Bu gün “Toya bir gün qalmış" komediyası Musiqili Teatrın səhnəsində oynanılacaq

Rate this item
(0 votes)

Uzun fasilədən sonra bu gün - iyulun 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. 

 

Teatrdan verilən məlumata görə, quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər. 

Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Qeyd edək ki, gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir…

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)