Məşhur Agent 007-nin filmlərini kim sevmir ki? Hətta onlardan birinin Bakıda çəkilməsi də nəzərə alınmalıdır. İlk filmin – “Doktor No” 1962-ci ilin 5 oktyabrında ekrana çıxması şərəfinə bu gün təqvimlərə salınıb qeyd edilir.
Ceyms Bond, həmçinin Agent 007 Jan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə ingilis casusu və qəhrəmanıdır. “Ədəbiyyat və incəsənət” məlum edir ki, Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına, əsasən, müəllifin ölümündən sonra,1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Carli Hiqson kimi yazarlar yazmışlar. Əvvəllər Ceyms Bonda personajı kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Filmlərin sayı isə tam 24-dür, ötən ayadək sonuncu film 2015-ci ildə şəkilmiş “Agent 007. Spektr” idi, sentyabrın 28-də Londonda, Albert-hollda bondiananın “Ölmək zamanı deyil” filminin ilk nümayişi oldu. Bu filmin Ceyms Bondu tanınmış aktyor Deniel Kreyq canlandırır. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Çon Konneri, Corc Leyzenbi, Rocer Mur, Timoti Dalton, Pir Brosnan və Deniel Kreyq.
Bəs real həyatda Ceyms Bond olubmu? Sən demə, o, əsla uydurma obraz deyil, real olaraq yaşamış tarixi şəxsiyyətdir. Amma xəfiyyə, casus olmayıb, adi alim olub. Onun sadəcə adından istifadə edilib. Necə? Deyək, bilin. Əsil Ceyms Bond 1900-cü il yanvarın 4-də Filadelfiyada anadan olub. Həmin şəhərin akademiyasında təbiət elmləri üzrə işləyib. Bond quşların karib növləri üzrə ekspert - ornitoloq idi. Onun 1936-cı ildə “Qərbi-Hindistan quşları” ( Birds of the West Indies) adlı kitabı nəşr olunub. 1998-ci ildə Ceyms Bondun “Qərbi-Hindistan quşlarının bələdçisi” ( A Guide to the Birds of the West Indies) kitabı nəşr olunana qədər bu kitab karib quşlarının faunası təsvir olunan yeganə kitab idi.
Bond 1952-ci ildə Yamayka institutu tərəfindən “Musgrave”, 1954-cü ildə Amerika Ornitoloqçular İttifaqı tərəfindən “Brewster” və Təbiət Elmləri Akademiyası tərəfindən 1975-ci ildə “Leidy” medalı ilə təltif olunub. Ceyms 89 yaşında Filadelfiyanın “Çestnat Hil” xəstəxanasında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Bəs necə olub ki, Ceyms Bondun adı ədəbi qəhrəmana verilib? Bunun çox sadə tarixşəsi var. Quşları seyr etməyi sevən, onlarla maraqlanan yazıçı-jurnalist Yan Flemminq Yamaykada yaşayanda Ceyms Bondun quşlar haqqında yazdığı kitab ilə tanış olub və Ceyms Bondun adını “Kazino Royal” əsərinin baş qəhrəmanına verib. Flemminq Bondun xanımına bu mətndə məktub yazıb: “Ərinizin qısa, romantik olmayan, anqlosakson adı məni cəlb etdi. Mənə elə bu cür ad lazım idi və beləliklə əsil Ceyms Bonddan savayı ikinci Ceyms Bond da yarandı”. Gizli agent Ceyms Bond ornitoloq olaraq filmin 20-ci bölümündə (Die Another Way) Kubaya yollanır və beləliklə o, gerçək Ceyms Bondu filmdə ifa etmiş olur.
Yan Flemminqə Ceyms Bondla şəxsən 1964-cü ilin 5 fevralında tanışlıq qismət olub. Flemminq görüşdə Ceyms Bonda yeni romanını (You only live twice) avtoqrafla hədiyyə edib, kitabın tituluna isə “Həqiqi Ceyms Bonda onun şəxsiyyətinin oğrusundan” imzasını qoyub. 2008-ci ilin dekabrında bu imzalı kitab hərracda 84000 dollara satılıb.
Bax belə bir maraqlı əhvalat!
O ki qaldı Ceyms Bondun Bakı sərgüzəştlərinə, yəqin xatırlayarsınız, prezident İlham Əliyev Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edərkən bir çıxış etmişdi, o, şəhərciyin yerləşdiyi ərazi ilə bağlı danışarkən, məşhur obraz Ceyms Bondun filmlərindən birinin burada çəkildiyini vurğulamışdı. Dövlət başçısının bəhs etdiyi film “Agent 007”nin 19-cu seriyası olan “Bütün dünya belə yetərli deyil (The world is not enough) filmi idi.
Film 1999-cu ildə çəkilib. Kinonun bir hissəsində britaniyalı kəşfiyyatçı Azərbaycana, Bakıya gəlir. Görüntülər neft daşlarında, Yanar dağda və bir sıra yerlərdə lentə alınıb.