“Macəra”- Nuri Bilgə Ceylanın sevdiyi 10 filmdən 5-cisi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

5. "Macəra" ("L'avventura", 1960), Mikelancelo Antonioni

 

Anna sevgilisi Sandro və ən yaxın dostu Klaudiyanın da daxil olduğu bir qrupla yaxta səyahətinə çıxır. Yaxta Aralıq dənizinə doğru hərəkət edərkən, Anna sevgilisinə olan hisslərini şübhə altına almağa başlayır. Yaxta bir adaya yaxınlaşdıqdan az sonra Anna müəmmalı şəkildə yoxa çıxır. Annanı axtarmağa başlayan Sandro ilə Klaudiya arasında sevgi macərası başlayır. Çox az dialoq olan film öz gücünü rejissorun hekayəni anlatma üslubundan və filmdəki sirri daim qoruyub saxlamasından alır. Film bu şəkildə eşq hekayəsi ilə bərabər, gərginliyi də qoruyub saxlayır. Mikelancelonun ən mükəmməl filmlərindən biri olan "Macəra" Aralıq dənizinin möhtəşəm gözəlliyini də ağ-qara estetika ilə bizə nümayiş etdirir.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)