“Təbiətin zədələnməsi, canlıların ölümü, atmosferin çirklənməsi bəşəriyyətin məhvidir” Featured

Rate this item
(1 Vote)

Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”

 

 

İnsan sağlamlığına mənfi təsir göstərən amillərdən biri iqlim dəyişməsidir. Təbii fəlakətlər, istilik dalğaları, dəyişkən hava şəraiti minlərlə insan həyatını məhv edir. Bəşəriyyət üçün ən böyük fəlakətlər isə qlobal istiləşmə və amansız müharibələrdir.

 

Bəlli olduğu kimi təbii fəlakətlər: sunami, zəlzələ, vulkan, meşə yanğınları və s... nə qədər də zədələyici təsir göstərsə belə amansız müharibələrin açdığı qorxuducu  təsirlər bəşəriyyətin duyğularında daha dərin iz salır. Əsl fəlakət insan ümidlərinin sarsılmasıdır. Bu zaman yaşadığımız ağır yaralar çarəsizliyə, ümidsizliyə səbəb olur. Hər bir travmanın gətirdiyi faciə ruh düşkünlüyü yaradır. Ruh düşkünlüyü isə sevincimizi, gücümüzü, sağlamlığımızı bizdən alır.

Bütün bunlarla yanaşı dünyanı qucaqalayan pandemiya sarsıntısı da var. Dünyanı ağuşuna alan bu bəla nəinki insan sağlamlığına, hətta iqtisadi itkilərə də səbəb oldu. Sözsüz ki, dünyada dərin böhran yaradan pandemiya dövründə karantin rejiminin tədbiq olunması tənəzzülə uğrayan bir çox ölkələrdə iqtisadiyyatın dirçəlməsi üçün uzun zaman alacaq. Pandemiyanın təhsil, səhiyyə, sosial rifah,  iqtisadiyyat və mədəniyyət zəminində göstərdiyi mənfi təsirləri nəzərə alsaq, həyat fəaliyyətinin çətin sınağı insanların nə qədər mubariz olduğunu göstərir.

2019-cu ildə gündəmə gələn, “COVİD-19 “ adı ilə tanınan koronavirus infeksiyası insanlarda psixoloji gərginliyin artmasına səbəb oldu. Sərt karantin rejimi, virusun kütləvi yayılması, ölüm hallarının artması, işsizlik, bahalaşma, tədbiq olunan bəzi məhdudiyyətlər, nəfəs almağı çətinləşdirən qoruyucu maskalar və s... insanların şəxsi mənafeyinə vurulan ağır zərbə idi.

Qayıdaq müharibələrə. Son illərdə dünyanın bir çox ölkələrini ağuşuna alan  amansız müharibələr insan həyatının ən ağır və ən dəhşətli sınaq hadısəsi olmaqdadır, hansı ki, bir insan üçün qəm, kədər və göz yaşından başqqa bir şey deyildir. Aclıq, səfalət və acılar nə qədər faciəvi olsa da bir insan şüurunda, təfəkküründə, düşüncəsində cəmlənən qürur obyekti azadlıq, qələbə uğrundakı savaşın mübariz daşıyıcısıdır. Təsadüfi deyil ki, indi dünya böyük bir müharibənin dirijorluğu ilə iki cəbhəyə bölünüb. Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibə Rusiya və Ukrayna tərəfdarları arasındakı siyasi, iqtisadi qarşıdurmanı özündə ehtiva etməkdədir.

Məhz son illərdə dünyada baş verən təbii fəlakətlər də az deyildir. Bir çox ölkələrdə baş vermiş təbii fəlakətlər planetimizin sakinləri üçün təhlükəli hadisələrdən hesab olunur. Ən əsası da təhlükənin anidən baş verməsi, infrastrukturun məhv olmasıdır. Zəlzələ, sunami, vulkan püskürməsi, leysan yağışlar, torpaq sürüşməsi özünəməxsus dağıdıcı xüsusiyyətlər daşıyır. Elə təkcə on minlərlə insanın ölümünə və böyük dağıntılara səbəb olan Türkiyə zəlzələsini, yaxud bütün yaşayış məntəqələrinin yanıb külə dönməsi ilə nəticələnən Havay adasındakı təbii yanğınları misal gətirmək kifayət edər. Təbiətin zədələnməsi, canlıların ölümü, atmosferin çirklənməsi bəşəriyyətin məhvidir. Təbii ki, fırtına, daşqın, leysan yağışlar, dənizdə su səviyyəsinin artması, quraqlıq qlobal istiləşmənin nəticəsidir. Qlobal istiləşmə 20-ci – 21-ci əsrlərin qlobal problemidir.

Bu da sənaye və iqtisadi inkişafın infrastrukturuna böyük əks-təsir göstərir. Su qıtlığı yaradır. Bütün bunlar quraqlığa, infeksiyaya, insan sağlamlığının itirilməsinə, ishal və korluğa gətirib çıxardır. Susuzluqdan yanan taxıl sahələri fermerlərin narahatlığına səbəb olur. Çunki bitkilər də su istəyir. Sahələrdəki fəaliyyət artımı su ehtiyatından asılıdır. Uzun sürən quraqlıq, qlobal temperatur artımı, isti hava səbəbindən  su ehtiyatının azalması bəşəriyyətin ciddi qida böhranı ilə üzləşəcəyindən xəbər verir. Əlbəttə, insanların sağlamlıq fəaliyyətinin vacib amillərindən biri də qida məhsulları ilə təmin olunmasıdır.

İnsanı sövq edən, dünyanı sarsan hər bir fəlakət insan həyatında çox şeyi dəyişdirir. Hər dəyişimdə isə insan bir daha yenilənir. Mənəvi maarifçilik, savadlılıq, tərbiyəvilik bir insan tərəfindən yaradılmış mənəvi-əxlaqi bir dəyərdir. Yaşadıqlarımız nə qədər ağır olsa da keçmiş itkilər gələcək ümidlərlə  doludur. Ümid ruhumuzun kəşfi, bitmiş bir insanın yenidən canlanmasıdır. Nə qədər əzab-əziyyət, acı, gözyaşı yaşasaq da unutmamalıyıq ki, yalnız əzmi, ümidi ilə yaşayan insanlar yaşayar. Acı keçmiş, çətinlik, müsibət olsa da bir ruhun qidası ümiddir. Hər bir fırtına insanı böyük uğursuzluğa sövq edər, hər bir insan iradəsi, əzmi, vicdanıyla mübarizə aparar. Düşüncələr, əməllər, narahatlıqlar, biz insanları dəyişdirər. Bütün bunlara varan qətiyyətli insanlar üçün həyat davam edər, ümidlər canlanar və yaşam dolu həyat başlar.

70 ilə qədər yaşayan qartal 40 yaşında yaşamaq üçün həyatının çətin qərarını vermək məcburiyyətindədir. Dimdiyi uzanan, qanadları pırtlaşan, tükləri qartlaşan, pəncələri sərtləşən qartal bu məqamda ya ölümü seçər, ya da yenidən doğuluşun çətinliklərinə dözərək yaşayar.

İnsanlar da belədir. Keçmişimiz nə qədər ağrılı-acılı olsa da yenidən yaşamaq üçün

çətinlikləri unutmalı, gələcəyə davam etmək üçün mübarizə aparmalıyıq.

 

Keçmişin səninlədir, şaxtalı olsa belə.

Bu günün səninlədir, zəif olsan belə.

Gələcəyin səninlədir, çətin olsa belə.

 

Ən əsası da xoşbəxt olmağa çalışın ki, sevinciniz kədərinizə şərik olsun.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2023)