Bu gün Xalq artisti Rza Əfqanlının anadan olmasının 124-cü ildönümü tamam olur Featured

Rate this item
(0 votes)

Azərbaycan səhnəsinin əfsanəvi aktyorları az olmayıb. Onlardan biri də Xalq artisti Rza Əfqanlıdır. 

Bu gün Azərbaycan teatr və kino tariximizin görkəmli siması, Xalq artisti Rza Əfqanlının anadan olmasının 124-cü ildönümü tamam olur.

Rza Əfqanlı fərqli aktyor kimi tanınır. Qəlbində qübar edən ikili Vətən həsrəti daim onu incidib, bununla belə, bütün sevinci, nəşəsi yaratdığı obrazların uğurlu alınmasında təcəssüm tapıb. Səhnəni çox sevirdi. Sanki bütün dərdlərini yaratdığı obrazlarda unudurdu. Rza Əfqanlı üçün rolun böyüyü, kiçiyi yox idi. O, həmişə libasını geyindiyi obrazın canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışırdı. Həyatdakı Rza Əfqanlı ilə səhnədəki rolları arasında böyük fərq var idi. O, hər bir obrazın fərqli xüsusiyyətini, daxili aləmini, sevinc və nifrətini təbii yarada bilirdi. Sadə, epizodik obrazdan başlamış baş qəhrəmana kimi bütün rollarını can-dildən yaradırdı.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik Teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb və 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan Respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.

Rzanın hələ uşaqlıqdan xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub "teatr çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin altında qaynayan bir həvəs daim fikirlərini xəyalında yaratdığı bir aləmə çəkib. Bəlkə də elə buna görə, yenidən Bakıya qayıdıb neft mədənlərində iş axtaran Rza Əfqanlı ilk növbədə, dram dərnəyinə üzv yazılıb.

Gənc oğlandakı aktyorluq istedadını ilk dəfə Akademik Teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən də yaxşı adamlardan xali olmur. Əslində, bu görkəmli aktyorun Rza Əfqanlının qarşısına çıxması onun gələcək həyat yolunun düzgün müəyyənləşməsində əsas rol oynadı. Beləliklə, Rza Əfqanlı üzərində çalışmağa başlayır. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri artıq rejissorların da diqqətini çəkib. 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülən Rza Əfqanlı, eyni zamanda təhsil almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. Həmin dövrdə azərbaycanlıların sıx yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq məqsədilə Bakıda çalışan müqtədir sənətkarları tez-tez bölgələrə dəvət edirdilər. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. Artıq onun şöhrəti başqa respublikalara da yayılıb. 1933-34-cü illərdə teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın paytaxtı Aşqabaddakı Azərbaycan Teatrında baş rejissor işləyib. Bir müddət burada çalışdıqdan sonra yenidən Bakıya qayıdıb, milli teatrın səhnəsində çalışan Rza Əfqanlı o dövrdə tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif rollar yaradıb. Həm yerli dramaturqların, həm də dünya klassiklərinin əsərlərində yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi ilə seçilirdi. Arada bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edən Rza Əfqanlının sənət yolu müxtəlif təzyiqlərdən, maneələrdən, bəzən də haqsızlıqlardan keçməli olub. Onun milli teatrımızın inkişafı yolundakı xidmətləri və səhnədəki səmərəli fəaliyyəti yüksək qiymətləndirilir. Ömrünün 39-cu ilində Əməkdar, 44-cü ilində isə Xalq artisti adına layiq görülür. 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı alır.

Rza Əfqanlı istər teatr, istərsə də kino tariximizdə hiss və duyğularımıza hakim kəsilən xeyli adda obrazlar yaradıb. Onun "Dağlarda döyüş" filmində yaratdığı Sərxan rolu məhz belə obrazlardandır. 

Milli kino sənətimizin inkişafında Rza Əfqanlının xidmətləri çox olub. O, həqiqətən görkəmli kino xadimi olub. "Bakılılar", "Kəndlilər", "Yeni horizont", "Dağlarda döyüş", "Aygün", "26-lar", "O olmasın, bu olsun", "Qanun naminə", "Mən ki gözəl deyildim" və sairə filmlərdə bir-birindən gözəl, olduqca mənalı, maraqlı obrazlar yaradıb. O, həmin obrazlarda tamaşaçıların rəğbətini qazanıb. Təəssüflə qeyd edək ki, onun teatrda yaratdığı obrazlar o vaxt lentə çəkilməyib. O, sənət üçün doğulmuşdu. Amma naqislər bunu nəzərə almayıblar. 

Rza Əfqanlı 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib. Rza Əfqanlının rollarında realizmdən şirələnən romantik vüsət, poetik cazibədarlıq vardı. Romantik zəmində formalaşan Rza Əfqanlı realist obrazları da şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayıb və bununla da öz üslubuna yeni təravət verib. Həyat yoldaşı tanınmış teatr rəssamı Bədurə xanım Əfqanlı idi. Qızı Ofelya da sənət yolunu seçib. Aktrisa Ofeliya Aslan - Siyavuş Aslanın həyat yoldaşı onun qızıdır.

Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)