Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti İlhamə Quliyeva anılıb

Rate this item
(0 votes)

Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti İlhamə Quliyevanın doğum günü münasibətilə məzarı ziyarət olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin nümayəndələri, bir sıra tanınmış mədəniyyət və incəsənət xadimi və ictimaiyyət nümayəndələri mərhum sənətkarın məzarı üstünə güllər düzüb, onunla bağlı xatirələrini bölüşüblər. 

Qeyd edilib ki, milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva, bütün fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizin zənginləşməsinə böyük əmək sərf edib. O, görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb.

Diqqətə çatdırılıb ki, İlhamə Quliyeva milli musiqimizi nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda təşkil olunan konsert proqramlarında uğurla təmsil edib.

Vurğulanıb ki, mərhum sənətkarın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Sonra çıxış edənlər unudulmaz müğənninin sənət dünyasından, insani keyfiyyətlərindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, İlhamə Quliyeva səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, həm də Azərbaycan estrada sənətinə yeni nəfəs bəxş edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)