KİNOTƏHLİLdə “Bəxt üzüyü” filmi Featured

Rate this item
(4 votes)

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

“Bəxt üzüyü” filmi tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə Vaqif Səmədoğlunun dram əsəri əsasında ekranlaşdırılmışdır və "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. 

 

Film Saranın (aktrisa Gülşad Baxşiyeva) bəxt üzüyünün itməsi üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Gülşad Baxşıyeva, Valeh Kərimov və başqaları ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filimlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə mükafat verilmişdir. 

Filmdəki hadisələr natural formada, sərbəst mövzuda, səmimi və təbii ifa maneralarına əsasən canlandırılır. Hadisələrin sanki insanlarla həmsöhbət olurmuş kimi qələmə alınması, insanların öz şəxsi psixologiyasına uyğun səsləndirilməsi filmin biraz daha diqqət mərkəzində olmağına səbəb yaradır.

Günün reallıqları, insanların anormal sosial durumu, dünyada baş verən qeyri bərabərsizlik filmdəki qəhrəmanların həyat şəraitini əks etdirir. Filmdə diqqət mərkəzində olan duyğulardan biri insanların bir-birinə olan biganəliyi, yalan olan insan xislətində gizlənmiş şeytan düşüncələrə bir qədər istehza, XX əsrdə belə mövcud olan mövhumatçılıq( Söylünün yaxasından dua asması), cəhalət və savadsızlıq idi. Yaradılan və canlandırlıan bu obraz və hadisələr çağdaş həyat tərzini cəhalətə aparan bir amil kimi tənqid olunmağa başlayır. 

İlk baxışda bütün bu sadalananlar filmin komedik motivi kimi nəzərə çarpsa da, hadisələrin gedişində böyük bir ciddiliyə bağlanır.

Komediya janırında olan bu qrotesk filmdə baş qəhərmanlardan biri olan Saranın bəxt üzüyünün itməsi əhvalatı əslində bütöv bir millətin bəxtinin itməsindən xəbər verirdi. Sözdə şair ruhlu insanlar kimi özünü qələmə verən Moşu (aktyor Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olub həm özünü, həm də ətrafındakıları bu yalana inandırmağa çalışırdılar. Digər personajlardan bir neçəsi (Sara, Hüseyin, Zırpı) kimilər isə işsizliyin və çətinliyin məngənəsində həyatlarını doya-doya yaşamaq yerinə, sadəcə yaşamağa məcbur olan varlıqlar kimi qələmə alınmışdır.

Sara həyatını başqalarının yataq dəstlərini yumaqla, Zırpı (Muxtar Manıyev) ətrafdakıların cahillik və savadsızlıq üzərində qurulmuş həyatını seyr etməklə, Moşu bədbəxt həyatda xoşbəxtliyə qafiyə axtarmaqla, uşaq evinə atılıb yaşamına biganə olan Hüseyin isə sərxoşluqla qurur.

Filimdə baş verən ziddiyətlər də elə burdan başlayır əslində. Özlərini bir ailə adlandıran bu insanlar əslində bir-birlərinə nə qədər uzaq olduqlarını zaman keçdikcə anlayırlar. Filmdə bəşəri mövzular səsləndirilməsə də  qlobal problemlərdən olan biganəlik, əxlaqi dəyərlərin itməsi çox aydınca tamaşaçıya çatdırılır və bizi düşündürür.

Filmin kulminasiya nöqtəsində ağlı kəsəndən həyatın ən acı tərəflərinə şahid olub, ailənin kədərli fəlsəfəsi ilə tərbiyələnən azyaşlı qızın gecənin bir yarısında evdən çıxıb ağacın dibində yatmağı göstərilir. Buna səbəb isə atasının “o ağacı böyüdəcəyəm, böyüdəcəyəm, ağırlığıma tab gətirəndə özümü ordan asacağam" deməsi idi. O azyaşlı qız əslində o səhnədə böyük bir cəsarəti özündə əks etdirmiş və yaşamağa bir səbəb daha yaratmışdı.

Yoldaşının sərxoşluğundan, biganəliyindən bitib tükənən Sara qızının itdiyini düşünüb hər kəsi ayağa qaldırır və onu tapdıqdan sonra kadrlara yansıyan görüntü xoşbəxt ananın üzündən oxunan nikbin faciədən başqa bir hiss olmur. Elə mövzu burda bir az daha dərinləşir və Sara anlayır ki, hələ son deyil, hələ yaşamağa ruhlanacaq, həyatında onun hər əzaba tab gətirməsinə kömək olan övlad sevgisi var.

Elə "bəxt üzüyünün" mahiyyəti də burda açılır. Amma təkrarən deyim, bu filmi nikbin komediya adlandırmaq olmaz.

Komediya janrının qanunlarına dərindən bələd olan aktyor ansamblı pyesin ekran variantını doğru səciyyələndirərək

hadisələrin emosional şərhinə nail olmuşlar. Filmin sərbəst naturada çəkilməsi isə mizanı, filmin ümumi ideyasını bayağılıqdan xilas etmiş olur. 

Və sonda inaanların illərlə doymadan izlədiyi, özündə keçmişi, gələcəyi əksetdirən “Bəxt üzüyü" filminin təhlilini filmdəki bir epizodla - Ömər Xəyyamın şeiri ilə sonlandırmaq istədim:

Ey şəhər müftisi səndən huşyarıq,

Bunca sərxoşluğa səndən pərgarıq

Biz şərab içirik, sən xalqın qanın,

İnsaf et, hansımız daha qəddarıq.

-Əliağa Vahid?!

-Yox. Ömər Xəyyam.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)