Dünən AzTV-də iki sənədli film yayınlandı: “Gizli qalsın” və “Salam, Sahil”

Rate this item
(0 votes)

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı sənədli film hazırlayıb.

 

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən bildirilib ki, 1989-cu il iyulun 14-də baş vermiş hadisəyə həsr olunmuş film “Gizli qalsın” adlanır.

Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcərin Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər.

Faciəni də həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter törədib. Belə ki, 8 uşaq stadionda vertolyotun ətrafına toplaşaraq bu nəhəng nəqliyyat vasitəsinə baxmağa başlayıblar. Helikopter havaya qalxanda qəzaya uğrayıb, pəri uşaqları tikə-parça eləyib. Həmin faciənin şahidi olan hər bir kənd sakini deyir ki, uşaqları sanki ət maşını doğramışdı.

Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar.

Bu faciə sovet dövründə gizli saxlanılıb, hətta hadisə ilə bağlı müxtəlif qurumlara dayanmadan şikayət edən valideynlərdən birinə susması üçün təzyiq göstərilib.

1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulub.

Uşaqların ailələri filmdə 30 il sonra şəhidlərinin qəbrini tapıb ziyarət ediblər. Onlar evlərinə də baş çəkiblər, həmin hadisədən danışıblar, Kəlbəcər xatirələrini bölüşüblər.

Həmçinin abidəni ziyarət ediblər, lakin kadrlardan da görünür ki, erməni cəlladları onu da dağıdıblar.

“Gizli qalsın” dünən axşam, saat  21:30-da AzTV-də yayımlanıb.

Qeyd edək ki, faciə nəticəsində həlak olan uşaqların ən kiçiyinin 6, ən böyüyünün isə 14 yaşı olub: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Razim Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu (6 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında) və Orucov Azər Zakir oğlu (7 yaşında).

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin daha bir sənədli filmi isə 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən igid oğullardan birinə - qazi Sahil Həsənliyə həsr olunub. “Salam, Sahil” adlı sənədli film bir salamı ilə milyonların sevgisini qazanan igidin həyat hekayəsidir.

Sahil Azərbaycanın haqq savaşına könüllü gedib, kəşfiyyat qrupunda döyüşüb. Döyüşlərin birində ağır yaralanıb, qolu amputasiya olunub, elə yaralı halda hospitaldan qaçıb cəbhəyə qayıtmaq istəyib. Lakin həkimlər icazə verməyiblər. 

Qarabağ qazisi Sahil Həsənli deyir ki, müharibə olsa, yenə könüllü döyüşə gedər. 

Sahil Həsənli evlə, maşınla, işlə təmin edilib. 

Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, prodüseri Fatimə Əzimova, operatoru Adil Abbasovdur.

“Salam, Sahil” filmi “Azərbaycantelefilm”in yaradıcı qrupunun bu əfsanəvi qaziyə ünvanladığı salamdır.

Sənədli film dünın saat 19:30-da AzTV-də yayımlandı.