrü olan, Bahar-Novruz bayramı gününəcən yaşayan Boz ay başlayır hər çərşənbədə bir iş görməyə. Havaları qızdırır. Suların şaxını sındırır. Ağacları yuxudan oyadır. Torpağın canını isidir. Adamlar torpağın istiləşdiyini görüb onu şumlamağa, əkin-biçinə hazırlaşmağa başlayırlar.

Boz ayın çərşənbələrində həyətlərdə tonqallar yandırılır. Adamlar «ağırlığım-uğurluğum tökülsün», — deyib bu tonqalın üstündən hoppanmağa başlayılar.

Boz ay da beləcə ömür sürüb vaxtını başa vurur.

Artıq yer-yurd al yaşıla bürünür. Üç qardaş köçünü sürüb gedir. Onların yerinə istəkli bir qonaq gəlir, gözəllər gözəli bahar...

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)