Qadın mövzusu gündəmdədir - III “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək Featured

Rate this item
(0 votes)

 

Qadınlar bundan artıq nə istəyə bilər? Onlar üçün məxsusi kino festivalı da keçirilir. Avqustun 13 –dən 20-dək III “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək. Festİval Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq. Festival proqramı çərçivəsində gender məsələlərinə toxunan filmlər nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq. Festival çərçivəsində, eyni zamanda, seçki komissiyası tərəfindən seçilən filmlər, “Ən yaxşı uzunmetrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, master-klassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir. Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş olunacaq.

Qeyd edək ki, “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

Xatırladaq ki, “Sevil” Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

 

Şəkildə: “Sevil” pyesinə illüstrasiya