Bu gün tanınmış rejissor Oqtay Babazadənin 80 yaşı tamam olur

Rate this item
(0 votes)

 

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirsə də kinoya sevgisi Oqtay Babazadəni 1974-1979-cu illərdə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil almağa yönəltmişdir. O, hələ sovetlər dönəmində onlarla kinofilmlərin rejissoru olmuşdur. Rejissor Tofiq Bəhramov, Ələkbər Məmmədov kimi futbol, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Dmitri Şostakoviç, Mstislav Rostropoviç kimi incəsənət adamlarının obrazlarını lentdə və ekranda əbədiləşdirmişdir. Onun rejissorluq filmotekasına 150-dən çox bədii, musiqili, sənədli filmlər daxildir. O. Babazadənin çəkdiyi filmlər dəfələrlə müxtəlif beynəlxalq kinovideo festivallarında diplom və mükafatlara layiq görülmüşdür. “Hakim” filmi Tiflisdə “Qran-Pri” və “Yaradıcılıq axtarışlarına görə” priz və diploma, “Leyla və onun dostları” Moskvada keçirilən Beynəlxalq Gənclər forumunun kinofestivalında 2-ci dərəcəli prizə və diploma layiq görülmüşdür. Tammetrajlı “Toğrul” filmi 2011-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş birinci Televiziya filmləri festivalının “TEFİ” – “Birlik” diplomuna layiq görülmüşdir. Oqtay Babazadə 2000-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

 

Təbrik edirik yubilyarı.