ARKA kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb

Rate this item
(0 votes)

 

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb. Belə ki, gənc və istedadli kinodramaturqların, kinorejissorların, operatorların, aktyorların üzə çıxarılması, onların fəaliyyəti üçün hərtərəfli imkanların yaradılmasi istiqamətində möhtəşəm işə başlanılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, qurumla “TƏDRİS-FİLM” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı uçun kifayət qədər vəsait ayrılıb.

Ümid etmək olar ki, “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə bilməyən adam”, “Çağırılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” kimi layihələrin istehsala buraxılması ilə istedadli tələbələrlə ARKA arasında bünövrəsi qoyulan bu yaradıcı əməkdaşlığın bəhrəsini yaxın vaxtlarda ərsəyə gələcək uğurlu ekran işləri ilə görəcəyik.

Bəzi çətinliklərdən sonra nəhayət ki, heç zaman Azərbaycan kinosunun tarixində olmayan bir işə imza atılıb. ARKA 12 gəncin ilk filmini maliyyələşdirməklə onların sənətlə bağlı arzularının möhkəm bünövrə üzərində qurulmasına vəsilə olub. Bu ənənə hər il davam edəcək, yəni hər il diplom işlərini ARKA maliyyələşdirəcək.

Bu mənada azərbaycanlı tələbələrin Qazaxıstanda təşkil edilən Fərabi Film Festivalında “Bir vaxtlar Sabunçuda”, “Lənt” filmlərinin mükafata layiq görülməsi təsadüfi deyil, Azərbaycan kinosunun gələcək uğurundan xəbər verir.

Gənclərə dəstək təkcə maliyyə yardımı ilə yekunlaşmır. Gənc kinematoqrafçılara dəstək məqsədilə ARKA Alternativ Kino Akademiyası təsis edib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)