2020-ci ilin oktyabrınadək təqvimimizdə rayonlarımızın işğal tarixi deyilən qara günlər mövcud idi, nə xoş bizə ki, indi rayonların işğaldan azadedilmə tarixlərini qeyd edirik. 44 günlük müharibə dövründə ilk azad edilən rayonumuz Cəbrayıl oldu. 8 avqust 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə isə yenidən yaradılmışdı. Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının çox qədim olmasından xəbər verir. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının sahilində yerləşən Cəbrayıl ərazisində sıx Tuqay meşələri olub. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonunun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24300 nəfər olmuşdur. Cəbrayıl rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir.
Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunarkən işğal nəticəsində rayona 13.928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məskunlaşıblar. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid verib. 1994-cü il Horadiz əməliyyatı Cəbrayılın Cocuq Mərcanlı kəndi azad olundu. 2 aprel 2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 2020-ci il oktyabr ayının 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı, oktyabrın 5-də Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad etdi. Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Yaşasın Azərbaycan Ordusu!