Üç gün dalbadal gözəl tamaşalar Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bakının ən gözəl iki məkanının - Fəvvarələr və Molokan bağlarının qonşuluğunda yerləşən bu teatr sanki elə yerləşdiyi yerlə də özünə imic yaradıb: mərkəz, kübarlıq, gözəllik…

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının mart repertuarı yenə də həmişəki kimi diqqət çəkir. Baharın gəlişi ilə daha emosional, daha hərarətli tamaşalar oynanılır sanki. 

Bu gün – cümə günü sizlərə “Afina axşamları”, şənbə günü “Kişi, qadın, pəncərə... məşuq” və bazar günü “Sevgi, @ nöqtə.RU” tamaşaları təqdim ediləcək. 

 

İndisə ayrıca hər bir tamaşa haqda danışmaq istəyirəm. Çox təəssüf ki, mən yalnız bugünkü cümə tamaşasını izləyə biləcəyəm, şənbə və bazar şəhərdə olmayacam, amma teatrın tamaşaçı kontingentinin hər üç tamaşanı izləyəcəyindən əminəm. 

 

1 mart – “Afina axşamları”

Rus dramaturqu Petr Qladilinin ikipərdəli lirik komediyasının premyerası 2016-cı il yanvarın 17-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Pyesin süjeti bizi keçmiş zamanlara aparır, ailənin atası Boris Oleqoviçlə onun qızı, pianoçu Nataşa arasında ixtilafa toxunur. Baxışların ziddiyyətini Nataşanın nənəsi – knyaginya Rastopçina özünəməxsus tərzdə aradan qaldırır.

 

2 mart – “Kişi, qadın, pəncərə... məşuq”

İngilis dramaturq Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.

Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.

 

3 mart – “Sevgi, @ nöqtə.RU” (“Любовь, собак@Точка.RU”)

Rus dramaturq Leon Aqulyanskinin pyesi əsasında komediya özündə həyatın daimi məsələlərini, çoxsaylı komik səhnələri və parlaq aktyorların mənasız davranışını birləşdirir. Premyerası 2022-ci il noyabrın 12-də keçirilən tamaşa Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Tamaşanın qəhrəmanları uzun müddət şəbəkə vasitəsilə ünsiyyət qururlar və nəhayət, şəxsən tanış olmağa qərar verirlər. Uğurlu işgüzar qadın və tanınmış plastik cərrah. Onlar bir-biri üçün doğulmayıblarmı?

 

Qapaq şəklində “Afina axşamları” tamaşasından səhnə. 

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)