“İrəvan mətbəxindən nümunələr” layihəsində -Qovurmali əvəlikli əriştə şorbası

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Qovurmali əvəlikli əriştə şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR 

§ Qovurma – 78 qr

§ Soğan – 40 qr

§ Əvəlik – 40 qr

§ Əriştə – 40 qr

§ Qırmızı lobya – 38 qr

§ Sarı alça qurusu – 10 qr

§ İstiot – 0,5 qr

§ Duz – 6 qr

Əriştə:

§ Un – 30 qr

§ Yumurta – 7 qr

§ Duz – 3 qr

 

Tərifə Kəngərlinskaya (İrəvan şəhəri) eyni nüsxəni “əriştə aşı” adlandırmışdı. Eyni nüsxədə qırmızı lobya əvəzinə albuxara və ərik qurusu istifadə etmişdi.

Arzu Bağırova (Dərələyəz mahalı, Heşin kəndi) eyni nüsxəni “əriştə” adlandırmışdı. Eyni nüsxədə qırmızı lobya, alça qurusu əvəzinə maş və noxud, əlavə olaraq ələyəz istifadə etmişdi. Səkinə Bağırova (İrəvan şəhəri, Zən- gibasar rayonu) eyni nüsxəni “əriştə aşı” adlandırmışdı. Bu nüsxədə əlavə olaraq keşniş istifadə etmişdi.

Tariyel Səfərəliyev (Dərələyəz mahalı, Cernuk şəhəri) eyni nüsxəni “sulu əriştə” adlandırmışdı. Eyni nüsxədə alça qurusu əvəzinə noxud, çil lobya (maş), əlavə olaraq ələyəz, şıbırt, pul bibər istifadə etmişdi.

 

HAZIRLANMASI:

Adi, çox da bərk olmayan xəmir yoğrulur. 15-20 dəqiqə acımağa qoyulur. Sonra kündələrə ayrılır, urva- lanır. Yenə 10-15 dəqiqə üstüörtülü saxlanılır. 1,5-2 mm qalınlığında lavaş yayılır, qatlanır, eni 1,5-2 mm olan əriş- tələr kəsilir. Sonra əriştələr unlanır, dəstələnir, ipdən asılır. Şərait olma- dıqda məcməyidə saxlana bilər. Hazır əriştələr qurudulur və ya təzə halda bişirilir.

Lobya təmizlənir, yuyulur, yarı bi- şirilir. Əvəlik 1 sm ölçüdə doğranır, yuyulur, isladılır. Əvəlik 20 dəqiqə ərzində bişirilir. Soğan təmizlənir, yuyulur, xırda doğranır, quru alça yuyulur, təmizlənir. Qovurma qazana yığılır və ocağa qoyulur. Qovurma tam qızdıqda soğan qazana əlavə olunur. Soğan qızardıqda əvəlik, yarıbişmiş lobya, quru alça və işgənə əlavə edilir, qaynamağa qoyulur. Qaynayan zaman əriştələr əlavə edilir, duz, istiot, ədviyyat vurulur. 10-15 dəqiqəyə xörək tam hazır olur.

 

QEYD: Yayda bu xörək təzə əvəliklə də hazırlanır.

Qovurma ilə hazırlanan xörəklər, əsasən, qışda bişirildiyi üçün müxtəlif növ tərəvəz turşuları, meyvə-giləmeyvə mətləri ilə süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)