“YADDAŞ” – Orxan Fikrətoğlunun kinossenarisi (TAM) Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YADDAŞ

 

Birinci epizod.

Köhnə Bakı məhləsi. Statik plan.

Duman. Rejim. Yuxarı nöqtədən çəkiliş.

Haradansa uzaqdan azan səsi eşidilir.

Azan səsini get-gedə özləri görünməyən göyərçinlərin qurultusu batırır.

Məhlə italyansayağı inşa edilmiş, üçmərtəbəli, asimmetrik tikilidir.

Həyətin ortasında iri, budaqları budanmış donqar ağac görünür.

Ağacın budağından kilim asılıb.

Kadrda asfaltı çökmüş, köhnə meşin və taxta qapıları kilidli, adamsız və səssiz görüntülü məhlə ovqatını pozan yeganə müasir detal ağacın altında görünən “Formula 1” yarışlarının üstü reklamlı iri beton layıdır.

Qoca ilə Qarı kadra qəfil hərəkətlilik gətirirlər. Onlar üçkünc konstruksiyalı pillələrlə hərəsi kadrın bir tərəfindən aşağı enir.

Duman get-gedə çəkilməkdədir.

Qoca ilə Qarı hərəsi kadrın bir tərəfində pillələri aşağı enib kiçik dəmir meydançada şəkil çəkdirirmişlər kimi yan-yana dayanırlar.

Qoca bir müddətlik pauzadan sonra harasa uzaqlara baxa-baxa: “Üfüq bu gün çarpazdır!” – deyir.

Kadrı duman bürüyür.

Duman Qoca ilə Qarını görünməz edir.

 

İkinci epizod.

Qarı artırmada dayanıb.

O, ovcundakı dəni qapısının kandarına tökür.

Dənə uçub gəlmiş quşların pırıltısı qarının üzündə xəfif təbəssüm yaradıb.

Qoca evinin qapısını yaşına uyğun astagəlliklə örtdükdən sonra əlini pencəyinin cibinə salır. Bir müddət ciblərində eşələnərək qapının açarını axtarır. Tapmadığından gözgörəsi sinirlənir. Həyəcandan əlləri əsir.

Qarının başı quşlara qarışdığından Qocanın təlaşlandığını görmür.

Qoca hirslə əlində tutduğu sellofana bükülmüş gülləri kandarın döşəməsi üzərinə qoyur.

Qoca şalvarının ciblərini də yoxlayır.

Qarı Qocanı gözləmədən bir ayaq-bir ayaq taxta pillələrlə aşağı enir.

Bir xeyli ciblərində eşələndikdən sonra Qoca, nəhayət, açarı qapının açar dəliyində görür.

Qoca qapını açarla bağlayıb gülləri döşəmədən götürür.

Qoca da pillələrlə aşağı enir.

 

Üçüncü epizod.

Natura. Rejim. Duman. Bozluq.

Qarı Qocanın qoluna girib. Onlar asta gedişlə dağüstü küçədən üzüaşağı, mərkəzə doğru enirlər. Qəfil maşın yolunun ortasıyla iri maşın təkəri onların yanlarından keçib üzüaşağı diyirlənir.

Pırpız saçlı bir oğlan uşağı da nəsə çığıra-çığıra təkərin arxasınca qaçır.

Təkər yolun qurtaracağında əylənmiş bir maşına dəyib dayanır.

Təkər yerində bir qədər fırlandıqdan sonra asfalta çökür.

Pırpız saçlı uşaq təkəri yerdən qaldırmağa çalışır.

Onun buna gücü çatmır.

 

Qoca ilə Qarı qocafəndi yerişlə pırpız saçlının yanından keçirlər. Üzlərindən nur yağan cütlüyün geyimləri doxsanıncı illərin dəbindədir. Qarının zamanında kübar və baxımlı, Qocanın isə vəzifəli bir şəxs olduğu ağayana yerişlərindən və bir-biri ilə nəzakətli davranışlarından sezilir.

Pırpız saçlı uşaq təkəri, nəhayət ki, yerdən qaldırır.

Uşaq bu dəfə təkərin içinə girməyə çalışır...

 

Dördüncü epizod.

Tini burulanda Qarı: – Oxşayırdı bizmkinə? – soruşur.

Qoca sinirlənir: – Biz televizora baxmırıq! – deyir.

 

Beşinci epizod.

Duman get-gedə qatılaşır.

Qoca başını bulayaraq ayaq saxlayıb qarının başındakı tüllü qara örpəyini açıb yenidən bərk-bərk bağlayır.

Qoca: – Bir dənə xəstələnməyin qalıb! Mən sənə baxa bilmərəm e! Özünü qoru!

Qarı: – Gör nə tez deyinirsən. Hələ xəstələnməmişəm ha belə deyinirsən. Gör xəstələnsəm, nə oyun çıxaracaqsan. Oğluma nə gəlib... sən baxmazsan, oğlum baxar mənə!

Qoca xımır-xımır gülümsünüb irəli yeriməyə başlayır.

Qarı da onun arxasınca aram-aram gəlir. Onların arasında iki metr məsafə olar. Və bir-biriylə danışsalar da, hərəsi sanki öz-özü ilə danışır.

Qoca: “Heç kəs sənə mənim kimi baxa bilməz!”

 

Altıncı epizod.

Qoca tindən açıq küçəyə çıxdığı zaman qəfil küləklə üzləşir.

Külək onu əməlli-başlı silkələyir. Qoca ayaq saxlayıb Qarını gözləyir.

Qarı Qocaya çatıb dayanır.

Qoca: – Niyə belə nazik geyinmisən? Sənə dedim axı, havaya bax, sonra geyin!

Qarı başını qaldırıb Qocanın üzünə baxır.

Qocanın illər əymiş sısqa çiyinləri, ağappaq qaşları altından görünən xırda, solğun gözləri birdən-birə Qarıya doğma göründüyündən sinəsinə qısılır.

Qarı: – Gəl bu gün piyada gedək!

Qoca: – Geçikmərik? – soruşur.

Qarı: – Yox! – deyib ayağını toz-torpaqlı asfaltın üstünə qoyur.

Külək axırıncı sözü Qarının ağzından qapır.

Qoca əli ilə Qarıya “heç nə eşitmirəm” işarəsini verir.

Qarı Qocanın qoluna girib küləyin altında dinməzcə yol gedir.

 
Yeddinci epizod.

Texnika avadanlıq dükanının içi.

Qoca ilə Qarı dükanda qulaqcıq seçirlər.

Ən yuxarı rəfdə ağ rəngli qulaqcığı görən Qarı üzünü Qocaya tutur.

Qarı: – Səncə, bunu bəyənəcək?

Qoca gülümsünür.

Qoca: – Əlbəttə! – deyir.

Qoca satıcıya yaxınlaşıb qulaqcığı ona göstərməsini istəyir.

Qoca: – O ağ qulaqcığa yaxından baxa bilərəm?

Satıcı: – Lap filəyə də bilərsən, baba!

Qoca: – Allahın mənə verdiyi ömrü adam kimi filəyə bilmirəm, a bala, qulaqcığı necə üfürəcəm!

Qarı: – Qaramat-qaramat danışmaq elə sənə qalıb da deyirəm! Nə olub e sənə, maşallah!

Satıcı ağ qulaqcığı Qocaya uzadır.

Qoca əli ilə qulaqcığı sığallayır.

Qoca qulaqcığın qutusunu Qarıya uzadır.

Qarı qutunu alıb öpür.

 

Səkkizinci epizod.

Duman bir az seyrəlib. Qoca ilə Qarı texniki avadanlıq dükanının qapısından çölə çıxırlar.

Qoca qulaqcığın yaşıl bantlı qutusunu sinəsinə sıxıb.

Dükanın pillələrini enəndə Qocanın ayağı büdrəyir, az qalır yıxıla.

Qarı: – Qocalırsan ha, Səfərov!

Qoca: – Qocalıb eləmirəm!

 

Doqquzuncu epizod.

Qarı ilə Qoca “London taksisi”nin arxa oturacağında əyləşiblər.

Qoca Qarının əlini bərk-bərk tutub.

Hərəsi öz içindədir. Susublar.

Dodaqları tərpənməsə də, hərdən çarpazlaşan daxili monoloqlarını biz eşidirik.

Qoca: – Məktəbə girməyi yadındadır?

Qarı: – Çox yaxşı!

Qoca: – Birinci kursda onu Lənkərana apardılar. Çay yığmağa. Sən də hər gecə səsiz-səssiz yorğanın altında xısın-xısın ağlayırdın. Mən də yaman darıxırdım! İlk dəfəydi axı evdən gedirdi.

Qarı: – On altı yaşına kimi yanımda yatırtdım. Ana quzusu balam!

Qoca: – Orda bir qız da sevmişdi, deyəsən! Qubalı qızıydı!

Qarı: – Qızıl sırğa aldığım qızı deyirsən?

Qoca: – Deyirəm, bəlkə onlar lap yaxın olublar. Bildin də necə? Uşaqları ola biləcək qədər yaxın olublar da. Belə lap yaxın olublar e. Ər-arvad kimi yaxın. Ola bilər də! Sən bizim dövrümüzə baxma. İndikilər azaddırlar. Hər şey ola bilər!

Qarı: – Həyat səninçün serial deyil! Mənə yalandan ümid vermə! Uşağı olsa, deyər də mənə! Özünə fikrin getməsin, o, məndən heç nəyi gizlətmir.

Qoca: – Bəlkə utandığından demir?!

Qarı: – Heç vaxt ola bilməz. Çünki oğlun da sənin kimi əfəldir!

Qoca: – Mənəm əfəl?

Qarı: – Mən olmasaydım, sən də heç vaxt ailə qurmayacaqdın. Qorxağın biriydin! İndi də beləsən. Ölümdən qorxursan!

Qocanın dedikləri artıq kadrdadır. O, üzünü Qarısına tutub deyir: – Özümçün qorxmuram e. Səninçün qorxuram, ay xanımça. Mən ölsəm, kim baxacaq sənə? Qazın kartını belə sayğaca vura bilmirsən. Mən olmasam, soyuqdan donub öləcəksən e...

Qarı gülümsünür: – Oğluma nə gəlib?!

Qarının bu sözlərindən sonra Qocanın gözləri yol çəkir.

Qoca yenə susur.

Qoca üzünü taksiçiyə tutur: – Saxla, bir az piyada gəzim, bala, ürəyim sancdı!

 

Onuncu epizod.

Natura. Duman.

Taksi bir parkın qarşısında əylənir.

Qoca ilə Qarı maşından düşüb parkın skamyasına doğru gedirlər.

Qoca ilə Qarı skamyaya otururlar.

Qarı çantasından çıxardığı ürək dərmanını qocaya verir. Qoca dərmanı ağzına salıb dişləri arasında sıxır.

Bir müddət araya sükut çökür.

Sükutu qarı pozur.

Qarı: – Bəlkə sənə qonaqlıq verim?

Qoca: – Pensiyanı artırıblar?

Qarı: – Yox. İndicə xatırladım ki, səninlə restoranda sonuncu dəfə on dörd il bundan qabaq olmuşuq.

Qoca: – Üçümüz getmişdik. Yadımdadır!

Qarı: – Hansı restoran idi?

Qoca: – Şeydanın restoranı. Səkkizinci mikrorayonda.

Qarı: – Onun səhərisi günü getdi də!

Qoca: – Səhər saat yeddidə qapını döydülər. Geyinməyi on dəqiqə çəkmədi. Elə sevinirdi ki...

Qarı:  – Sən nə yeyəcəksən?

 

On birinci epizod!

Qoca ilə Qarı restoranda masa arxasında oturublar.

Onların masasına az qala qaça-qaça bir ofisiant yaxınlaşır. Ofisiant menyunu tələsik mizin üstünə atıb yenə harasa qaçır.

Qarı: – Qanacağını yeyəsən! Elə bil gədə konkadan açılıb!

Qoca eynəyini gözünə taxıb menyunu oxumağa başlayır.

Qoca: – Nə yeyəcəksən? Düşbərə, xəngəl, qutab! Ya kabablar?

Qarı: – Bozbaş yeyərəm. Hövsan soğanıyla.

Qoca: – Hövsan soğanıyla? Gecə yata bilərsən sonra? Həkim deməyib sənə acı olmaz? Yandırar e mədəni!

Qarı: – Hövsan soğanı acı olmur ki! Qənd kimi şirin olur!

Qoca: – Mən qutab yeyəcəm!

Qoca əlinin işarəsi ilə ofisiantı çağırır.

Qoca: – Yaxınlaş, mənim balam!

Ofisiant onların mizinə yaxınlaşır.

Qoca: – Bir bozbaş. Altı dənə də qutab. Dördü ət qutabı olsun, ikisi göy. Qatıq da gətirərsən! Bir də Hövsan soğanı gətir!

Ofisiant: – Ay baba, bizdə bozbaş olmur. Qutab da kətədir, xırda Bakı qutabı deyil. Siz o qədərini yeyə bilməzsiz, məncə! Bəlkə bir-bir gətirim?

Qarı: – Kətə nədir, a bala? Biz səndən qutab istəyirik. Bir də Hövsan soğanıyla bozbaş!

Ofisiant: – Hövsan soğanı ancaq Hövsanda olur, ay nənə. Bozbaş da tarixdə. Qutablar isə iridir. Qoy hərəsindən bir dənə gətirim, dadına baxın. Yeyə bilsəniz, yenə gətirərəm!

Qoca: – Yaxşı, bala. Sənin adın nədir?

Ofisiant: – Zaur!

Qoca:  – Mənim də sənin boyda, eynən sənin kimi bir oğlum var. Necə yaşın var, a bala?

Ofisiant: – İyirimi üç!

Qoca: – Onun qrıx səkkiz yaşı var!

Ofisiant: – Baba, mən nəvən yaşında olaram onda, oğlun yaşında yox, yaxşı hesabla!

Qoca: – Hə, a bala... Səni ağbəxt olasan. Yaxşı qocalasan... Qocalmaq böyük xoşbəxtlikdir! Orda olmusan?

Ofisiant: – Harda orda? İçəridə?

Qarı: – Uzatma, bala, gətir görək o kətə nədir?

Ofisiant gedəndən sonra Qarı ayağa qalxıb Qocaya yaxınlaşır. Əvvəlcə əllərini ağzına aparıb diliylə isladır. Sonra islaq əliylə Qocanın papağının altında pırtlaşmış saçlarını sığallayıb yatırdır.

Qarı: – Uşağım haqqında hər yerdə danışma, gözə gələr!

Qoca Qarının əl təmasından xoşhallanır.

Qoca: – Birdən Marusya-zad çıxar ha bir qıraqdan. Çox göyçək eləmə məni. Alar məni sənin əlindən! Qalarsan beləcə tək!

Qarı: – Kül olsun o Marusyanın da başına, sənin də başına. Üzünə gülən kimi əldən gedirsən. Adam içindəyik də, deyirəm, səliqəli olasan!

Qoca: – Şox sağ ol, əlin ağrımasın!

Qarı keçib yerinə oturur.

Qoca mizin üstünə qoyulmuş çörəkqabıdan bir dilım çörək götürüb dişləyir.

Çeynəyə-çeynəyə üzünü Qarısına tutur.

Qoca: – Görəsən, bizim gədə bu cazda nə görüb?

Qarı: – Mustafazadəni, Perri Rüstəmbəyovu, Vova Vladimirovu məndən çox sevir.

Qoca:  – O da bir cür musiqidir də. Bizim muğam kimi. Bircə təsəllim odur ki, indi hamı belədir, çönüb. Sərdarın oğlu da bizim uşaq kimidir! Dünən o da mənə oğlundan şikayət edirdi. Yəqin, indi dəb belədir, biz qanmırıq. Qocalmışıq da!

Qarı: – Balam müasirdi də! Qurban olum ona! İtalyan artistlərinə oxşayır!

Qoca: – Bəsdir, sən Allah! Öymə oğlunu! İtalyan ha.

Qarı: – Gecikmirik?

Qoca: – Yox, hələ vaxta var!

 

On ikinci epizod.

Küçə. Natura. Bozluq.

Qoca ilə Qarı geniş şəhər küçəsi ilə gedirlər.

Qoca qabaqda, Qarı arxada.

Qoca dükanın vitrininə baxmadan danışır.

Qoca: – Köynəyi var?

Qarı: – Keçən həftə Astaradan aldıq da!

Qoca: – Soruşuram da!

Qarı: – Hava əməlli-başlı soyudu!

Qoca: – Köpəkoğluna soyuq olar e birdən. Əyni nazikdir!

Qarı:  – Buna bax e... Ox batdı yaddaşıma... Onunçün şərf toxuyacaqdım! Unutdum!

Qoca sinirlənib dayanır.

Qarı da.

Qoca nə düşünürsə, yenə sürətlə yoluna davam edir.

Qarı da asta-asta qocanın arxasınca qaçır.

Qoca: – Bilmirəm beynində hansı fikirlər dolaşır da sənin? Adamı yarıtmırsan ki... Boynu-başı açıq soyuq olmaz indi uşağa?

Qarı: – Sabah qar da yağacaq! Kül olsun mənim başıma!

Qoca yenə ayaq saxlayır.

Qarı da dayanıb tövşüyə-tövşüyə üzünü Qocanın kürəyinə dayayır.

Qoca Qarının əlindən tutub irəli addımlayır.

Qocanın daxili monoloqu: – Mən də eləyəm. Yadımda heç nə qalmır daha. Uşaqlığı ən kiçik xırdalıqlarına qədər yadımdadır. Yeddi yaşına qədər cəmi üç diş çıxartmışdı. Üçüncü dişini çıxaranda sən iri əsgər qazanında hədik bişirmişdin. Yadındadır? Mərcisi də yox idi. Mərci mədəsində qaz yaradırdı deyə qazana atmamışdın. Ona yeddi yaşına qədər səhərlər isti süd içirirdin. Sonra nələrin olduğunu isə heç cür xatırlaya bilmirəm. Elə bil başıma iynəylə hava vurmusan. Loq-loq loqquldayır. Heç nə yadıma düşmür. Heç üzü də düşmür. Şəkillərdə də elə bil yaddır. Özü deyil. Necə oldu bəs bu uşaq? Hara getdi, görəsən? Ona nə oldusa, sonra oldu. Elə bil gədənin şəkli də dəyişdi e...

Qarı artıq kadrda qışqırır: – Danışdığından utanırsan heç? Necə baxacaqsan oğlunun üzünə? Sən həmişə belə daşürəkli olmusan. Uşağım quzu kimidi. Evə tort-zad alır hər gün. Hamı kimi işə gedir, gəlir. Göyçək də arvadı var. Bu il oğlu da olacaq!

 

On üçüncü epozid.

Qoca ilə Qarı artıq bizə tanış olan həyətlərinə qayıdıblar.

Qarı və Qoca pillələri üzüyuxarı çıxırlar.

Xaçvari eyvanın dörd tərəfindən iri rəngli xalılar asılıb.

İki balaca uşaq eyvanda çərpələng uçurur.

Bir balaca qız əlində üstü ağ mələfə ilə örtülü güzgü tutub.

Qarı tövşüyə-tövşüyə taxta pillələri qalxıb qapının ağzında dayanır.

Qarı Qocanı kandarda gözləyir.

Qoca da tövşüyə-tövşüyə, nəhayət, qapının kandarına çatır.

Qoca titrəyən əlləri ilə açarı cibindən çıxarıb qapını açır.

Qoca ilə Qarı mənzillərinə daxil olurlar.

Dəhlizdəki dibçəklərdə əkilmiş hündür şam ağaclarının saralmış yarpaqları bizə sıx cəngəllikləri xatırladır. Evin içindən ara-sıra ağacdələn dimdiyinin tıqqıltısı da eşidilir. Qoca ilə Qarı ağacların arasından keçirlər. Onların daxil olduqları dəhliz eyni zamanda həm də mətbəxdir. Bir kənarda qaz sobası, irəlidə isə əlüzyuyan və köhnə divan görünür.

Divarda Qoca ilə Qarının oğlu olduğu təxmin edilən 20-21 yaşlarında gülərüz bir oğlanın hərbi geyimdə böyük portreti asılıb.

Kamera şəklə aksent etmir.

Damdan şüşəbəndə qədər uzadılmış paltar zivəsində də biz köhnə əsgər paltarlarının asıldığını görürük.

Qoca bayaqdan bəri əlində tutduğu gül dəstəsini açıb döşəməyə qoyur.

Döşəmədə gül dəstələri çoxdur.

Qarı içəri girən kimi qazın üstündəki qəfədandan ağacların dibinə su tökür.

Döşəmədə haçansa yerə tökülüb saralmış gül ləçəkləri görünür.

Döşəmə başdan-ayağa saralmış gül ləçəkləri ilə örtülüb.

Qarının əlində tutduğu gül dəstəsinin təzə olmadığını da biz ancaq indi anlayırıq.

Əlləri əsdiyindən Qoca texniki avadanlıq dükanından aldığı qulaqcığın qutusunu heç cür aça bilmir.

Qarı qutunu onun əlindən hirslə alıb açır.

Qulaqcığı qutudan çıxarıb Qocaya uzadır.

Qoca qulaqcığı alıb sevinə-sevinə şəklin qarşısına düzülmüş digər müxtəlif ölçülü qulaqcıqların yanına qoyur.

Qarı köhnə, yaprıxmış divana oturur.

Qarının üzündə qəribə bir gülüş var.

Qoca şəklin qarşısından qaz sobasına tərəf gedir.

Qoca titrək barmaqlarıyla gözlərini ovuşdura-ovuşdura: “İçəri yaman soyuqdur, yəqin, pəncərə açıq qalıb!” – pıçıldayır.

Qarı ayağa qalxıb artırmanın işığını yandırır.

İşığın düşdüyü yerdə, ağacların arasında kiçik uşaq nənnisi görünür.

Nənninin üstündə bir ağ göyərçin oturub.

Qarı üzünü qocaya tutub: – Mənim gözəl balam, görəsən, bizsiz darıxmayıb ki? – soruşur.

Və çevrilib qorxa-qorxa göyərçinə tərəf baxır.

Qoca qaz sobasına yaxınlaşıb qazın puçunu burur.

Çartıltıyla alovlanan qazın xışıltısı eşidilir...

Qoca qəfədanın altında oynaşan alovun sarı dillərinə baxır.

Qoca qəfədanı bir kənara çəkib əllərini alovun üstünə tutur...

Alov qocanın əllərini artıq qızdırsa da, qoca tərpənmir. Əllərini qaz sobasının üstündən çəkmir.

Qəfil nənninin üstündə oturmuş quş qanad çalıb ağacların arasıyla sağa-sola uçmağa başlayır.

Quş sanki evin içində vurnuxur.

Və nəhayət, susur.

Qoca əllərini qızdırdıqdan sonra aram yerişlə divana yaxınlaşıb Qarısının yanında oturur.

Qarı kiçik pauzadan sonra başını qocanın çiyninə qoyur.

Qoca uzaqdan görünən qaz sobasının alovuna baxa-baxa Qarı üçün layla çalır.

Qoca:

Saçı uzun Burla xatın.

Bu balamı qəndə qatın.

Əgər yatmaq istəməsə,

Əgər yatmaq istəməsə,

Bu dünyadan çölə atın...

 

 “Ədəbiyyat və incəsənət”

(13.06.2024)