115-ci teatr mövsümününə Opera və Balet Teayrı necə hazırlaşır?

Rate this item
(0 votes)

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.

 

Teatrdan mediaya verilən məlumata görə, Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini kollektivə təqdim edib.

Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin sentyabrın 18 və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.

Sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır.

“Əsas məsələlərdən biri də bizim teatrımızın qastrol səfərlərinin təşkil edilməsidir. Milli mədəniyyətimizi ölkə hüdudlarından kənarda təmsil etmək balet truppasının artistləri və solistlərimiz üçün böyük bir stimuldur. Teatrda uzun illər ərzində səmərəli fəaliyyət göstərən, yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşların Fəxri adlara təqdim olunması məsələsinə də çox ciddi yanaşılacaq. Milli və unudulmuş operalarımızın bərpası da qarşıda dayanan məsələlərdən biridir. Biz həmin operaları dünyanın ən tanınmış səhnələrində nümayiş etdirməliyik. Məsələn, biz İtaliyanın Arena di Verona Teatrında milli opera sənətimizin incisi olan "Koroğlu" operasını göstərə bilərik. Eyni zamanda qeyd etməliyik ki, Opera və Balet Teatrının təmirə bağlanması kollektivimiz iş fəaliyyətinə təsir etməyib. Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Sarayında, Opera Studiyasında həm balet, həm də opera tamaşalarımızı nümayiş etdirmək üçün şərait yaradılıb”, - deyə sənət ocağının rəhbəri söyləyib.

Teatrın direktoru yeni mövsümdə bütün yaradıcı və texniki heyətə yaradıcılıq uğurları arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)