“Turan” (2-ci paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ

Rate this item
(0 votes)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

Titr yazı. 1921-ci il. Yevlax. Sentyabr...

 Qızıl ordunun əsgərləri Nuru paşanın zirehli qatarını iskələdə partladırlar...

Qatar alışıb yanır...

Qatarın atlar daşınan yük vaqonları da yanıb külə dönür.

Onbaşı İzzət Nuru paşanın atını mahmızlaya-mahmızlaya qərargaha doğru çapır.

Nuru paşa qazma qərargahdadır...

Masa arxasında oturub.

Onbaşı İzzət ayaq üstədir.

Onbaşı İzzət: – Paşam, geri çəkilməliyik. Qızıl ordu Şuşa­ya hücuma keçib. Bu gecə gizli yollarla Naxçıvana keçməlisiniz. Üç gündən sonra Azərbaycanın bütün sınırları bağlanacaq.

Nuru paşa: – Atımı hərbi maşınlara yükləyə bilmərəm.

Onbaşı İzzət: – Güllələyə bilərsiniz.

Nuru paşa ayağa qalxıb onbaşı İzzətə yaxınlaşır...

Nuru paşa: – O at mənim dostumdur, İzzət. Onu İstanbula çatdırmalısan. Bu, əmrdir.

Onbaşı İzzət: – Baş üstə, paşam.

Nuru paşa: – Böyük savaşları sənin kimi onbaşılar qaza­nır, mənim kimi feriklər deyil, İzzət. İstanbulda alnından öpə­cəyəm.

Onbaşı İzzət çevrilib qərargahdan çıxır...

 

***

Titr yazı. 1921-ci il. Bərdə... Ağ-qara kadrlar...

At ayaqlarının tappıltısından bozumtul göy üzü də silkələnir...

Çəkilən tozun arxasından yorğun, yaralı atlar görünür.

Pərən-pərən düşmüş atları uçuruma doğru qovan kefli bolşeviklər göyə güllə atırlar...

Güllələr atlara göydən qayıdaraq dəyir...

Güllə dəyən atlar torpaq üstə yıxılıb çabalayırlar.

Öldürülən atlar görüntüdə qalsalar da, nal tappıl­tıları, kişnərti və güllə səsləri yavaş-yavaş avazıyır.

Sonra səslər tamamilə itir.

Atların səssizcə torpaq üstə çabalamaları, səssiz atılan güllələr, bozumtul tüstü, səssiz təqib və qışqırıq imitasiyası cansıxıcı ovqat yaradır.

Kadrlar dəyişsə də, görüntü səssiz olaraq qalır...

Atların quyruğunu qayçı ilə kəsən bolşeviklər...

Kəsilmiş at quyruqlarından kiçik təpəcik əmələ gəlib.

Quyruğu kəsik atları bolşeviklər çəpərə bağlayıb döyürlər.

Qırmızı komissar Nuru paşanın atını yüyənindən tutub qamçı ilə döyür.

At şahə qalxıb komissara təpik atır. Atın ağayana təpə­rin­dən hirslənən komissar tapançasını çıxarıb onu güllə ilə vurur. Kadrdakı bütün atlardan ölçüsünə və şahanəliyinə görə seçilən at aldığı güllə yarasından kökdən qoparılan iri tut ağacı kimi yerə yıxılır...

Onun yıxılması ilə kadra səs və rəng qayıdır.

Səs ilğım görüntünün altından onbaşı İzzəti də yuxudan oyadır...

Güllə səsinə gözünü açmış onbaşı yuxu ilə gerçəyi səhv salır.

Gözləri açıq olsa da, gördüklərini anlaya bilmir.

Çevrilib başını aşağı sallamış Nuru paşanın atına baxır.

At burdadır... Güllələnməyib. Dırnaqları ilə yeri eşir.

Onbaşının üzündən yüngül sevinc işartısı keçir.

Yuxu gördüyünü anlayıb toxtayır...

Onbaşı İzzət Karvansaray xarabalığındakı taxta dirəyə söykənib oturur.

Karvansaray xarabalığı kənddən o qədər də uzaqda olmayan yolun üstündədir.

Güllə səsləri ilə bərabər yaxınlıqdakı kənddən vaxtsız banlayan xoruz səsi də eşidilir.

Xoruz banı onbaşının kefini açır.

Onbaşı İzzət ayağa qalxıb sınıq qapı çərçivəsindən kənd yoluna boylanır...

Artıq gecə düşüb. Yola çıxmaq olar...

Onbaşı İzzət ata yaxınlaşıb boynunu qucaqlayır.

At onu burnu ilə geri itələyir.

Onbaşı yatdığı zaman başının altına qoyduğu quru samanı atın qabağına atır ki, yesin.

At samana tərəf heç baxmır da.

Ayaqlarını aralayıb samanı murdarlayır...

Boş, küləkli aran yolu ilə onbaşı İzzət atı sürətlə kəndə doğru çapır...

On-on beş evli kəndə səyyar “Agit teatr” gəlib...

Açıq səma altında bolşeviklərin “təbliğat teatrı” zorla evlərindən çıxarılan kəndlilərə “Agit tamaşa” göstərir.

Kəndin torpağı üstünə qırmızı kəlağayılar sərilib. Zoğal çubuğuna bağlanmış qırmızı əsgi parçası yeni sovet bayrağını əvəz edib. Kəndlilər tamaşadan çox onları evlərindən zorla çıxarmış əsgərlərin kefli üzlərinə və sinələrinə tuşlanmış tüfənglərinə baxırlar. Qırmızı mahud parça üzərində “Rədd olsun türk millətçiliyi” şüarı yazılıb. Şərti səhnənin ortasında dayanmış Ravi-aşıq geyimli aktyor kəndlilərə yeni dəyərləri təbliğ edir...

Ravi-aşıq:

– Siz daha türk deyilsiz. Müsəlman da deyilsiz. Dünyada millət deyilən, hümmət deyilən nə vardısa, keçdi getdi. Bu gündən erməni də yoxdur, rus da. Dünyada bircə millət var, sovet milləti. Bu millətin də bir Allahı var, yoldaş Lenin. Nuru paşadı, Nağı bəydi, Məmməd Əmindi... bu adları birdəfəlik unudun getsin. Onlar sizin düşmənləriniz imiş. Allahı da unudun, peyğəmbəri də. Yeni Allahınız yoldaş Lenin sizə torpaq və kotan verəcək. Hamınızın həm atı, həm də öküzü olacaq. Artıq yoldaş Kosanın da öz kotanı var. Gəl görək, yoldaş Kosa... Yubanma daha... Hara getmişdin?

Şərti səhnəyə dombalaq aşa-aşa Kosa geyimində olan aktyor daxil olur.

Kəndlilər onu görən kimi gülüşürlər...

Bir kəndli onu yanında oturmuş həmkəndlisinə barma­ğıyla göstərib ucadan qışqırır:

– Yoldaşın Keçəl hanı, ay Kosa? İrana qaçıb?

Kosanın arxasınca səhnəyə taxta oyuncaq at üstündə otur­muş, qolları kəndirlə bağlı Nuru paşanın karikatur obrazını can­landıran aktyor daxil olur.

Kəndlilər bu karikatur qrimli aktyoru görən kimi susur­lar...

Ravi-aşıq üzünü Kosaya tutub soruşur: – Kosa, hardan gəlirsən?

Kosa: – Bazardan.

Ravi-aşıq: – Bazardan nə aldın?

Kosa: – Bazarda nə desən vardı. Şura gələndən, maşallah, bolluqdu. Özümə hər şey aldım. Ət aldım, bal aldım, arvad aldım... Bir də bunu aldım. General Tomson satırdı.

Ravi-aşıq üzünü Kosaya tutub soruşur: – Bu kimdir belə, ay Kosa, cücədir?

Kosa: – Cücə deyil, Nurudur. Qardaşlarımız ermə­nilə­rə güllə atan paşadır. Bir zamanlar ordu yaradıb Azər­baycanı işğal etmişdi. Turandan dəm vururdu. Birliyi­mizdən qorxub əkildi. Bazardan aldığım da onun müqəvvasıdır, özü deyil. Sizin üçün almışam ki, daşlaya­sınız.

Ravi-aşıq üzünü kəndlilərə tutur:

– Nuru paşa millətçi və başkəsən idi. Elədirmi, yoldaşlar? O, bizi yoldaş ermənilərlə, yoldaş ruslarla düşmən etmişdi. Təzə Şura hökumətini sevən varsa, ayağa qalxıb bu məluna bir daş atsın. Bir daş altdan, bir daş üstdən. Daş gö­tü­rüb vurun bunun təpəsinə. Nə durmusuz? Tərpənin gö­rüm.

Kəndlilər tərpənmir...

Bəzi kəndlilər hirslənir...

Heç bir kəndli yerindən tərpənmir...

Tamaşanı təşkil etmiş əlisilahlı bolşeviklər kəndli­lərin Nuru paşa qrimində olan aktyora daş atmamasından sinir­lə­nirlər...

Taxta kətil üstə oturmuş bolşevik komandir ayağa qalxıb kəndlilərə barmaq silkələiyr...

Kəndlilərin də içinə vəlvələ düşüb...

Kəndlilərdən biri:

– Bu, lap ağ oldu ha, aşıq. O boyda kişini ələ salmaq olar? O olmasaydı, tayqulaqlar hamımızı qırıb qurtarmışdılar.

Ravi-aşıq:

– Özünüzə də, mənə də yazığınız gəlsin, yoldaş kəndlilər. Heç olmasa mənə daş atın... Burda nə var ki? Daşdır, başdır... Vəssalam.

Bir kəndlinin gözündən yaş axır...

Olanları həssaslıqla izləyən bolşevik komandir tapan­ça­sından göyə atəş açır...

Komandir:

– Paşanıza daş atın... Oğraş köpəyoğ­lanları... Yoxsa hamınızı qıraram...

Kəndlilərdən yenə səs çıxmır...

Kosa əlindəki daşı Nuru paşa qrimində olan aktyorun başına vurur...

Daş aktyorun başına dəyir..

Aktyorun başı qanayır...

Bolşeviklər başı qanamış aktyora baxıb ürəkdən gülürlər...

Kəndlilərdən biri əyilib yerdən götürdüyü daşı bolşevik komandirə tərəf atır...

Komandir əlindəki tapançanı həmin kəndliyə tuşlayıb:

– Səni burda güllələyəcəm, – deyir.

Kəndlilər ayağa qalxıb yallı oynayırlarmış kimi səf tuturlar...

Komandir əlindəki tapançadan atəş açaraq ona daş atmış kəndlini öldürür...

Bunu görən əlləri yalın kəndlilər bolşeviklərin üstünə cumurlar...

Komandir bolşevik əsgərlərinə “Atəş aç” əmrini verir.

Bolşeviklər açdıqları atəşlə bir-bir kəndliləri öldürürlər...

Aldıqları güllələrdən ölən kəndlilər...

Bolşeviklər kəndliləri öldürüb atların belinə qalxırlar...

Komandir üzünü Ravi-aşığa tutub:

– Gecə düşmə­miş şələ-şüləni yığıb Arana en, səninlə orda danışacam, – deyir.

Bolşeviklər atlarını çapıb kənddən çıxırlar...

Güllə səsinə teatr göstərilən açıqlığa kənddən çar­şab­lı arvadlar qaçıb gəlirlər...

Arvadlar öldürülmüş ərlərini, qardaşlarını, atalarını görüb qışqırışırlar...

Şərti səhnədə “canlı dram” oynanılır...

Arvadlar ərlərinin üstündə ağı deyib ağlayırlar...

“Agit teatr”ın aktyorları da onlara qoşulur...

Aktyorlar da ağı deyib diz vururlar...

Ravi-aşıq heykəl kimi donub...

Kənd arvadları güllələnmiş kəndlilərin içindən sağ qalan­ları axtarırlar.

Bir-iki kəndli sağ aşkar olunur...

Ravi-aşıq pıçıltıya keçir: “Badi-badi giriftar... Hart­dan-Hurtdan, saqqalı qarpız qabığı, düyməsi turpdan... Hadıydı, Bıdıydı, Şahmərdan oğlu Şədiydi, bir də mən idim, ova getmişdik... Qarşımıza bir qırmızı quş çıxdı. Hadı dedi: Vur, Bıdı dedi: Vur. Şahmərdan oğlu Şədi dedi: Vur. Mən vurmadım. Necə vuraydım? Topum yox... Tüfəngim yox. Qırmızıya daşmı atım!? Qırmızının arxası var axı... Daş başıma qayıdar...”­

 

 “Ədəbiyyat və incəsənət”

(16.04.2024)