Bəşər tarixinin ən qanlı faciələrindən biri

Rate this item
(0 votes)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə kitabxananın kollektivi ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbələri, gənc oxucular da iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalının kitabxanadan aldığı məlimata görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımından 105 il ötdüyünü və bu günün tariximizin faciəli səhifələrindən biri olduğunu söyləyərək, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından danışıb. Mart soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1998-ci il martın 26-da Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayaraq, həmin gündən 31 mart tarixinin ölkəmizdə Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın haqq səsinin, ona qarşı əsrlərlə törədilən amansız, ağlasığmaz, bütün beynəlxalq hüquq və normalara zidd olan vandallıq aktlarının, soyqırımı və faciələrin dünya ictimaiyyətinə çatdırması istiqamətində aparılan tədbirlərdən danışaraq, bu uğurlu, müdrik siyasətin hazırda təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu bildirib.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Nigar Nəzərova mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu söyləyərək, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanların da soyqırımına məruz qaldığını, qətlə yetirildiyini, diri-diri yandırıldığını, Bakının böyük bir hissəsinin xüsusi amansızlıqla viran edildiyini bildirib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulduğunu söyləyib.

BDU-nun tələbələri Əliyev Kamil və Bətul Usublu çıxışlarında soyqırımının təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla icra olunduğu, minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edildiyi, milli memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscidlərin, tarixi abidələrin dağıdılması və bununla da həmin ərazilərə nə qədər böyük maddi və mənəvi zərbə vurulması haqqında danışıblar.

Kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana əməkdaşları tərəfindən 31 Mart Soyqırımına həsr edilmiş videomaterial, metodiki vəsait, biblioqrafik siyahı və ənənəvi sərgi haqqında məlumat verərək, bu materialların hər birində ağlasığmaz qəddarlığı ilə seçilən bu soyqırımı haqqında məlumatların, tarixi faktların, statistik rəqəmlərin, kitab və dövrü mətbuat nümunələrinin yer aldığını bildirib. 

Tədbirin sonunda 31 Mart Soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub, ənənəvi sərgiyə və kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitlərə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)