Gənc Tamaşaçılar Teatrında “Şeyx Sənan” nümayiş etdirilib

Rate this item
(0 votes)

Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında 20 ildən artıq izlənilən “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinin məlumatına istinadən bildirilir ki, tamaşa ölkə başçısının Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təqdim olunub.

Tamaşadan əvvəl baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış filosof şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb. Səma şairinin yaradıcılığında tolerantlıq, multikultural dəyərləri ön plana çəkən M.Ələkbərzadə Cavid üçün insanın əsas missiyasının sevgi olduğunu bildirib.

“Hüseyn Cavid ikinci ömrünü 1982-ci ildən yaşamağa başladı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addım idi. Beləliklə, uzaq İrkutskda 59 nömrəli qəbirdə torpağa tapşırılan 59 yaşlı Cavid Rəsizadə Azərbaycana qovuşur”, - deyə baş rejissor vurğulayır. 

Daha sonra “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)