Kəsdiyin bir quru ağacın yerinə iki fidan əkmədinsə vay dünyanın halına - EKSPRESS-SORĞU Featured

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikası bu dəfə əhatə dairəsinə görə həm sualı, həm də cavabları ilə daha fərqlidir, ona görə də daha maraqlı alınıb. 

“Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya… - bütün bunlar dünyanı sarımaqdadır. 

İnsanlar çaşqın və ümidsizdirlər. 

Mədəniyyət bu halda bəşəriyyətin köməyinə gələ bilərmi?”

Sual belədir. 

İndi isə cavablar. 

 

Jalə İslam:

Mədəniyyət dedikdə mənəviyyatmı ön plandadır, yoxsa maddiyatmı?

Bizim zamanla həm sarsıcı, həm də düşünmədən irəli sürdüyümüz qeyri-iradi fikirlər mədəniyyətimizə necə təsir göstərir?

Sorğuya cavab hazırlayarkən bu iki suala cavab tapmağa çalışdım. Belə düşünürəm ki, xalqımızın hər hansı doğruluğa məhəl qoymadan, əsaslandırmadan inandığı bir sıra fikirlər zamanla bizim üçün həqiqət olanları yalan edir. Cəmiyyət arasında belə bir deyim var, -"Ağıl ağıldan üstündür". Əziz dostlar, niyə kiminsə ağlı bizim ağlımızdan üstün və yaxud əksik olmalıdır?! Xeyr, təbii ki bunu ciddi bir kinayə, ya da pis niyyətlə demirəm. Onu demək istəyirəm ki, niyə kiminsə ağlını, şüurunu, gücünü özümün bu cür xüsusiyyətlərim ilə müqayisə etməliyəm?! Məgər bu, insanın öz iradəsini alçaltmaq deyilmi?! Ona görə də belə düşünürəm ki, insanın özünə güvən hissi onun ən güclü qalxanıdır. Niyə xalqımız zaman keçdikcə ağır, təlatümlü bir ruhun təsiri altına düşür?! 

İnsan özünü inkişaf etdirməlidir ki, cəmiyyət inkişaf etsin. Cəmiyyət inkişaf etməlidir ki, maddi və mənəvi dəyərlər öz gücünü qorusun və gələcək nəsillərə öz töhfəsini versin. Məhz belə olan halda mədəniyyətimizin qədim tarixi köklərə əsaslanan sarsılmaz ruhunu qoruyub saxlaya bilərik. Axı mədəniyyətimizin bir sıra cərəyanların təsirinə məruz qalması və onun elementlərinin assimilyasiyaya uğraması çox mənfi bir nəticədir.  Mədəniyyətimizdə aşağıdakı ifadələr geniş yer tutur: xalq yaradıcılığı, xalq incəsənəti, xalq müdrikliyi, xalq ənənələri, xalq rəvayətləri, xalq sənətkarları, xalq təbibləri, xalq müğənniləri, xalq musiqisi və s. Lakin bir şeyi unutmayaq ki, xalq mədəniyyətində əlavə xalq gerçəkliyi deyilən bir ifadə bizi bu gün narahat edir. Və... bizi narahat edən bu gerçəklər günümüzün qlobal problemləridir. Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya… - bütün bunlar həqiqətən də dünyanı sarımaqdadır. Bütün bu gerçəklər bizi narahat edir və əgər bir tədbir görməsək, belə baxıram ki, bu məsələ bizi uzun müddət yormağa davam edəcək. Bəs çarə nədir, təbib hansı eldədir? 

Onu deyə bilərəm ki, mədəniyyət bu halda bəşəriyyətin köməyinə gələ bilməz, bəşəriyyət mədəniyyətin ətəyindən var gücü ilə yapışa bilər. Amma bir həqiqət var ki, tək əldən səs çıxmaz. 

Unutmamalıyıq ki, mədəniyyət keçmişdən bu yana cəmiyyətin həyat fəaliyyətinə təsirsiz ötüşməmişdir. Həyat tərzi, təsərrüfat fəaliyyəti, adətlər, ayinlər, uşaqların tərbiyəsi - bütün bunlar mədəniyyətin təməl nöqtəsidir. Mədəniyyət ailədən başlayır. Valideyn ilk növbədə uşaqlarına ədaləti, sülhü, ehtiyatlı olmağı, tutumlu olmağı təbliğ etməyi bacarmalıdır ki, həmin uşaq da böyüyəndə əldə etdiyi yaxşı tərbiyənin nəticəsi ilə bəşərə töhfə versin. İstər iki bəndlik şeiri ilə, istər bir səhifəlik bəddi yazısı ilə, istərsə də valeh edən nəğməsi ilə, fərqi yoxdur. Necə olursa olsun, önəmli olan nəticə bizi gözəl yöndə heyrətləndirsin. Şüar sahibinin sənəti bizə maraqlı deyil ki. Əsas odur şiddətə, qana, ədavətə məhəl qoymadan şəfqəti bizə öyrətsin. Desin ki, əzizim, bir dilim çörək qalıb, sənin isə qardaşın da (bacın) var. Məsələ isə mədəni deyil, vicdanı doyurmaqdır. Əgər vicdanının doymağını istəyirsənsə, həmin bir dilim çörəyi iki yerə böl. 

Desin ki, övladım, suyu və işığı söndür, yoxsa sabah işıqsız və susuz qalacağıq. Desin ki, bu dünyanı qoruyub gələcək nəsillərə çatdırmaq sadəcə bizim əlimizdədir. Əlimizdə olanı isə nə sıxmaq, nə də atmaqla hökümlüyük. Sığınan hər can, hər məfhum qorunmaq üçün çırpınır!

 

Uraqan Abdullayev:

Dostoyevskinin də dediyi kimi: "Elm və incəsənət həmişə müharibədən sonrakı ilk mərhələdə inkişaf edir. Müharibə onları yeniləyir, təravətləndirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm də süquta uğrayır."

Eləcə də təbii fəlakətlər, pandemiya, su və ya taxıl qıtlığı dönəmləri. Çətin vəziyyətlər insanları bir-birlərinə daha da yaxınlaşdırır. Qəhrəmanlar sülh zamanı və ya əmin-amanlıq dönəmində inkişaf etmir. Ən çətin anlarda, qaranlıq gecələrdə ən patlaq ulduzlar kimi üzə çıxır. 

Çətin dönəmlər insansevərliyi inkişaf etdirir və xalqları birləşdirir.

Onları bir-birinə hörmət etməyə məcbur edir.  Xeyriyyəçilik ən çox elə bu dönəmlərdə inkişaf edir. 

Yüksək insani keyfiyyətlər ortaya çıxır, insanları ümumi ortaq səbəb üçün birləşdirir. 

Düşünürəm ki, insanlığı növbəti mərhələyə daşımaq üçün bu vacibdir:

Çətin zamanlar güclü insanları yaradır.

Güclü insanlar asan zamanları yaradır.

Asan zamanlar zəif insanları yaradır.

Zəif insanlar çətin zamanları yaradır.

 

Kubra Quliyeva:

İnsan və zaman. Bir-birinə çox sıx bağlı olan iki məhfum əsasında kainatın axış sistemi, bu sistemin alt sistemləri formalaşır. Zaman axır, insan inkişaf edir və müəyyən səviyyədə fərqliliklər meydana çıxır. Min illiklər boyu insan iki əli ilə tarazılığı saxlamağa çalışır. Bir əli ilə ağaclar əkib meşələr salır, obiri əli ilə ağacları qırıb əldə etdiyi odunla evini isidir. Bir əli ilə heyvan bəsləyir, obiri əli ilə heyvanların nəslini tükədir. Bir yandan pulu yaradır, digər tərəfdə kasıblığı. Acı tox ilə öldürür, suyu alov ilə söndürür. Daim dilində "tərəqqi, inkişaf, mədəniyyət, multikulturalizm" şüarları səslənən insan cəmiyyəti çox təəssüf ki, tarazlıqda saxlaya bilmir və özünün əməyindən əlavə Tanrının bəxşişi olan həyatı da məhv edir. Amma cəmiyyətin içində getdikcə nəsli kəsilən bir kütlə var ki, hər şeyin fərqinə varıb və fərqinə vardıqlarını  qınamaq əvəzinə axtarışa keçiblər. Bəs yaxşı, çarə nədədir? Maddi, mənəvi, fiziki, təbii və hətta süni yolla bir çox itkilərə məruz qalıb yaşadığı torpaqlarda özü özünə təhlükə olan insanlar bu qədər itkinin qarşısını ala bilərmi?

Əlbəttə alar, axı dünyanı gözəlləşdirməyə çalışan elə məhz insan və onun bəşəri kəşfləri olub. Axı, Tanrı insanı cəmiyyətin ən alisi olaraq yaratdı. Düşünürəm ki, Tanrı insanı ortalama ömür sürüb torpağa qarışan çürüntü olaraq yaratsa idi ona instinkt və şüur verməzdi. Tək gərəkən bir az araşdırmaq, addım ata biləcək yollar seçmək və bunu yaymaqdır. Cəmiyyətin çarəsiz qaldığı bu dönəmdə insanların dadına yalnızca mədəniyyət və elm çata bilər. Hansı ki, maariflənmiş insan mədəniyyətində barbarizmdən kənar davranaraq fərqinə vardığı bu problemləri həll etmək üçün elmini ortaya qoysa, insanlar dünya üçün əl-ələ tutuşsa böyük bir mədəniyyət erası açıla bilər. Sosial fərqindəliyi olan fərd bunu ətrafına aşıladıqca ətraf genişlənər və böyük bir mədəniyyət kütləsi öz gücünü maariflənmə, düzgün təbliğat və elmin köməyi ilə bütün çətinliklərin öhdəsindən gələ bilər.

 

İradə Allahverdiyeva:

Son zamanlar dünyanı cənginə alan təbii fəlakətlər yer kürəsində ciddi ekoloji dəyişikliklərə səbəb oldu.

Bir sözlə, hal-hazırda planetimiz gözləniləndən daha sürətli istiləşir. 

Xatırladaq ki, Paris Sazişinə əsasən, ölkələr qlobal istiləşməni dayandırmaq və planetin 2 dərəcədən çox istiləşməsinin qarşısını almaq üçün 2020-ci ildən etibarən karbon qazı tullantılarının azaldılması ilə bağlı tədbirləri tənzimləməyi qəbul ediblər. Çünki istiləşmədə yalnız 2050-ci ildə 1,5 dərəcəlik artıma çatacağımız gözlənilirdi. 

Son 5 il 1850-ci ildən bəri qeydə alınan ən isti dövr oldu. Bu ilin 11 avqustunda Avropada indiyə qədər qeydə alınan ən yüksək temperatur yeniləndi. İtaliyanın Siciliya adasında havanın temperaturu + 48.8 dərəcəyə yüksəldi. Görünür, bəşəriyyət indi bütün problemləri kənara qoyaraq daha çox iqlim dəyişikliklərinə səbəb olan məsələri aradan qaldırmaqla məşğul olmalıdır. Əgər dünyada iqlim siyasəti kəskin şəkildə dəyişməsə, 21 -ci əsrin sonlarında planetin temperaturu daha 3 dərəcə artacaq. 

Ortamüddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etmək , təbiəti, bitkiləri  qorumaq olmalıdır!     

 

Heyran Zöhrabova:

Bir var fəlakət və bir də var təbii fəlakət. Əslində bunların hər ikisində dolayı yolla bəşər övladının öz əli var. Əlinə hökm edən nəfsinin və bir az da  laqeydlik, məsuliyyətsizlik və nankorluğunun.

Bir söz var, deyir: "Əgər insanları ordan götürsək yer üzü özü cənnətdir."

Əgər insan övladı bir quru ağacı kəsdiyində onun yerində iki fidan əkmiş olsaydı, meşələr qırılmazdı. Əgər insan övladı içdiyi suyun qabını zibil qabına atmağa ərinəməyib onu sahilə atmasaydı dənizlər, okeanlar çirklənməz, balinalar intihar etməzdi. Əgər insan nəfsinə hakim olub öz torpağı ilə kifayətlənə bilsəydi müharibələr olmaz, günahsız yerə minlərlə insan həlak olmazdı. Əgər insan övladı çörəyi israf edib küçələrə atmasaydı onda taxıl qıtlığı yaranmazdı. Əgər insan övladı çirkabı təmiz suya axıtmasaydı onda təmiz su qıtlığı olmazdı.

Və əgər insan övladının pula, var dövlətə hərisliyi bu həddə çatmasaydı bəlkə infilyasya da olmazdı. 

Bu gün insanlar var gücləriylə inkişafa doğru can atır və inkişaf edir, fəqət maddi inkişafa. Lakin buna baxmayaraq insan övladı yenə də xoşbəxt deyil və yenə də fəlakətlər, narahatlıqlar, maddi və ən çox da mənəvi, ruhu problemlərlə üz-üzədir.

İnsanlar əsl inkişafın mənəvi inkişaf olduğunu bilsə və özünü bu sahədə inkişaf etdirsə onda hər şeyin çox gözəl olduğunu görərdi.

Və mənəvi inkişafa aparan yol da məhz elə mədəniyyət, incəsənət və maarifdən keçir. Çünki incəsənət, mədəniyyət və maarif insanı maddiyyatdan alıb mənəviyyat ümmanına qərq edir.

 

Leyla Səfərova:

Yaşadığımız dünyada hər şey qarşılıqlı, hər şey mübarizədədir. Ağ və qara, zirvə və yoxuş, həyat və ölüm. Ən böyük qarşılıq, ən böyük mübarizə isə işıq və qaranlıq arasındadır. Qaranlıq adlandırdığımız məfhuma bizi ağladan, düşündürən, incidən, qorxudan hər şeyi aid edə bilərik. Müharibələr, xəstəliklər, fəlakətlər və s... Və təəssüflər olsun ki, qaranlıq hər zaman daha yaddaqalıcıdır. Tarixə baxdıqda müharibələr sevgilərdən, acımasız şahlar mərhəmətlilərdən daha çox yadda qalmışdır. Buna görə də bəşəriyyətin belə bir vəziyyətə gəlib çıxması, bu fəlakətlərlə üzləşməsi xoş bir vəziyyət olmasa da mədəniyyət üçün böyük inkişaf mənbəyidir. Və mədəniyyət bəşəriyyəti o qaranlıqdan çıxarıb "Cırtdanın" nağılındakı işıqlı, amma divin evinə aparan yola yox, həqiqətən yolu aydınladan biliyə, savada çatdıra biləcək tək vasitədir. Ədəbiyyatımızın ən güclü dövrlərindən sayılan maarifçilik dövrü. Xalqın savadsızlığının, avamlığının açıq dillə tənqidi, yeni yaradıcılıq nümunələri. Bunlar hamısı sadəcə və sadəcə qaranlıq meşədən işıqlı küçəyə keçməyə yardımçı çıraqlardır. 

Əsrlər öncə insanlar ilk olaraq ünsiyyət qurmaq dərdinə düşüblər. Zaman keçdikcə səsini duyurmaq istəyi artıb. Bu istək sadəcə aclığını qonşularına duyurmaqla qalmayıb əsrlər boyu inkişaf edərək dünyaya duyurmağa qədər gəlib çatıb. Musiqilərlə sevgiyə səsləyib nifrətdən, kindən uzaqlaşdıran bəstəkarlar, şeirlər və romanlarla ədalətə çağıran şair və yazıçılar, müxtəlif rəsm əsərləri ilə gözəlliyə, rifaha çağıran rəssamlar... Fəlakətə gedən xalqın tək çıxış yolu o vətənin torpaqlarında yetişən savadlı mədəniyyət ustalarındadır.

 

Habil Yaşar:

Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya -  bütün bunlar böyük bir bəladır. Bəşəriyyət tarix boyu o qədər müsibətlərlə üzləşmişdir ki... Amma hər nə olur-olsun insanlıq bütün bu fəlakətləri dəf edə bilmiş, öz mədəniyyətlərini qoruyub saxlaya bilmişlər. Dahilərin yaratdığı bütün əsərləri bir kənara qoysaq sadə bir gözəl rahibə xanım (Enil) tərəfindən 2300-2500 il öncə bir krala mixi yazı ilə yazılmış dünyanın ilk sevgi məktubunu xatırlamaq yerinə düşər:

-

Bəy, ürəyimin əzizi,  sənin gözəlliyin misilsizdir, 

bal kimi şirindir  sən məni ovsunladın,  

Qoy qarşında titrəyim,  Bəy, qoy səni oxşayım, 

qiymətli nəvazişim baldan şirindir,  

nəvazişlərini bağışla, rəbbim əfəndim,  

Mən Enlilin ürəyini sevindirən Su-sinəm,  nəvazişlərini bağışla

-

Bu sadə şeirin belə zamanın bütün ən dəhşətli sınaqlarından keçərək özünü qoruyub saxlaması mədəniyyətin zəfərinin təcüssümü deyilmi? 

Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, o bəlalar ki, insana insan olduğunu unutdurur, o bəlalar ki, ən dəhşətli hadisələrin səbəbkarıdır. Qısacası, nə qədər ki, içimizdə xeyrlə şər mübarizə aparacaq, o zamana kimi də ən böyük bəlaların səbəbkarı da şərin nökəri olan insan olacaqdır... Mən bundan böyük düşmən tanımıram... İçimizdəki düşməni məhv etməklə mədəniyyətimizi daha da yüksəldə bilərik...

 

Nigar Həsənzadə:

Zamanla oxuduğumuz əsərlərin içində bizə ən doğma gələnlər ən çətin anlarda yazılanlardandır. Pandemiya dövrünə aid əsərlər, müharibə dövrünə aid şeirlər... Əsasən də hal-hazırda İkinci Qarabağ müharibəsi dönəmində yazılan nəsr və nəzm tez sevilir, çünki insanlara mənəvi təsir edir. eləcə də Birinci Qarabağ müharibəsindən bəhs edən əsərlər günümüzdə də yazılır və onlara da olan sevgi göz önündədir. Ümumiyyətlə, mədəniyyət, şeir və söz dili də bir silahdır və bu silah vasitəsilə incəsənət nümayəndələri də arxa cəbhədə vuruşur. İkinci Qarabağ müharibə dövrlərində media işçilərinin, ədəbiyyat nümayəndələrinin böyük rolu var. Hətta müharibə gedə-gedə yeni mahnılar yazılırdı ki, bu da xalqa həm ümid verirdi, həm də acımızı bildirirdi və gəlin qəbul edək ki, vətənpərvər mahnılar, əsasən çətin zamanlarda yazılan bu musiqilər könülləri ələ almağı bacarırdı. 

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.