“Turan” (6-cı paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ Featured

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı. 1921-ci il. Qarabağ. Oktyabr...

At belində meşədən talaya çıxmış onbaşı İzzət də oxunan hərbi marşı dodaqaltı zümzümə edir.

Talanın ortasında yaşıl sulu göl görünür...

Onbaşı İzzət atı gölə doğru çapır...

Onbaşı İzzət atı göldə yuyundurur...

At suyun içində fınxırır...

İpə-sapa yatmayıb əylənir...

Onbaşı İzzətin üzündən yenə “Xatirələr”ə keçilir...

Titr yazı... 1918. Afrika cəbhəsi. Trablisqərb.

Kiçik daxmanı xatırladan qərargah...

Onbaşı İzzətin yanında dayanmış çapar Nuru paşaya İstan­buldan gələn hərbi ismarışı çatdırır.

Çapar: – Paşam, hərbiyyə naziri Mirliva Ənvər paşa həzrətlərindən buyruq var. Sizi İstanbula tələb edir­lər. Yeni yara­dıl­mış Azərbaycan və Şimali Qafqaz cəb­hələrində döyüşəcək Qafqaz İslam Ordusunun komandanı təyin edilmisiniz.

Nuru paşa: – Azərbaycan türklərini yaşadıqları coğ­ra­fi­ya­da görmək istəməyənlər çoxdur. Özlərini qorumaq üçün onların milli ordusu və dövləti olmalıdır.

Onbaşı İzzət: – Paşam, əl-cənnət təht-ül zülalül yuf.

Nuru paşa: – Düzdür, onbaşı... Cənnət qılıncların köl­gəsi altındadır. Biz Turanı qılınclarımızla quracağıq.

Liviya. İskələdən tərpənən qatar... Qatarın açıq nəfəs­li­yin­dən onu yola salan əsgərlərinə sevgi ilə baxan Nuru paşa...

Nuru paşanı yola salan əsgərlərin mərd üzləri...

 

***

Titr yazı. İstanbul. 1918-ci il. Mart.

“Babi Ali”nin binası...

Miz arxasında hökumət sədri Tələt paşa, ədliyyə naziri Xəlil bəy, hərbiyyə naziri Ənvər paşa əyləşib. Onların qarşı­sın­da qoyulmuş iki kətildə Türkiyəyə xüsusi tapşırıqla ezam olunmuş Azərbaycan nümayəndə heyətinin üzvü Nağı bəy Şeyxzamanlı və bir zamanlar Nargin adasında əsir saxlanılan türk yarbayı Hüsaməddin Tuğac əyləşib. Qapının ağzında Tələt paşanın yavəri və Nağı bəyi səfərində müşayiət edən azərbay­canlı naşir Ömər Faiq Nemanzadə dayanıb.

Otağın qapısı açılır... Nuru paşa geniş zala daxil olub təzim edir.

Tələt paşa: – Tərəfimizdən Qafqaz İslam Ordusu yaradıldı. Prins Fərruxu və daha bir neçə nəfəri sınaqdan keçirəndən sonra sənin namizədliyin üzərində duruldu, yarbay. Şimali Af­ri­ka cəbhəsindəki uğurlarına görə sağ ol. Cəbhə komandanı kimi əvəzsizsən. Almaniyanın, Avstriya-Macarıstanın sənə ver­diyi təltiflərdən də xəbər­darıq. İgid adamsan. Amma bütün bun­­lar görəcəyin iş üçün yetəcəkmi? Görəvin ağırdır. Sən Azər­baycanda həm dövlət qurmalısan, həm də döyüşkən ordu yaratmalısan. Ətrafın düşmənlə doludur. Gəncə, Bakı süqut edib. Zamanın yoxdur. Türkiyənin içində və dışında bizim Azərbaycan siyasətimizi anlamayanlar da var. Onlar sənə əngəl olacaq. Buna hazır olmalısan. Türkiyənin neçə cəbhədə vuruş­du­ğunu da görürsən. Sənə yardımımız yetməyə də bilər, gecikə də bilər. Döyüşlərə hazır olacaq ordunu ilk günlər yerli könül­lü­lərdən yaradacaqsan. Bacaracaqsanmı?

Nuru paşa: – Əmr edin.

Ənvər paşa: – Səni Azərbaycandan gələnlərlə tanış edim: Nağı bəy Şeyx Nizami soyundan olduğu üçün soyadı Şeyxza­manlıdır. İgid adamdır. Turançıdır. Hüsa­məd­din bəy cahan savaşı zamanı ruslara əsir düşüb. Onu Nargin adasından qaçı­ran Nağı bəydir. Azərbaycanda osmanlı əsirlərin yerli qüvvə­lər­lə birgə yaratdıqları gizli müqavimət hərəkatı var. Onlar da sənin əmrin altında olacaq. Bakı bolşevik-daşnak qüvvələri tərə­findən işğal olunub. Yerli əhali təşkilatlanmayıb. Uzun sö­zün qısası: quracağımız Turan Azərbaycandan başlayır.

Xəlil bəy: – Bir əngəl daha var, Ənvər paşa. Ədliyyə na­zi­ri kimi mən bunu sizə deməliyəm. Qafqaz İslam Ordusunun ko­man­danı ən azı ferik və padşah yavəri olmalıdır. Nuru paşa isə yarbaydır.

Ənvər paşa: – Bu məsələ ilə bağlı sultanımla görü­şəcəm. Nurunun hələ otuz yaşı yoxdur. Döyüşləri də, ömrü kimi, irəlidədir, Xəlil bəy. Əminəm ki, hökmdarım Nuru paşaya ferik rütbəsini əta edəcək. O, buna layiqdir.

 

***

Titr yazı... 1918-ci il. Mart. Heydərpaşa iskələsi...

Yolasalma salonunun qarşısındakı açıq perron...

Qatarın qarşısında Ənvər paşa ilə Nuru paşa söhbət edir.

Nuru paşa artıq ferik poqonları taxıb...

Fonda əsgər marşı çalınır...

Qafqaz İslam Ordusunun zabitləri qatarlara minirlər...

Bölük o qədər də çoxsaylı deyil.

Nuru paşanı yola salanlar arasında Hüsaməddin bəy də var.

Ənvər paşa: – Allahın hökmü ilə mart ayının iyirmi be­şin­də Mosula çatmalısan. Aprelin əvvəllərinə qədər ora toplaşacaq hərbçilərimizlə məsləhətləşəndən sonra Yev­laxa gi­rər­sən. Gür­cüs­tan yolu almanların əlindədir. İngi­lislər İranı tutub. Yev­lax­dan Gəncəyə keçməyin məslə­hətdir. Ordakı er­mə­niləri tərk­si­lah etməmiş Bakını azad etmə. Bakıda bir-iki erməni ölsə, er­mə­nilər Gəncə ca­maatını qıracaqlar. Onları ruslar yaxşı silah­lan­dırıblar. Haydı... yolçu yolda gərək. Turan amanatı, Nuru. Gəncədən başlamalısan.

Nuru paşa ilə Ənvər paşa qucaqlaşıb ayrılırlar...

Nuru paşa qatarın açıq qapılarından Ənvər paşaya təzim edir...

Ənvər paşa: – Anamız Aişə xanım deyib ki, başla­dığınız işi bitirmədən geriyə dönsəniz, südümü sizə halal etmərəm. Onun sözlərini unutma, Nuru.

Nuru paşa təbəssüm və cəsarət dolu baxışlarla Ənvər paşadan ayrılır...

Qatar iskələdən tərpənir...

Keçid... Onbaşı İzzət başını sudan çıxardıqda atı gör­mür... Çevrilib meşə tərəfə baxır. At kimdənsə qorxub çaparaq qalın ormanlığa girir. Onbaşı İzzət sudan çıxan zaman paltar­larının üstündə oturmuş əli silahlı iki bolşevik əsgəri görür. Onlar bir-biri ilə erməni dilində danışırlar. Onbaşı İzzətin ya­xın­laşdığını görən bolşe­viklərdən biri əlindəki təklülədən ona doğru atəş açıb: “Yerə çök!” – bağırır.

Onbaşı İzzət torpaq üstünə çökür...

Bolşeviklər onbaşı İzzətin şinelinin ciblərini eşələ­yəndən sonra ona yaxınlaşırlar.

Onlardan biri İzzətə yaxınlaşıb təpiklə çənəsinə vurmaq istəyir.

Çevik hərəkətlə bolşevikin ayağından tutan onbaşı onu yerə yıxır. Qoburundan tapançasını çıxarıb ayaq üstə dayanmış ikinci bolşeviki öldürür. İkinci güllə ilə yerə yıxdığı bolşeviki də öldürüb fit çalmaqla atı səsləyir.

At fit səsinə meşədən çıxır...

Onbaşı atın belinə qalxıb yenidən çaparaq meşəyə qayıdır...

 

 “Ədəbiyyat və incəsənət”

(22.04.2024)