“Turan” (9-cu paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

Titr yazı. Bakı. 18 mart. 1918-ci il.

Ermənilər Bakı qətliamını həyata keçirirlər...

İri planda ermənilər tərəfindən öldürülən qoca və qarı­lar...

Yandırılan şəhər...

Yandırılmış Həşimov mülkü...

“İsmailiyyə” binası...

Murtuza Muxtarovun mülkü...

Yandırılan evlər, məscidlər...

Dinc şəhər camaatını qılıncdan keçirən erməni daşnak birlikləri...

Şəhər camaatı dolanbac küçələrdə ermənilərə mü­qa­­vimət göstərir.

“İsmailiyyə” binasının qarşısında qazılmış xəndək.

Xəndəkdə ermənilərlə atışan şəhər qoçuları...

Qoçulara Qoçu Nəcəfqulu başçılıq edir...

Qoçu Nəcəfqulu: – Yaxşı ki, arvad-uşağı Abşeron kənd­lərinə çıxardıq. Bu dığaların arxası möhkəmdir. Onlara kimsə Azərbaycanı söz verib. Məşədi də gündə bir söz danışır. O gün Hacı Zeynalabdinə söz vermişdi ki, Moskvadan atəşkəs icazəsi alacaq. Buna görə ondan xeyli pul da istəmişdi.

Qoçu Nəcəfquluya döyüşə-döyüşə qulaq asan Bakı qo­çu­la­rından biri: – Məşədinin sözünü kimdi sayan, ay qədeş. Kom­mu­narların böyüyü də ermənidir. O, Leninə də işləyir, in­gi­­lis­lərə də işləyir, erməni kilsəsinə, daşnak­lara da. Əzizbəyov onun üçün axmaq müsəlmandan başqa heç nə deyil.

Qoçu Nəcəfqulu: – Alə, bu dığaların hamısı birdir də... Dünya da durub onların dallarında. Elə ki biz deyirik türkük, bütün dünya silahını çevirir üstümüzə. İndi neynəyək? Adımızı dəyişək? Erməni olaq?

Xəndəyə top mərmisi düşdüyündən söhbət yarımçıq qalır...

Bakı Kommunasının binası...

Stepan Şaumyan, Alyoşa Caparidze, İvan Fioletov, Petrov, Əzizbəyov və digərləri fövqəladə iclas keçirirlər.

Şaumyan telefonda Leninlə danışır...

Şaumyan: – Yoldaş Lenin, Bakı müsəlmanları təşkilat­la­nıb. Rusiyada təhsil almış müsəlman hüquq­şünaslar dövlət müstəqilliyindən dəm vururlar. İttihad­çılar isə Türkiyə ilə konfederasiya yaradıb mifik Turan coğrafiyasını qurmaq fikrindədirlər. Bu, türk millət­çiliyidir. Siz bunun nə olduğunu yaxşı bilirsiz. Gəncə Milli Komitəsinin sədri Nəsib bəy Yusifbəyli, ittihadçı Xudadat bəy Rəfibəyli və Sosialist Partiyasının sədri Aslan bəy Səfikürdski Gəncədə toplaşıb Nağı bəy Şeyx­za­man­lını Türkiyəyə hərbi yardım arxasınca göndəriblər. Mənim əldə etdiyim məlumata görə, Tələt paşa ilə Ənvər paşa bu işdə xüsu­silə maraqlıdırlar. Belə olan təqdirdə mən Bakı müsəlmanlarına inana bilmərəm. Sizdən onları ümumiyyətlə buralardan sürgün etməyimin icazəsini almaq istəyirəm. Nə deyirsiz?.. Baş üstə.

Şaumyan telefonu aparatın üstünə qoyub üzünü Məşədi Əzizbəyova tutur: – Sənin bu müsəlmanların məni lap boğaza yığdı. Hamısını süpürüb atacağam Xəzərə. Onlar proletariat diktaturasının nə olduğunu, deyəsən, bilmirlər.

Məşədi Əzizbəyov: – Yoldaş Şaumyan, fəhlə və kənd­li maraqlarını qorumağa borclusan. Neftxudaları demirəm. Ka­sıb-kusuba dəyməyəcəksən.

Şaumyan Əzizbəyovun bu sözlərinə ürəkdən gü­lür...

Caparidze: – Müsəlmanın varlısı var ki? – soruşur.

Fioletov: – Hamısı ağıldan kasıbdırlar da, – deyir.

Şaumyan: – Ay gic müsəlman, deməli, sən bütün bakı­lı­la­rın sağ qalmasını istəyirsən? Ay sən öləsən.

Şaumyan və miz arxasında oturmuş komissarlar bərkdən gülüşürlər...

Dinc bakılıları qılıncdan keçirən atlı ermənilərin vəhşi üzləri ilə gülən bolşeviklərin üzlərində paralellər tapan kamera...

 

***

Titr yazı. 1918-ci il. İran. Ənzəli.

 General Tom­sonun yazlığı.

General Tomson açıq havada rusiyalı bolşevik Trotski ilə məxfi görüş keçirir.

Onlar balkonda çay süfrəsi arxasında söhbət edirlər...

Bağçada cins itlər döyüşdürülür...

General Tomson: – Gözünüzün qarşısında iki imperiya çökür. Osmanlı imperiyasını biz ərəblərin əliylə zəiflətdik. Onlara verdiyimiz sözü tutmayacağıq. Bir-iki ağılsız ərəbi ya­ra­­dacağımız oyuncaq dövlətlərə rəhbər təyin edib, yüyənlə­rini əlimizdə saxlayacağıq. Ərəblər türk deyillər. Onlar asan idarə olunurlar. Tüs­tülət, özləri üçün illərlə yanacaqlar. Siz Rusiyanı zəif­lətməlisiniz, cənab Trotski. Rusların sərvəti sizin əlinizlə Av­ro­paya daşınmalıdır. Onların Baltik dənizindəki do­nan­ma­sını bircə əmr ilə ləğv edin. Donanmada mövcud olan gəmiləri gərəksiz dəmir adıyla Amerikaya göndərin. Bununla Rusiyanın Avropa dənizlərinə çıxışı əngəl­lənəcək. Mənə də bu lazımdır. Rusiyanı Avropaya buraxmayın. Rus varlılarından yığacağınız pulları “İnternasional” adıyla bizim Amerikadakı ünvanla­rı­mı­za göndərin. Sizin payınızı nəzərə almışıq. Bakı neftini də görüntü üçün sizə verəcəyik. Bizə ərəb və İran nefti bəs edir. Qorxum bircə bu Turan ideyasındandır. Türk millətçiliyini biz proqnozlaşdırmamışıq.

Trotski: – Cənab Tomson, Osmanlı çöksə də, türk milləti sağdır. Onların yeni intibahına yol vermək olmaz. Turan ide­ya­sı­nı beşikdəcə boğmaq lazımdır. Bunu Anadoluda ermənilər də edə bilər. Orta Asiya və Azər­baycan türklərini bizə versəniz, onları yalançı “İnternasional”la idarə edərik. Bakı nefti türk­lərin gələcəyini təmin edə bilər. Neft yataqlarını onlara etibar etmək olmaz. Bu işi ermənilərə həvalə etsək necə olar?

General Tomson: – Ermənilər tutarlı silahdır. Onlara yar­dım edin. Amma idarəçiliyə yaxın buraxmayın. Onlar buyruq qulu kimi görünsələr də, öz oyunlarını oynayırlar. Ən başlıcası müsəlmanları Kitablarından ayırmaqdır. Nə varsa, bu Kitabda var.

Trotski: – Tiflisi tutmuş alman generalı Fon Kress Osmanlı ilə müttəfiq olsa da, Bakıya can atır. Onun da Bakı arzusu var, deyəsən. Bölgüdən pay umur. Bundan xəbərdarsınız?

General Tomson: – Almanlar Avropanın kölələrinə çevri­lə­cəklər. Fon Kressə Gürcüstan da qalmayacaq. Siz dediklərim haqqında düşünün, cənab Trotski. Leninin də ömrünə az qalıb. İki böyük imperiya çökür. Çalışın onların altında qalmayasınız...

Trotski: – Türklər Bakını tutmaqla Orta Asiyanı ələ keçirə bilərlər?

General Tomson: – Bunun da əlacı var, cənab Trotski. Onlar Turan ideyası generallarını – Ənvər və Nuru paşanı özləri bizə təhvil verəcəklər.

Trotski ayağa qalxıb generala təzim edir.

Trotski istehza ilə: – Türkün türkdən başqa dostu yoxdur, cənab general? – soruşur.

General Tomson tam ciddi: – Türkün türkdən başqa düşməni də yoxdur, cənab Trotski, – deyir.

 

***

Titr yazı. 1921-ci il. Qarabağ. Oktyabr.

“Agit teatr”ın artistləri bolşevik əsgərlərinə tamaşa göstə­rirlər.

Onbaşı İzzət tabut içində uzanıb...

Üzü tənziflə örtülüdür...

O, boylanıb ətrafına baxmaq istəyir...

Ravi-aşıq çiynindən basıb onu yerindən tərpənməyə qoymur.

Ravi-aşığın gur səsi eşidilir:

– Bu adam son türk paşasıdır. O ölüb, imperiyası da çöküb. Afrika zəhmətkeşləri türk ağalığından azad olub. Balkanlarda yeni dövlətlər qurulub. Bu adam öləndən azərbaycanlılar böyük rus qardaşları ilə birlikdə qardaşlıq gerçəkliyində yaşamağı düşünürlər; “Turan nədir?” deyirlər. “Türk kimdir?” hayqırırlar. Onları ancaq sovet qardaşlığı maraqlandırır. Yeni Azərbaycanda nə ağa olacaq, nə bəy, nə də katta... Torpaq da kəndlinindir, atlar da... Bu hökumət kəndliyə maaş da verəcək. İşlə və dişlə... İşləməyən dişləməz. Türk birliyinə birdəfəlik “sağ ol” de, ey kəndli. Bu ölüdən sənə nə fayda olacaq? Onu qəlbində və düşüncəndə göm. Ölüdən adama xeyir gəlməz ki...

Bolşeviklər Ravi-aşığın son sözlərinə əl çalırlar...

Ravi-aşıq: – Mismarlayın son paşanın sonuncu tabutunu. Aparın onu gözdən kənarda basdırın.

Aktyorlar onbaşı İzzətin uzandığı şərti tabutun qapağını bağlayıb mismarlayırlar.

Onbaşı İzzət tabutun içində qalır...

O, ağır-ağır nəfəs alır...

Onun tənzif altından havasızlıqdan bərəlmiş gözləri görünür...

Aktyorlar tabutu tələsik səhnədən çıxarırlar...

Bolşeviklərdən biri taxta tabutun arxasınca güllə də atır.

Artıq tamaşa bitib...

Dekor tabutun qapağını açıb onbaşı İzzəti tabutdan çıxa­ran Mələk qanadlı aktrisanın əlləri əsir.

O, onbaşının ayılmayacağından qorxur.

Ravi-aşıq geyimli teatr rəhbəri olan yaşlı aktyorun da üzündə qorxu var.

Truppanın o biri aktyorları da təlaşlıdır...

Onbaşı İzzətin bəyaz və ifadəsiz üzü cansızdır..

Nəhayət, onbaşı İzzət gözlərini çətinliklə açır.

Mələk qanadlı aktrisa sevincindən qışqırır.

Ravi-aşıq onbaşı İzzətin əllərindən tutub deyir: – Səni başqa yolla gizlədə bilməzdim. Bir-bir hamımızı yoxlayırdılar. Onlara dedim ki, ölü rolunu oynamaqdan ötrü bihuşdarı içmi­sən. Nə deyəydim ki?

Mələk qanadlı qız onbaşı İzzətin saçlarını sığal­layır...

Onbaşı İzzət birdən-birə üzünü Ravi-aşığa çevirib bərk­dən qışqırır.

Sonra isə için-için ağlamağa başlayır...

Mələk geyimli qız onbaşı İzzətə əliylə yemək yedizdirir...

Onbaşı İzzət ifadəsiz gözləri ilə heçliyə baxa-baxa qızın verdiyi yeməyin dadını hiss etmədən yeyir...

“Agit teatr” köçü yol getməkdədir...

Yorğun-arğın aktyorlar arabaların arxasınca gəlirlər.

Onlar, beləcə, Türkiyə sərhədlərinə yaxınlaşırlar...

 

 “Ədəbiyyat və incəsənət”

(25.04.2024)