“İrəvan mətbəxindən nümunələr” layihəsində - həlisə

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Həlisənin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Hinduşka və ya toyuq əti – 117 qr

§ Soğan – 17 qr

§ Yarma və ya buğda – 25 qr

§ Yağ – 20 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Hinduşka və ya toyuq bişirilir. Sümükdən ayrılır, işgənəyə yarma (2-3 saat əvvəldən isladılmış), ət əlavə olunub, həlim alınanadək qaynadılır.

Arzu Bağırova (Dərələyəz mahalı, Heşin kəndi) eyni nüsxədə hinduşka və ya toyuq əti əvəzinə qovur- malıq ət, əlavə olaraq ələyəz istifadə etmişdi.

Buğda isladılır, 2-3 saat saxlandıqdan sonra süzülür. Qurudulur və daş dübəkdə döyülür. Qabığı çıxarılmış, ağarıb düyüyə oxşar vəziyyətə düşmüş buğda qabığından ayrılır. Yenidən yuyulur. Qovurmalıq ət və soğan qovrulur, üzərinə işgənə və ya su əlavə olunur. Hazırlanan yarma çölməyə tökülür və duvağı (qapağı) örtülür. Təndirə, vam közün üzərinə sallanır. 2-3 saat bişdikdən sonra (təndirin də ağzını örtmək şərtilə) çıxarılır.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)