Mədəniyyət naziri Dram Teatrının kollektivi ilə görüşdü

Rate this item
(0 votes)

İyulun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə öncə
teatrın direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov nazirə mədəniyyət ocağının uğurları, repertuarda olan tamaşaları, texniki imkanları haqqında məlumat verdi.
Daha sonra nazir böyük tarixə malik olan Akademik Milli Dram Teatrında yaradıcı kollektivlə görüşməkdən məmnun olduğunu bildirdi, ölkədə  mədəniyyət sahəsinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd etdi, dövlətin bu sahəyə diqqət və qayğısından söz açdı. Nazir bildirdi ki, Mədəniyyət Nazirliyi teatr sahəsində islahatları özünün ən vacib, prioritet istiqamətlərindən biri hesab edir.
O dedi: “Teatr tarixən milli ruhun qorunub saxlanılmasında böyük rol oynayıb. Məqsədimiz, amalımız odur ki, teatr inkişaf etsin. Biz Azərbaycan teatr sənətinin zəngin ənənələrini daha da inkişaf etdirməliyik. Teatrın inkişafına, yeni uğurlar qazanmasına dövlətin hər zaman dəstəyi olub, bundan sonra da olacaq”.
Nazir onu da əlavə etdi ki, bir əsrdən çox tarixi olan Akademik Milli Dram Teatrında böyük sənətkarlar çalışıb, teatrda Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri tamaşaya qoyulub, bu səhnədə təqdim olunan tamaşalar eyni zamanda bizə tariximizi, ədəbi irsimizi tanıdıb, mənəvi dəyərlərimizi, milli kimliyimizi təlqin edib. Pandemiyanın, mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə zərbə vurduğunu, yaradıcı fəaliyyəti məhdudlaşdırdığını deyən Anar Kərimov tezliklə teatr müəssisələrinin fəaliyyətə başlayacağına və öz tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcəyinə ümid etdiyini bildirdi.
Daha sonra xalq artistləri Nurəddin Mehdixanlı və Rafiq Əzimov çıxış edərək teatrın müasir cəmiyyətin həyatında oynadığı mühüm roldan danışdılar, mədəniyyət nazirinə kollektivlə görüşdüyü üçün təşəkkürlərini bildirdilər.
Görüş xoş hər iki tərəfdə təəssüratlar oyatdı.