Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb

Rate this item
(0 votes)

 

Noyabrın 10-dan 15-dək paytaxtımızda XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Festivalın Təşkilat Komitəsindən verilən müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqə, “Cinemobil”ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər. 

 

Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-dək filmfreeway.com/bakuisff  platforması üzərindən göndərməlidirlər. Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı (www.filmfestival.az) vasitəsilə sentyabrın 20-dək göndərə bilər. 

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

“Cinemobil”ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. Müsabiqənin yarışma bölümündə mübarizə aparacaq filmlər iki nominasiya uğrunda yarışacaq. Belə ki, “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək. 

Festivala göndərilən bütün filmlər Seçim Komissiyasının ixtiyarına veriləcək. Peşəkar mütəxəssislərdən ibarət olan həmin heyət festivalın müsabiqə bölmələrində yarışacaq filmləri müəyyənləşdirəcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək. Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı oktyabrın 25-də elan olunacaq. 

Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir ki, əzmlə yoluna davam edir. Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)