70 illikdə sükut Featured

Rate this item
(0 votes)

Telman Adıgözəlovun anadan olmasından 70 il ötdü

 

Ötən gün Azərbaycanın mərhum Xalq artisti Telman Adıgözəlovun anadan olmasından 70 il ötdü. 

Düzü, nəsə bir anım tədbiri, xatirə yazısı görə biımədik. Halbuki, söhbət çox məşhur aktyordan gedirdi. 

Niyə, nə səbəbə, nə üçün? Düzü cavab verməkdə çətinlik çəkirik.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayaraq  teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda “Zəncirvuran”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında “Daşdəmir”, İ. Əfəndiyevin “Mahnı dağlarda qaldı”sında Rəhman, U.Şekspirin “Maqbet”ində “Flins”, M.İbrahimovun “Közərən ocaqlar”ında “Xanəhməd”, H.Cavidin “İblis”ində “Şeypurçu”, S.Vurğunun “Vaqif”ində “Təlxək”, S.Rəhmanın “Nişanlı qız”ında “Eynəkli kişi”, E.Baxışın “Qədr gecəsi”ndə “Oyunbaz”, Elçinin “Ah Paris…Paris!..” tamaşasında “Əhməd”, “Mənim sevimli dəlim”də “Professor”, R.Novruzun “Hələ “sevirəm” deməmişdilər” tamaşasında “Qumarbaz” obrazlarını göstərmək olar.

İstedadlı aktyor AzTV-də hazırlanmış “Yaşıl eynəkli adam”, “Oradan-buradan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Populyar aktyor 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

Aktyorun bir qızı, bir oğlu var.

Ruhu şad olsun!

 

Hazırda Teatr Xadimləri İttifaqına başçılıq edən Hacı İsmayılov illər öncə, bu vəzifəyə keçməmiş Telmanın vəfatının ildönümündə söyləmişdi:

- Telman Adıgözəlovun yoxluğu həmişə məni yandırıb. Telman, mən, bir də Səməndər Rzayev - bütün sənət əhli bilir ki, biz ayrılmaz üç dost olmuşuq. Özü də haraya getmişiksə, bərabər getmişik - gəzintilərə, məclislərə, qastrollara. Onunla üç tamaşada da tərəf-müqabil olmuşdum: “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Ax Paris, Paris”. Telmanla tərəf-müqabil olmağın ayrı ləzzəti vardı. Bir-birimizin nə demək istədiyini göydə tuturduq.

Hər dəfə ətrafıma baxıb o insanları görmədikcə sarsılıram. Səməndərdən sonra Telmanı itirmək mənə ikiqat zərbə oldu. Yatsaydım, yuxuma da girməzdi ki, Telmanı çox erkən - 57 yaşında itirəcəyəm.

 

P.S. Bəlkə Teatr Xadimləri İttifaqı Telman Adıgözəlovun anım günündə nəsə bir tədbir keçirib hər halda? Məsələyə aydınlıq gətirməyə çalışacağıq. 

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)