“Əhməd haradadır” filminə Bəşir Səfəroğlunun yaratdığı sərxoş obrazı necə pərçimləndi Featured

Rate this item
(0 votes)

 Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə

ADİL İSGƏNDƏROVun (1910-1978) xatirələrini təqdim edəcəyik. 

 

***

“Əhməd haradadır” filminin çəkilişləri gedirdi. O ərəfədə Musiqili Komediya teatrına Lütvəli Abdullayevin dəvəti ilə səhnəciklərdən ibarət komik parçalara baxmağa getmişdim. Səhnəciklərdə Bəşir Səfəroğlu bir-neçə sərxoş obrazı oynayırdı. Düzü, çox bəyəndim. Tamaşdan sonra səhnə arxasına keçib aktyor dostlarımı təbrik etdim. Üzümü Bəşirə tutub:

– Sabah Lütvəli ilə bir yerdə çəkilişə gələrsən, – dedim.

Bəşir də, Lütvəli də çaşıb qaldı. Bəşir:

– Hara gəlim, Adil müəllim? – deyib, xəbər aldı.

– Lütfəli hara gəlmək lazım olduğunu sənə başa salar, -dedim.

Ertəsi gün kostyumerə tapşırdım ki, Bəşirin əyninə bir ağ pencək, ağ köynək, şlyapa və qara şalvar götürsünlər.

Bəşiri “Əhməd haradadır?” filmində epizodik sərxoş roluna çəkdim. Həmin obraz ssenaridə yox idi, sadəcə, Bəşirin koloritli aktyor olmağı, istedadı kiçik bir epizodla bu filmə əlavə rəng qatdı.

***

Bir gün kinostudiyada işləyim vaxtlar idi. Həyətdə gəzişirdim. Birdən bizim orta yaşlı, amma avara aktyorlardan biri mənə yaxınlaşdı. O qədər içmişdi ki, ayaq üstə güclə dura bilirdi. Ailəsindən təzə ayrılmışdı.

Dedi:

– Adil müəllim, mənə təcili 150 manat verməsəz özümü də öldürəcəyəm, iki uşağımı da.

Əl atdım cibimə, cəmi 100 manat pulum var idi.

– Al götür, cəmi 100 manatım var, – deyib, pulu ona uzatdım.

Adam əlini geri çəkdi.

– Yox, nə danışırsız, Adil müəllim, mənə 150 manat lazımdır.

Başımı bulayıb:

– Sən belə elə də, – dedim, – özünü öldür, uşaqlarla işin olmasın. 100 manatı apar uşaqlara ver.

Adam bir də gözümə görünmədi.