Bu gün Azərbaycan Kinosu Günüdür.

Rate this item
(0 votes)


Bugünkü əlamətdar hadisə münasibətilə YARAT Müasir İncəsənət Məkanının qarşısında saat 20:00-dan  00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.
Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.
Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Film proqramı:
“Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq.
Rejissor: Əli-Səttar Quliyev
Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit  həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...

“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa,
dram, 100 dəq.
Rejissor: Rüfət Həsənov
Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.

“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq.
Rejissor: Teymur Hacıyev
Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları
dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.

“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq.
Rejissor: Teymur Qəmbərov
Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var...

Şəkildə: “Quxuroba” filmindən kadr