Həsən Məmmədov: “Bizdə filmə baxmağı bacarmırlar” Featured

Rate this item
(2 votes)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib böyük kinoaktyor, mərhum Həsən Məmmədovdur. Onunla müsahibə 1998-ci ildə götürülüb.

 

“Yeddi oğul istərəm filminə qədər o, “Böyük dayaq” “Arşın malalan” və digər filmlərə çəkilmişdi. “Yeddi oğul istərəm”dən sonra da çoxlu rollar oynadı: “Axırıncı aşırım”da Abbasqulu bəy Şadlinski, “Gün keçdi” də Oqtay, “Dədə Qorqud”da Qorqud, “İstintaq”da Murad... Amma heç bir rolu onu geniş tamaşaçı kütləsinə “Yeddi oğul istərəm” filminin baş qəhrəmanı Bəxtiyar qədər sevdirmədi. Hətta filmin çəkilişlərindən sonra onu çox vaxt “Bəxtiyar” çağırmağa başladılar. Amma o “Ən çox sevdiyiniz rol hansıdır?” sualına  “Bizi bağışlayın” filmində Nəriman” deyə cavab verdi.

Aktyor özü bu barədə nə deyir-desin, kinomuzda onun adı ilə bağlı olan realist-psixoloji üslub məhz Bəxtiyarla başlayır. Bəxtiyar onun sənət taleyidir və Həsən Məmmədov, doğrudan da, bəxtiyar sənətkardır.

Milli kinomuzun ən parlaq nümayəndələrindən biri olan görkəmli aktyorun tezliklə 60 yaşı tamam olacaq. Bəs, ömrünün 60 illik zirvəsindən dönüb geri baxan sənətkar indi nələr düşünür?

 

-        Həsən müəllim, necə oldu ki, universitetin filologiya fakültəsinin ikinci kursundan çıxıb, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil oldunuz?

-        Mən filologiya fakültəsini deyil, fizika-riyaziyyat fakültəsini yarımçıq qoyub, aktyorluq fakültəsinə daxil olmuşam.

-İxtisas dəyişmək cəsarət tələb edir. Bu cəsarətli dönüşə təkan verən yəqin ki, uşaqlıqdan aktyor olmaq arzunuz olub?

-Mənim uşaqlığım Salyanda keçib. Bütün kənd uşaqları kimi palçıqlı küçələrdə ayaqyalın gəzib-dolanmışam. Nə teatr görmüşəm, nə də aktyor. Bakıya gələndən sonra tədricən teatrlara ayaq açdım, tamaşalara getdim və özümdə aktyor olmaq arzusu hiss etdim. Bir gecə, elə bil, kimsə mənə dedi ki, sən aktyor olmalısan.

-        Əvvəla, icazə verin, qarşıdan gələn 60 illik yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edim. İkincisi, 60 illik ömrün zirvəsindən geri baxan Xalq artisti Həsən Məmmədov gənc Həsənin atdığı o cəsarətli addıma indi necə qiymət verir?

-        Təbrik və xoş sözlər üçün sağ olun. İndiki səviyyəmlə dönüb geri baxanda gəncliyimdə atdığım bu addıma sevinirəm. Deyirəm, nə yaxşı, bu addımı atmışam və axırı da pis qurtarmayıb.

-        Sizin kinoda ilk işiniz “Böyük dayaq” filmində Qaraş obrazıdır. O vaxt hələ aktyor kimi tanınmayan, zahiri görünüşü ilə də diqqəti o qədər çəkməyən bir tələbənin bu filmə çəkilməsi necə oldu?

-        (təəccüblə) Doğrudan, siz elə fikirləşirsiniz?

-        Həsən müəllim, sizin bir aktyor kimi də, zahiri görünüşcə də formalaşmağınız Əsgər, Oqtay obrazlarında baş verdi. Qaraş obrazında bunu qətiyyətlə demək hələ mümkün deyildi. Mən bunu demək istəyirdim. Yoxsa ki, sizin görünüşcə Alen Delondan, istedad baxımından Jan Qabendən geri qaldığınızı düşünmürəm. İndi isə müsaidənizlə sualımıza qayıdaq, filmə çəkilməyiniz necə oldu?

-        Görünür, bəxt, qismət deyilən bir şeylə razılaşmaq lazımdır (gülümsəyir). Siz bu filmin adını çəkəndə mən elə bildim ki, başqa bir sual verəcəksiniz. Bu filmlə bağlı adətən məndən soruşurlar ki, Rüstəm kişini oynayan Ələsgər Ələkbərov mənə doğrudan sillə vurub, ya yox?

-        Bəlkə, söhbətimizi elə bu sualla da davam etdirək?

-        O məni elə bərk vurdu ki, gözlərimdə sanki bir ildırım çaxdı. İndi desəm ki, o boyda sənətkar çəkilişdən sonra hələ heç kəsin tanımadığı bir cavanın qarşısında ağladı, üzr istədi, bəlkə də, inanmayacaqsınız. Özü də ağlamaq da var ağlamaq da... Hönkür-hönkür ağladı. Deyirdim ki, ay Ələsgər əmi, vurmusunuz, lap yaxşı eləmisiniz, nə olub, dünya dağılmayıb ki? Kimə deyirsən?

-        Siz belə zərbəyə hazır deyildiniz, nə əcəb rolda çaşmadınız?

-        (tərəddüdlə) Məni bərk vurmağı özüm ondan xahiş etmişdim.

-        Leyla Şıxlinskaya ilə “Arşın malalan”, “Gün keçdi”, “Bağ mövsümü” filmlərində tərəf müqabili olmusunuz. Ümumiyyətlə, Leyla xanımın çəkildiyi bütün filmlərə çəkilmisiniz. Bu, bir təsadüf idimi?

-        Bu, əlbəttə, rejissorlardan asılı olan bir işdir. Amma onu da deyim ki, bir tərəf müqabili kimi mən Leyla xanımdan çox razıyam. Mübaliğəsiz deyə bilərəm ki, Leyla Bədirbəyli və Nəcibə Məlikovadan sonra o bizim ən yaxşı kinoaktrisamız idi. Çox təəssüf ki, onun potensialından lazımınca istifadə olunmadı.

-        Sizin “Arşın malalan”dakı Əsgərinizlə Rəşid Behbudovun Əsgəri arasında nə kimi fərq var?

-        O film müharibədən dərhal sonra çəkildi, xalqa ümid, işıq verdi. Bütün dünyada məşhur oldu. “Arşın mal alan”ın 60-cı illərdə ikinci dəfə çəkilməsi rəngli film tələbi ilə bağlı idi. Və əlbəttə, bizim üstünlüyümüz dövrün üstünlüyü idi. Əgər başqa cür olsaydı da, belə demək bizim borcumuzdur.

-        Xarici rejissorlardan biri sizin haqqınızda deyib ki, “bu aktyor danışana qədər dahidir”. Bu fikirlə razısınızmı?

-        (təəccüblə) Necə?

-        Yəni xarici rejissor demək istəyib ki, siz baxışlarınız, mimikanızla dahisiniz...

-        Mən özüm haqqında heç vaxt belə tərifli sözlər demək istəməzdim, amma məcburam deyəm. Bu necə ola bilər ki, mən ağzımı açmamış obrazı yaradım, amma bütövlükdə onun öhdəsindən gələ bilməyim? Əgər mən “Axırıncı aşırım” filmində Abasqulu bəy Şadlinski roluna görə 1972-ci ildə Tiflisdə keçirilən kinofestivalda “Ən yaxşı kişi rolunun ifaçısı” mükafatına layiq görülmüşəmsə, deməli, obrazın öhdəsindən tam gələ bilmişəm. Eləcə də, “İstintaq” filmindəki Murad roluma görə Dövlət mükafatı almışamsa, bu elə beləcə, gözüyumulu olmayıb.

-        Siz bir çox filmlərdə insan iztirabının, insan kədərinin ən son ifadəsini yaratmısınız. Məsələn, Bəxtiyarın Sarı Şəmistandan gələn məktubu oxuduğu epizod, Muradın müstəntiqin suallarına cavab verdiyi kadrlar, Dədə Qorqudun qəbrin kənarında oturduğu səhnə... Bu əzabkeşlik sizdə hardandır?

-        Bu əzabkeşlik obrazla bağlıdır. Həyat başqa şeydir. Əgər filmin məzmunu gərgin psixoloji anları canlandırmağı tələb edirsə, aktyorun borcudur ki, bunu eləsin. Məsələn, mənim yadımdadır ki, “Birisigün gecəyarısı” filminin çəkilişi zamanı nə qədər daxili əzab çəkdim. Yaxşı yadımdadır ki, Ələsgər Ələkbərov Mehdi Hüseynin “Cavanşir” pyesinin tamaşası zamanı rolun həyəcanları ilə elə yaşayırdı ki, on iki alt köynək dəyişirdi. Mən öz gözümlə görmüşəm ki, o, köynəyini necə sıxıb və köynəkdən su necə tökülüb. Əlbəttə, özümü o dahi sənətkara oxşatmaq fikrindən çox uzağam. Amma filmlərdə də o əzabları yaşamaq tələb olunur.

-        “Dədə Qorqud” filmi ekranlara çıxanda bəziləri sizin Qorqud rolu üçün çox cavan olduğunuzu söylədilər.

-        (gülümsəyir) Dediyiniz iradı tutan adamlar necə deyə bilərlər ki, Dədə Qorqud elə olub, ya elə olamyıb, o yaşda olub, ya olmayıb. Heç kəs deyə bilməz ki, Dədə Qorqud səksən, və ya doxsan yaşda olub. Əsas odur ki, o, saçı-saqqalı ağarmış bir el ağsaqqalıdır. Və bu, məncə, filmdə də var.

-        “Axırıncı Aşırım” filmində böyük sənətkar Adil İsgəndərovla tərəf müqabili olmusunuz. Deyirlər ki, böyük rejissorun həm də böyük aktyor olması nadir hadisədir. Sizcə, bu fikir milli rejissuramızın titanının timsalında özünü doğruldurdumu?

-        Onun filmlərdə gözəl rolları olub: “Mehman”da Kamilov, “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl, “Dərviş Parisi partladır”da Hatəmxan Ağa... “Axırıncı aşırım” filmində “Ən yaxşı kişi rolunun ifaçısı” mükafatını biz ikimiz aldıq. O çox talantlı, dəhşətli dərəcədə xoşagələn obraz yaradan aktyor idi. O köklüklə, o bədənlə çox ciddi obrazlar yarada bilirdi. Ədil müəllim özünəməxsus adam idi, onu ötüb keçən olmayacaq.

-        1978-ci ildə Adil İsgəndərovun vəfatı Brejnevin Bakıya gəlişi ilə üst-üstə düşüb. Deyilənlərə görə, onun dəfnində cəmi dörd nəfər iştirak edib: Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya və Hamlet Xanızadə. Nə əcəb, siz beşinci deyildiniz?

-        Mən onun dəfnində iştirak etmişəm. Yadımdadır ki, cənazə Teatr xadimləri İttifaqından götürüldü. İndiki kimi yadımdadır ki, dəfn Ədil müəllimə yaraşan səviyyədə olmadı, necə ki, Tofiq Tağızadənin bu günlərdəki dəfni özünəlayiq deyildi. O cür gözəl filmlər çəkən rejissorun dəfninin bu cür keçməsi, zalın boşluğu, şəxsən, mənə çox ağır təsir etdi. Tofiq Tağızadənin dəfnində üç-dörd  dövlət rəsmisindən başqa heç kəs yox idi. Səhnəyə hətta mikrafon belə qoymamışdılar. Adil İsgəndərovun dəfni bu dərəcədə etinasızlıqla keçirilməmişdi. Cənazə yerdən götürüləndə zala çoxlu adam yığılmışdı. Amma qəbiristanlığa yola salınanda meyidi tələsik maşına qoyub apardıalr. Heç, macal da vermədilər ki, camaat qəbiristanlığa getsin.

-        Sizcə, niyə belə elədilər?

-        Mən artıq buna qarışmıram.

-        Adil İsgəndərovun kinostudiyanın direktorluğundan uzaqlaşdırılması yadınızda necə qalıb?

-        (dərin bir köks ötürür) Azərbaycan kinosunun ən parlaq dövrləri 1969-82-ci illərdir. Bu dövrdə bir neçə ili çıxmaq şərtilə kinostudiyanın direktoru Adil İsgəndərov olub. O, Azərbaycan ziyalılarını, rejissorları, aktyorları, operatorları yığdı, cəmlədi və Azərbaycan kinosunu ayağa qaldırdı. Amma onun kinostudiyadan getməsi çox müəmmalı oldu. Mən bu barədə nəsə deyə bilmərəm.

-        Heç özünüzü oynadığınız rol olubmu?

-        İndiyədək yetmişə qədər rol oynamışam. Bunların içində mənə ən yaxın olanı “Böyük dayaq”dakı Qaraşdır. Düzdür, o evlidir, mən isə o vaxtlar subay idim. Amma çox şey bizi doğmalaşdırırdı – onun gəncliyi, saflığı, kənd mühitindən çıxması.

-        Təsəvvür edin ki, bütün obrazlarınızdan qiymətli bir üzük hazırlayırsınız. Onun qaşı hansı obrazınız olardı?

-        “Bizi bağışlayın” filmində Nəriman.

-        Niyə məhz Nəriman? O sizin nisbətən az şöhrət qazanan obrazlarınızdandır.

-        Siz sual verdiniz, mən də cavab verdim. Görürsünüz, yenə gəldik mən deyənə. Dövlət mükafat verməyib, geniş ekranda getməyib, televiziya filmidir, yalnız televiziya ilə göstərilib. Bu filmin mənası böyük idi. Təəssüf ki, bizdə filmə baxmağı bacarmırlar. Görürsən, söhbət edə-edə, çörək yeyə-yeyə kinoya baxırlar. Bəzən bircə epizoda diqqət yetirməsən, kinonu başa düşməyə bilərsən.

-        Uzun illər boyu Rasim Balayevlə bir dəfə də olsun tərəf müqabili olmamısınız. Elə bil ki, ayrı-ayrı planetlərdə yaşamısınız.

-        Sizin bu sualı verməyə haqqınız var. Azərbaycan kinosu mənimlə qurtarmır ki... Sevindiricidir ki, məndən sonra kinoya Rasim gəldi, Şahmar gəldi, Hamlet gəldi, Səməndər var idi, Allah rəhmət eləsin... Bizdə bir çatışmayan cəhət olub – aktyorları bir yerə yığmamaq. Rasim mənim xoşuma gələn aktyordur. Amma tərəf müqabili olmaq rejissordan asılıdır. Mən şad olardım ki, onunla tərəf müqabili olum. Mənə elə gəlir ki, o da şad olardı...

-        Ürəyinizdə qalan rol olubmu?

-        Əgər rolu başqasına veriblərsə, mənim o rolda gözüm olmayıb. O da kimdirsə, aktyordur, qoy oynasın.

-        70-ci illərdən sonra filmlərə niyə az çəkilmisiniz?

-        Mən nə çəkildimsə, 1882-cilə kimi çəkildim. Kişi Moskavaya gedəndən sonra kinomuz sönməyə başladı. Onun kinoya diqqəti böyük idi.

-        Heydər Əliyevlə şəxsən ünsiyyətdə olmusunuzmu?

-        Mən onunla iki dəfə görüşmüşəm. 1982-ci ildə o Moskvaya yola düşəndə bir çox ziyalılarla görüş keçirdi. Onların arasında mən də var idim. O vaxt mən Xalq artisti adına layiq görülmüşdüm. Məni təbrik etdi, dedi ki, bundan da yüksək adlara layiq görüləsən. İkinci görüşümüz teatrda olub.

-        Başqa ölkələrə çəkilişlərə dəvət almısınızmı?

-        “Belarusfilm”də üç, “Tacikfilm”də bir filmə çəkilmişəm. Bu il İranın səkkiz seriyalı “Vüsal günləri” filminə çəkildim.

-        Xomeyni rejimindən sonra İranda kino sənəti hansı durumdadır?

-        Mən İran filmi ilə dərindən tanış deyiləm. Amma orada qaldığım qırx gün müddətində Tehranda, Ərdəbildə filmlərə baxdım. İldə yetmiş  film çəkirlər, səviyyəsi də çox gözəl. Əsas mövzuları İran-İraq müharibəsidir. Artıq İran filmləri Beynəlxalq kinofestivallarda yer almağa başlayıb.

-        İranlılar qonaqpərəst olarlar...

-        Olduqca. Qırx  gün orada olduğum müddətdə məni heç nədən korluq çəkməyə qoymadılar.

-        Siz də onları eyni səviyyədə qarşılaya bilərsinizmi?

-        Onlar mənim mikrorayonda yaşadığımı görüb təəccüb etdilər. Elə bilirdilər ki, mən tanınmış aktyoramsa, Xalq artistiyəmsə, dəbdəbə içində yaşayıram. Məni orada işləməyə də dəvət etdilər, getmədim.

-        Prezident rəğbət bəslədiyi sənətçilərə qarşı çox diqqətlidir. Nə əcəb, indiyədək şəhərin mərkəzi yerlərindən birində sizi evlə təmin etməyiblər?

-        İş Prezidentlik deyil. Prezident teatrda mənimlə görüşəndə bu məsələ ilə maraqlandı. Müvafiq məsələyə baxan Eldəniz Lahıcova bu barədə göstəriş də verdi. Sadəcə, mən özümü hər yerə soxan adam deyiləm.

-        Ailə vəziyyətiniz barədə heç danışmadıq...

-        Həyat yoldaşım evdar qadındır. Sənətdə qazandığım uğurlarda onun çox böyük zəhməti var. İki oğlum var. Övladlarım arasında sənətlə məşğul olan yoxdur.

-        Sənət həyatınızda unudulmaz fakt...

-        Gərək onda mən sənə yetmiş gün, yetmiş gecə söhbət edim… Amma bütövlükdə götürəndə deyirəm ki, ay Allah, qurban olum sənə, nə yaxşı o vaxt imkan olub, obrazlar yaratmışam. İndi buna imkan yoxdur. İndi kino var bəyəm?

-        Deyirlər ki, Azərbaycan kinosu ölüm həddindədir...

-        Azərbaycan kinosu ölümcül bir yaralı kimi çabalayır. Mən inanmıram ki, Azərbayccam kinosu bir də dirilsin! Dağıldı! Dağıtdılar Azərbaycan kinosunu! Müstəqillik qazanandan sonra dörd ilə qədər işsiz qaldım. Axırda yenə də üz tutdum teatra.

-        Kinonu kimlər dağıtdı?

-        Mən bu barədə ətraflı danışan deyiləm. Bəlkə də bu, qəzet söhbəti deyil. Dağıdan dağıtdı...

-        Sizin sözünüzdən belə çıxır ki, kinomuzun indiki tənəzzülü subyektiv amillərlə bağlıdır.

-        Bu sualı kinoya şəxsən rəhbərlik edən adamlara ünvanlamaq lazımdır. Amma gülməli də olsa, yenə Allaha şükür ki, xalqın içində kinoyla maraqlanan adamlar qalıb. İndi əksər adamlar iyrənc ideyalar təbliğ edən filmlərlə maraqlanırlar.

-        Realist, psixoloji obrazlar qalareyası yaratmış Həsən Məmmədov teatrın romantik atmosferində özünü necə hiss edir?

-        Mən teatrda əvvəllər də işləmişəm, tələbə vaxtı kütləvi səhnələrə çıxmışam. Sonra müstəqil rollar da oynamışdım.

-        Səməd Vurğunun “Fərhad və Şirin”ində Xosrovu romantik bir pafosla oynayırsınız. Bu, rejissor travtofkasıdır, yoxsa bir aktyor kimi öz daxilinizdən gəlir?

-        “Fərhad və Şirin” Sovet dövründə yazıldığından orada müəyyən ideoloji əyintilərə yol verilib. Əsil Xosrovla əsl Şirin Nizaminin “Xəmsə”sindədir. Mən Xosrovu yaradanda daha çox Nizamiyə əsaslanıram. Nizami isə dünyanın ən böyük romantiklərindən biridir.

-        Altmışıncı illər Azərbaycan teatrının Baratlı, Ələkbərovlu günlərini görən gənc Həsən otuz il sonra yenidən teatra qayıdanda müqayisədə nə gördü?

-        Mən ondakı teatrı indi görmürəm.O  vaxt gördüklərim indiki teatrda yox dərəcəsindədir.

-        Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

-        Bir ovuc torpaq...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)